Milli azlıqların hüquqları necə qorunur?
Milli azlıqların hüquqları necə qorunur?

Bu gün dünyada qloballaşmanın getdiyi bir zamanda başqa maraqlı proses də baş verir. Hətta Avropa ölkələrində belə milli azlıqlara qarşı ən kəskin mövqe nümayiş etdirilir. Ekspertlərin fikrincə ümumilikdə dünyada radikalizmin, millətçiliyin inkişaf etmə prosesi baş verir və bu özlüyündə milli azlıqların hüquqlarının pozulması ilə sona çatır.
Bu sahədə daha çox irəli gedən isə Ermənistandır. Bəlkədə dünyada yeganə ölkədir ki, burada ermənilərdən başqa heç bir millət yaşamır və yaşayanları total şəkildə ölkədən qovdular. Maraqlıdır, bəs Azərbaycanda milli azlıqların hüquqları necə qorunurə Öncəliklə qeyd edək ki, Azərbaycan milli azlıqlarla zəngin dövlətlər sırasındadır və buna görə zaman-zaman müəyyən qüvvələr bundan istifadə etməyə cəhdlər ediblər. Bu baxımdan Talış Muğan Respublikasının yaradılmasına cəhd, "Sadval" təşkilatının fəaliyyəti unudulmamalıdır. Həmçinin Rusiyadakı müəyyən qüvvələr dəfələrlə bəyan ediblər ki, istənilən an Azərbaycana təzyiq etmək üçün milli azlıqlardan istifadə edə bilərlər. Amma Azərbaycanda milli azlıqlara həssas yanaşma, onların öz dilində oxumaları üçün yaradılan şərait, milli azlıqların dilində radio verlişlərin olması kənar qüvvələrin öz məqsədlərinə çatmasına əngəl törədir. Bunu isə milli azlıqların özləri də yüksək dəyərləndirir və dəfələrlə beynəlxalq təşkilatlarda da bunu etiraf ediblər.Növbəti belə xəbər isə ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədrinin məqaləsinin dərci ilə bağlıdır. ABŞ-ın böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan "Jewish Journal"ın 6 aprel, 2015-ci il tarixli sayında Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin geniş məqaləsi dərc olunub.Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, "Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən" başlıqlı məqalədə müəllif Azərbaycanda və Los Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açır. M.Yevdayev 2015-ci ilin fevral ayında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın (Sefer Torah) hədiyyə edilməsini tarixi hadisə hesab edərək, bu hadisə nəticəsində ABŞ ictimaiyyətinin Azərbaycanda dini etiqadlara göstərilən ehtiram barədə bir daha məlumatlandığını qeyd edir. O bildirir ki, dağ yəhudiləri 2000 ildən çoxdur, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən müəllif qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır. Eyni zamanda, M.Yevdayev bildirir ki, Azərbaycan tolerantlığı ilə bütün dünya üçün gözəl nümunədir. "Azərbaycan, öz müsbət nümunəsilə müsəlman, yəhudi və xristianların sülh, qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşamasının mümkünlüyünü sübut edir", - deyə müəllif qeyd edir. Ümumiyyətlə Azərbaycanda milli azlıqların hüquqlarının qorunması ilə bağlı görülən işlərlə bağlı "Unikal"a açıqlama verən yazar Elnur Eltürk hesab edir ki, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki,milli azlıqların hüquqlarının qorunması ilə bağlı önəmli addımlar atıb:" Bu Avropa Şurasının və bir sıra beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Bu gün onlara yaradılan imkan və şəraitlər bunu təsdiqləyir.
Xatırlayırsınızsa, 1992-ci ildə milli azlıqların hüquqlarının gücləndirilməsi ilə bağlı prezident fərman da imzalamışdı.Bu gün yenə də bu məsələdə önəmli addımlar atılır. Onlar öz dillərində danışırlar,qəzetlər çap edirlər. Tədbirlər keçirirlər. Onlara qarşı heç bir maneə və problemlər yaradılmır. Qarabağın azadlığı uğrunda Azərbaycan türkləri ilə yanaşı talış,kürd,avar,ləzgi,yəhudi və sair toplumun insanları savaşırdılar və qəhrəmancasına həlak oldular. Onlar indi Şəhidlər Xiyabanında uyuyurlar.
Azərbaycanı gücləndirən əsas amillərdən biri də odur ki,öz milli birliyini yaradıb və burada yaşayan azlıqlar yüz illərdir ki, özlərini yad kimi hesab etmirlər. Azərbaycanı öz doğma vətənləri kimi görürlər. Çünki,Azərbaycan hamımızın vətənidir.
Yox,kimsə separatçılıq və sair işlərlə məşğul olacaqsa, dövlət onların qanun və hüquq çərçivəsində qarşısını almalıdır.Yüz illərdir ki, bizimlə bir yerdə yaşayan azlıqlar qaynayıb qarışıblar və heç bir ayrı seçkiliyə məruz qalmadan bu gün də fəaliyyətlərini davam etdirirlər". "Unikal"a açıqlamasında ekspert Pərvanə Quliyeva da maraqlı fikirlər bildirib:"Bu sahədə hər şey gözəldir. Qanun qarşısında hamı eynidir. Heç kimə ayrı-seçkilik qoyulmur. Azərbaycan cəmiyyəti də kifayət qədər tolerantdır. Ən əsası odur ki, dövlət milli azlıqlara hər zaman diqqət və qayğı göstərir. Onların hüquqularının qorunması üçün lazım olan bütün addımlar atılır. Qanunvericilikdə də milli azlıqların hüquqları təsbit olunub və Azərbaycan vətəndaşları kimi bütün hüquq və azadlıqlara sahibdirlər. Bununla yanaşı qeyd edim ki, milli azlıqların hüquqlarının qorunması üçün kifayət qədər ciddi qanunvericilik bazası var. Yəni Azərbaycan konstitusiyasında vətəndaşlar üçün nəzərdə tutulan hüquqlarla yanaşı, müvafiq qanunlarda milli azlıqların hüquqları tanınır və onların öz dillərində danışmaq, yazmaq imkanları tanınır.Bütün bunlara baxmayaraq bəzi qüvvələr o cümlədən Ermənistan milli azlıqlar arasında konfliktlər yaratmağa çalışırlar və bir müddət öncə belə bir hadisənin şahidi olduq. Belə ki, talış separatçısı Əlikram Hümbətov Yerevana getdi və Dağlıq Qarabağda talış redaksiyası yaradıldı.Çox qəribədir ki, nə Ermənistanda, nə də Dağlıq Qarabağda bir nəfərdə olsa talış yaşamır.Deməli Ermənistan bu addımı sadəcə olaraq təxribat törətmək üçün etdi.Amma talış xalqı Ermənistanın bu təxribatına uymadı və hamı Əlikram Hümbətovu lənətlədi.Çünki artıq Azərbaycan xalqı bütövləşib və ümumilli lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası hamını qane edir ". "Unikal"a açıqlama verən hüquqşünas Mehman Muradlı isə məsələnin hüquqi tərəfinə diqqət ayırıb:"Hesab edirəm ki, milli azlıqlara görə ayrıca qanunvericilik aktına ehtiyac yoxdu.Hakimiyyət hər bir vətəndaşına dövlətdə rahat yaşamaq üçün şərait yaradıb.İstənilən etnik qrupun öz dillərində danışmağa, adət ənənələrinin təbliğinə heç bir maneçilik törətmir, əksinə bunun təbliğ olunmasına geniş şərait yaradır. Dövlət quruluşumuz unitardı. Federativ quruluş olsaydı müxtariyyat verilə bilərdi.Azərbaycanda ən böyük etnik toplumun uzaq başı 30 min nümayəndəsi var. Bu halda onlara ayrıca muxtariyyat verilməsi məntiqsiz olardı.Yenə vurğulayıram, mədəni muxtariyyatlar var, öz dillərində danışırlar, adət ənənələrini yaşadırlar, adamdan soruşan yoxdur ki, sən niyə bu etnik qrupun nümayəndəsisən. Bundan artığı ola da bilməz. Azərbaycanda elə bir kənd yoxdur ki, oranın əhalisi 100% hansısa etnik qrupun nümayəndəsi yaşasın".Bunu da əlavə edək ki, bir çox ölkələrdə artıq Azərbaycanda milli azlıqların hüquqlarının qorunması ilə bağlı tətbiq olunan metod öyrənilir və bir nümunə kimi qəbul edilir. Ekspertlər hesab edir ki, inteqrasiyanın getdiyi bir zamanda Azərbaycanda milli azlıqların mədəniyyətinin qorunması da xüsusi olaraq diqqəti cəlb edir.Yəni düşünülmüş siyasət nəticəsində milli azlıqların mədəni irsinin sıradan çıxmasının qarşısı alınır və bununla bağlı tez-tez televiziyalarda xüsusi verlişlər də hazırlanır.