"Azərişıq ASC yarandığı gündən ölkənin bütün regionlarında istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə Mərkəzi Aran regionunda da geniş miqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.

Unikal.org bildirir ki, Mingəçevir və Naftalan şəhərləri,Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu "Azərişıq ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.
Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda əsaslı təmir işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 3 ədəd 110/35/10 kV-luq və 7 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilib və istismara verilib.Hal hazırda "Azərişıq ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.
Mərkəzi Aran rayonlarında 756 ədəd yüksək gərginlikli, 65.000 ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 162 km yüksək gərginlikli, 10-0,4 kV-luq 670 km hava xətləri tikilmiş, həmçinin 2900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilmişdir.
Mingəçevir şəhərində, Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları inşa edilib, elektrik şəbəkələrinin tamamilə yenidən qurulması və avtomat idarəedilməsi üçün bütün şərait yaradılıb, işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet də var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.