Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə baxılıb.

Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.

Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa 100 min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və V.Nəbiyev məhkəmə zalında həbs edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona şərti cəza verilib və V.Nəbiyev məhkəmə zalından azadlığa buraxılıb.

V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, ona və bələdiyyənin keçmiş üzvü Nazim Pənahova daha bir cinayət işi başlanılıb. V.Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul alıb. Bundan sonra V.Nəbiyev vədinə əməl etməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.