Azərbaycan prezidenti: “Fransanın səyinə ümid bəsləyirik”
Azərbaycan prezidenti: “Fransanın səyinə ümid bəsləyirik”
Prezident İlham Əliyev fransalı həmkarını təbrik edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Fransanın dövlət başçısı Fransua Ollanda Fransa Respublikasının milli bayramı – Bastiliyanın alınması günü münasibətilə təbrik məktubu göndərib.
Ölkə başçısı təbrik məktubunda fransalı həmkarına və bütün Fransa xalqına ən səmimi təbriklərini çatdırıb: “Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin daim genişlənməsi zəminində əməkdaşlığımızın bir sıra sahələrdə dərinləşməsi tərəfdaşlığımızı səciyyələndirən amillərdəndir. Biz Fransanın regionumuzda sülhün və sabitliyin bərqərar olması işinə maraq və dəstəyindən məmnunluq duyuruq. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən sizin, səyləriniz sayəsində xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə və ədalətli həlli işində tezliklə real nəticələr əldə olunacağına ümidlər bəsləyirik”.