15 Sentyabr 2019
14 Sentyabr 2019
Xarici mətbuat Azərbaycandan nə istəyir?
Xarici mətbuat Azərbaycandan nə istəyir? İQTİSADİYYAT 12:51 2012-05-26

Xarici mətbuat Azərbaycandan nə istəyir?
Xarici mətbuat Azərbaycandan nə istəyir?


Qərb qəzetlərində hakimiyyət haqqında qarayaxmaları erməni lobbisi yazdırır

Son dövrlər Azərbaycan və dövlətin idarəçiliyini həyata keçirən hakimiyyət haqqında Qərb mətbuatı sərt məqalələrlə çıxış edir. Bu prosesdə xüsusi fəallıq nümayiş etdirən dövlət isə Almaniyadır. Hələ bir müddət əvvəldən bu ölkənin siyasi dairələrinin dəstəklədiyi mətbuat orqanlarında kəskin və böhtan dolu yazılar yer almağa başlamışdı. Rəsmi Bakı məsələyə aydınlıq gətirmək üçün həmin ölkənin Azərbaycandakı səfirindən izahat istəmişdi. Lakin alman səfir iddia etmişdi ki, yerli qəzetlərin yazdıqları onun ölkəsinin siyasətini əks etdirmir.

İndi isə prosesə digər dövlətlərin mətbuat orqanları qoşulmağa başlayıb. Almaniya ilə yanaşı, fəallaşan Fransa qəzetləri az qala bütün səhifələrində Azərbaycan haqqında sərt fikirlər yazmaqdadırlar. "Le Monde"nin son sayında isə 5 məqalə ölkəmizə və onun başçısı möhtərəm İlham Əliyevə həsr olunub. Nə baş verir? Qərb mətbuatı niyə bu qədər hərəkətlənib?
Məsələnin mahiyyəti əslində aydındır. Səbəb budur ki, son dövrlər Azərbaycan dövləti xeyli güclənib və dünyanın siyasi arenasında mövqeyini gücləndirib. İri layihələr, Avropanı əhatə edən enerji projeləri və digər bu kimi nəhəng işlər bəzi düşmən dairələri ciddi şəkildə narahat edir. Ələlxüsus da, "Eurovizion"da qalib gələrək, bu mötəbər yarışı Bakıda keçirməyimiz çoxlarının kürkünə birə salıb.
Güclənən və qüdrətlənən Azərbaycanın varlığını istəməyən əsas qüvvələr isə erməni lobbisidir. Müstəqillik əldə etdikdən sonra Amerikadan tutmuş, Livana qədər bütün ölkələrdə fəaliyyətlərini gücləndirən erməni diasporu Azərbaycan əleyhinə kampaniyalar təşkil etməkdə məşhurdurlar. Qarabağda törətdikləri cinayətləri ört-basdır etmək, bölgədə Azərbaycanın müstəqil dövlət kimi var olması və güclənməsi həmişə onları narahat edib. İndiki məqamda isə həmin müstəqilliyi gücləndirən və əbədi edən işlərin həyata keçməsi erməniləri ciddi şəkildə qorxuya salıb.
Eyni zamanda, Azərbaycanın artıq beynəlxalq təşkilatlara rəhbərlik etməsi də davamlı şəkil alıb. Bir müddət əvvəl BMT-nin Təhlükəsizlik Şurasına sədirlik, ardından Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rəhbərliyinin Azərbaycana keçməsi şübhəsiz ermənilər üçün ciddi problemlər yaradır. Artıq iş o yerə çatıb ki, deputatlarımız və rəsmilərimiz çəkinmədən İrəvanın düz mərkəzində ermənilərin üzünə "Siz işğalçısız" deməyə başlayıblar. Erməni lobbisi yaxşı bilir ki, güclənən Azərbaycan yaxın gələcəkdə onların bütün planlarını sıradan çıxaracaq. Qarabağ məsələsi, qondarma "erməni soyqırımı" kimi yalanların alt-üst edilməsi nəticəsində Ermənistana böyük zərərlər dəyəcək. Həm də Ermənistanı bu gün iqtisadi blokadada saxlayan Azərbaycan ciddi söz sahibinə çevrilir.
Bütün bu sistemli addımların banisi təbii ki, ümummilli lider Heydər Əliyev olub. Lakin bu gün həmin planları həyata keçirən şəxsiyyət isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Belə olan təqdirdə, Prezident İlham Əliyevin haqqında qarayaxma kampaniyasını təşkil etmək zərurəti ortaya çıxıb. Bunun üçün əllərindəki imkanları işə salan erməni diasporu Qərb mətbuatının yardımlarından yararlanır.
Demək olar ki, əksər Qərb mətbuatında bu gün Azərbaycan və onun hakimiyyəti haqqında heç bir həqiqəti əks etdirməyən məlumatlar yayılır. Böhtan dolu və qısqanclıq zəminində yazılmış bu məlumatların hədəfi də bəllidir. Ermənilər bununla həm Azərbaycanı, həm də onun başçısı cənab İlham Əliyevi nüfuzdan salmağa çalışırlar.
Diqqət yetirsək görərik ki, bu gün Azərbaycana qarşı kampaniya aparan qəzetlərin əksəriyyəti erməni lobbisinin güclü olduğu ölkələrə məxsusdur. Almaniyada ermənilər heç də az deyillər və siyasi dairələrə təsir etmək gücündədirlər. Hollandiyada isə vəziyyətin nə yerdə olduğunu deməyə gərək yoxdur. Bu ölkə Azərbaycanı parçalamaq istəyən Əlikram Hümbətova belə siyasi sığınacaq verib. Fransada erməni lobbisinin nə qədər güclü olduğunu isə bilməyən yoxdur. Bu yaxınlarda Fransa senatında qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin qəbulu böyük narazılığa səbəb olmuşdu. İsveç və İsveçrə isə öz parlamentlərində qondarma "soyqırımı" qəbul etmiş dövlətlərdir.
Bütün bunları dərindən təhlil etdikdə belə başa düşülür ki, erməni lobbisi geniş miqyasda hücumlar təşkil etməyə cəhd göstərirlər. Vaxtaşırı ürəkbulandıran yalanlarla Azərbaycana qarşı kampaniya aparmaqla istəklərinə nail olacaqlarını düşünürlər. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, ermənilərin bu hərəkətlərinə bəzən Azərbaycan müxalifəti də dəstək olur. Onlar da Qərb mətbuatına çıxaraq, orada həqiqəti əks etdirməyən məlumatlar yayırlar. Hər halda müxalif siyasi düşərgənin nümayəndələri bilməlidirlər ki, bu gün güclənən Azərbaycanın tənqid edilməsi və qaralanması ermənilərin işidir və onlar bu hərəkətləri ilə düşmənə lobbiyə yardımçı olurlar.
Amma aparılan bütün bu təbliğatlara baxmayaraq, Azərbaycanın dünyadakı imici göz qabağındadır. Bu gün əksər siyasi liderlər etiraf edirlər ki, Prezident İlham Əliyev kifayət qədər bacarıqlı, güclü və mükəmməl bir siyasətçidir. Eyni zamanda, onun yürütdüyü siyasətin də Azərbaycan üçün böyük gələcəklər vəd etdiyini bəyan edirlər. Ağıllı, savadlı və samballı dövlət başçısı İlham Əliyevin isə hədəfi güclü və qüdrətli Azərbaycandır. Və cənab Prezidentin öz təbiri ilə desək: "Bizim müstəqilliyimiz əbədidir".
Aydın məsələdir ki, cənab Prezidentə qarşı aparılan təbliğatları düşmən siyasi dairələr həyata keçirir və onun nüfuzuna xələl gətirmək məqsədi ilə bunu edirlər. Erməni lobbisinin həyata keçirdiyi bu işlər isə heç bir zaman nəticə verməyəcək. Çünki haqq və ədalət Azərbaycanın tərəfindədir. Və belə mənasız işlərlə ölkəmizi müstəqillik yolundan, güc və qüdrətli olmaqdan döndərmək mümkün deyil. Ona görə ki, Azərbaycan adlı gəminin güclü və bacarıqlı kapitanı var.
İlkin Rzazadə