Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Taxıl Terminalı MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinə 20 il həbs cəzası verilməsini istəyib.

Müdafiə tərəfinin çıxışından sonra məhkəmədə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər birinə 20 illik həbs cəzası təyin olunub.

Qeyd edək ki, bu il yanvarın 8-də "Bakı Taxıl Terminalı MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bağlar yaşayış massivindəki evində aşkar olunub.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutublar.

Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belorus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.