Dumanın komitə sədri ABŞ-ın Bakıdakı
səfirliyindən şübhələnir

Azərbaycan ABŞ-la münasibətlər naminə Rusiya ilə münasibətlərini qurban verməyəcək, ancaq Qərbin sərfəli iqtisadi layihələrində iştirak imkanlarını da əldən buraxmayacaq.
Bu barədə Kremlin "qırğılarından" biri, Dövlət Dumasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkov keçirdiyi mətbuat konfransında bildirib.
"Mən hesab etmirəm ki, Azərbaycan Rusiya ilə münasibətlərini ABŞ-la münasibətlərə qurban verəcək.Bizim ümumi sərhədlərimiz var, tarixi yaxınlığımız var, rus və Azərbaycan xalqları arasında lox yaxşı münasibətlər mövcuddur. Azərbaycan hökuməti bunu bilir və ondan çıxış edir ki, Rusiya onunla qonşu ölkələrdə stabillikdə və balanslaşdırılmış siyasi prosesdə maraqlıdır, başqaları kimi dövlət çevrilişləri həyata keçirmir"- Puşkov deyib.
Komitə sədri bildirib ki, Azərbaycanın qərbin hansısa sərfəli iqtisadi layihəsində iştirakının avtomatik olaraq Rusiyaya qarşı olduğunu düşünmür. Çünki Azərbaycanın özü üçün sərfəli olan hansısa imkanlarda istifadə etməməsi təəcüblü olardı. Puşkov Azərbaycanın Rusiya ilə münasibətlərinin dayanıqlı xarakterə malik olduğunu da əlavə edib.
"Biz çox stabilik. Mənə elə gəlir ki, Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti bir sıra suallar doğurur, o cümlədən onların fəaliyyətinin siyasi aspektləri. Axı Amerikanın xarici siyasətində "narıncı inqilab" tematikasını heç kim ləğv etməyib. Və mən hesab edirəm ki, ABŞ-ın bir sıra ölkələrdə "narıncı inqilabları" inadla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır. Yəni bir tərəfdən burada faydalı aspektlər ola bilər. Digər tərəfdən, ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar"- deyə Dövlət Dumasının komitə sədri bildirib.
Qeyd edək ki, Aleksey Puşkov Kremlin xarici siyasətinin, daha doğrusu, anti-Amerika ritorikasının aparıcı fiqurlarından biridir. Onun ABŞ-ın Bakıdakı səfirliyinin fəaliyyəti haqda dediklərinə səfirliyin rəsmi mövqeyini öyrənməyə çalışırıq.