Valideyn himayəsindən məhrum olunan uşaqların pozulan hüquqları
Valideyn himayəsindən məhrum olunan uşaqların pozulan hüquqları

Zülfiyyə Bayramova: "Qanunla onlar yaşayış yeri və işlə təmin olunmalıdırlar"

İnsan həyatının ən qayğısız anları uşaqlıq dövrüdür. Bəlkədə elə bu səbəbdən də, problemlərdən uzaq, saf, təmiz uşaqlıq illərini çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq.Lakin elə uşaqlar var ki, həyatlarının həmin dönəmi ömrü boyu onlara ağrı verir.Talelərinə internat evində böyümək yazılan bu məsum uşaqların yaşam tərzləri eyni olsa da, onları bu həyatı yaşamağa vadar edən səbəblər müxtəlifdir. Bu uşaqların arasında valideynləri sağ olanlar da, onları dünyaya gətirənlərin üzünü ömrü boyu görməyənlər də var.
Ailə qayğısından məhrum olan bu uşaqlar böyüdükcə problemləri də artır. Uşaqlığın əzablı anlarından qurtarmamış, mənzil, iş problemləri ilə üzləşirlər.Həyatın bu amansız imtahanına hələ yeniyetmə dövründə girən uşaqlar arasında üzüağ çıxanı da var, taleyin amansız sınağından keçə bilməyib məhbəsə, sosial problemlərin məngənəsinə düşəni də. Dünyanın əksər ölkələrində validyen himayəsindən məhrum olan bu uşaqların hüquqlarını müdafiə edən ayrıca qanun var. Azərbaycanda da "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi Haqqında" Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bəs görəsən bu qanun valideyn himayəsindən məhrum uşaqlara hansı imkanlar açır?
Hüquqşunas Zülfiyyə Bayramovanın "Unikal"a bildirdiyinə görə, bu qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Hüquqşunas deyir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar dedikdə, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edilən, ölmüş elan edilən,cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər: "Bu qanunun 3-cü maddəsində göstərilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Qanunla müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə aylıq müavinətlər verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, eləcə də onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. 5-ci maddədə qeyd edilir ki, bütün tipdən olan dövlət təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də, onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir. Ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr onların müalicəsinin təşkilinə kömək edirlər".
Zülfiyyə Bayramova "Unikal"a bildirib ki, qanunun 7-ci maddəsində bu uşaqlar üçün əmlak və yaşayış sahəsi üzrə təminatlar da mövcuddur: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar), qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri üzrə aparılır.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olan özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirilmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır. Valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrin rəhbərləri, qəyyumlar övladlığa götürən şəxslər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirməli və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamalıdırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda olan uşaqlar mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alarkən və ya dəyişdirilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin yaşayış sahəsi ilə təmin olunması üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına xüsusi mənzil fondları yaradıla bilər. Qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər onların valideynlərinin mülkiyyətində olmuş əmlakın, torpağın və dövlət əmlakının özəlləşdirilməsi zamanı aldıqları paylar üzərində ümumi qaydada vərəsəlik hüququna malikdirlər".
Amma əksər hallarda hüquqşunas qanunun bu tələbinə aidiyyatı strukturların əməl etmədiyini bu səbəbdən də, həmin uşaqların mənzil problemi ilə üzləşdiyini bildirir.
Vəkil deyir ki, əslində valideyn himayəsindən məhrum uşaqlar işsiz qalmamalıdır. Qanundakı 8-ci maddəyə görə, onların əmək hüququ üzrə təminatları nəzərdə tutulub: "Bu maddədə göstərilib ki, 15 yaşından 18 yaşınadək olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müraciət etdikdə müvafiq icra hakimiyyəti orqanı onlarla peşə yönümü barədə iş aparır və səhhəti nəzərə alınmaqla onların peşə yararlığının diaqnostikasını təmin edirlər.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün xüsusi iş yerləri yaratmış işəgötürənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərdən istifadə edirlər. Müvafiq icra hakimiyyəti orqanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, habelə onların arasından olan şəxslərin peşə hazırlığını və peşə fəaliyyətini təmin edir. Onlar üçün sosial xidmət müəssisələrində xüsusiləşdirilmiş iş yerləri yaradıla bilər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. İlk dəfə iş axtaran və müvafiq icra hakimiyyəti orqanında işsiz statusunda qeydə alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə mövcud qanunvericiliyə uyğun olaraq işsizliyə görə orta əmək haqqı miqdarında müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanı bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin peşə yönümünü, peşə hazırlığını və işə düzəldilməsini həyata keçirir. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan işəgötürənlər mövcud olan hər əlli iş yerindən birini valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün nəzərdə tutmalıdırlar. Buna əməl edilmədikdə, işəgötürən hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının üç misli məbləğində cərimə ödəyir".
Çox təəssüf ki, işəgötürənlər qanunun bu tələbinə də çox vaxt əməl etmədiyindən, həmin uşaqlar işsiz qalaraq müxtəlif cinayətkar qruplara qoşulur.