Gövhər Baxşəliyeva: "İslamlaşma indiki sürətlə gedərsə..."
Gövhər Baxşəliyeva: "İslamlaşma indiki sürətlə gedərsə..."

"Radikal islam onun üçün ayrılmış seyrçi rolu ilə qənaətlənmir"

"Əgər əhali arasında islamlaşma indiki sürətlə gedərsə, 10-15 ildən sonra Azərbaycan dünyaya başqa nəzərlərlə baxa bilər".

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva söyləyib. Gövhər Baxşəliyeva deyib ki, ölkədə eyni, bəlkə də daha artıq sürətlə qərbləşmə prosesi gedir və bu iki proses bir-birinin ifratçılığını nisbətən neytrallaşdıra bilər: "Lakin bu mərhələ bəzi müsəlman ölkələrində artıq keçilmiş mərhələdir. Bu isə ona dəlalət edir ki, bizdə də ixtilaf və münaqişələr üçün imkanın mövcudluğu istisna edilməməlidir. Hər iki prosesin iştirakçıları özgə düşərgəsinə müdaxilə etməyə cəhd göstərəcək. Qərbləşmənin zəif yerləri çoxdur, amma dünyəvi dövlətdə onun mövqeləri həmişə dəstək tapmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti dünyəvi olduğu üçün burada dinlə bağlı siyasətdə islama yalnız mənəvi dəyərlərin təbliğçisi rolu ayrılır. Belə bir şəraitdə əgər ənənəvi islam ən mühüm vəzifələrindən birini dövlətçiliyə xidmətdə görürsə, cəmiyyətin həm dini, həm də dünyəvi həyatının ən dərin qatlarına nüfuz etməyə çalışan radikal islam onun üçün ayrılmış seyrçi rolu ilə qənaətlənmir, öz sözünü demək, öz mövqeyini bildirmək üçün təşkilatlanmağa can atır. Digər tərəfdən, əgər islam dünyası səviyyəsində ənənəvi islam tərəfdarları arasında əlaqələr rəsmi protokol səviyyəsindən kənara çıxmırsa, yalnız elmi konfransların, birgə toplantıların keçirilməsi ilə məhdudlaşırsa, qeyri-ənənəvi islam tərəfdarları öz həmməzhəbləri tərəfindən geniş maddi və mənəvi dəstək tapır, məqsədyönlü şəkildə dəstəklənirlər".
Gövhər Baxşəliyevanın fikrincə, artıq heç kimə də sirr deyil ki, İslam dinindən Azərbaycanda öz siyasi, iqtisadi mövqelərini möhkəmləndirmək məqsədi ilə istifadə etməyə çalışan xarici qüvvələr daim axtarışda və fəaliyyətdədir. Onun sözlərinə görə, bu yöndə deyilənlər əslində ilk növbədə, ərəb ölkələrinin islam təşkilatlarına aiddir. Onların fəaliyyətinin bu gün geniş miqyas almaması Azərbaycan iqtidarının və aidiyyəti orqanlarının sayıqlığı, əhalimizin dini strukturu və ilk növbədə, azlıq təşkil edən sünni məzhəblərə istinad etmələri ilə bağlıdır: "Bu baxımdan İranın Azərbaycanda təsir göstərmək imkanı daha genişdir, çünki bir tərəfdən əksəriyyət təşkil edən həmməzhəblərə arxalanır, digər tərəfdən İran dövləti və rəsmi siyasətlə gücləndirilir. Düşünürəm ki, ölkəmizdə din sahəsində sabitliyi qorumaq, dövlət-din münasibətlərini bundan sonra da yüksək səviyyədə tənzimləmək üçün, əhali arasında geniş maarifləndirmə tədbirləri keçirilməli, bu işə ziyalılarımız cəlb olunmalıdır. Ölkə KİV-də Azərbaycandakı ənənəvi islam haqqında məhz dünyəvi təhsil almış islamşünas alimlər tərəfindən verilişlər aparılmalı, islamın əsl mahiyyəti əhaliyə izah olunmalıdır. "Şərq kitabı" evləri açılmalı, əhali Şərq ölkələrində geniş yayılmış mütərəqqi dünyəvi ədəbiyyatla, bu ölkələrdə cərəyan edən ictimai-siyasi proseslərlə, islahatçılarla mühafizəkarların mübarizəsi ilə dinin müxtəlif formalarının cəmiyyətlərin həyatında oynadığı mənfi rolu haqqında məlumatlarla tanış olmaq imkanı əldə etməlidir. İslamı dünyəvi bir elm kimi tədqiq və təbliğ etməyi bacaran yeni nəsil islamşünas alimlər yetişdirilməlidir".