"Azərsu" Almaniyada keçirilən beynəlxalq su sərgi və konfransında iştirak edib

Martın 24-27-də Almaniyanın paytaxtı Berlin şəhərində "Wasser Berlin International-2015" beynəlxalq su sərgi və konfransı keçirilib. Nüfuzlu "Wasser Berlin International 2015" sərgisində "Azərsu" ASC ilk dəfə olaraq xüsusi stendlə təmsil olunub, Səhmdar Cəmiyyətin nümayəndə heyəti konfransda iştirak edib.
"Azərsu"dan verilən məlumata görə, "Berlin EXPO Center"də təşkil olunmuş sərgidə "Azərsu"yun xüsusi dizaynla stendi quraşdırılıb. Stenddə Səhmdar Cəmiyyətin tarixi və fəaliyyəti ilə bağlı xüsusi bannerlər yerləşdirilib. Stendin materialları dünyanın müxtəlif ölkələrində su təchizatı və kanalizasiya sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin diqqətini cəlb edib.
Nümayəndə heyətinin üzvləri tərəfindən ziyarətçilərə içməli su təchizatı və kanalizasiya sahəsində son illər həyata keçirilən layihələr, yeni texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib. Bildirilib ki, prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə respublikanın 40 şəhər və rayon mərkəzində yeni layihələr həyata keçirilir. 23 şəhərdə həyata keçirilən layihələr beynəlxalq maliyyə qurumları ilə birgə icra olunur. Bu layihələr çərçivəsində sugötürücü qovşaqlar və sutəmizləyici qurğular, su anbarları, çirkab sutəmizləyici qurğular tikilir, içməli su və kanalizasiya xətləri çəkilir, tunel tipli kanalizasiya kollektorları inşa edilir. Yeni layihələrin icrasında beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir idarəetmə sistemləri, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir.
Maraqlanan ziyarətçilərin və şirkət nümayəndələrinin diqqətinə çatdırılıb ki, Bakı şəhəri və Abşeron yarımadasında içməli su və kanalizasiya infrastrukturunun yaxşılaşdırılıması məqsədi ilə "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan"a uyğun olaraq layihələrin icrası davam etdirilir. Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılıb. Master Plana əsasən, Bakı şəhəri və Abşeron yarımadasında 550 kilometr magistral, 8100 kilometr paylayıcı su xətləri, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı tikiləcək. Eyni zamanda kanalizasiya sistemi üzrə ümumi məhsuldarlığı sutkada 1 mln. 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr tunel, 680 kilometr kollektor, 6400 kilometr kanalizasiya şəbəkəsi yaradılacaq.
Sərgi və konfrans çərçivəsində "Azərsu"yun nümayəndə heyəti bir sıra beynəlxalq qurumların və şirkətlərin nümayəndələri ilə görüşlər keçiriblər. "Messe Berlin" şirkətinin layihə direktoru Korneliya Vulf vam der Sahl "Azərsu" ASC-nin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyəti içməli su və tullantı suların təmizlənməsi üzrə Almaniyanın "Blucher" və "Lim", bioreaktorlar üçün modullar istehsal edən "Martin Membrane Systems", dozator nasosların istehsalı üzrə İtaliyanın "Etatron D.S, çirkləndiriciləriin tərkibini təyin edən online cihazların istehsalı üzrə Almaniyanın "Lar", sızmaları aşkarlayan avadanlıq və texnologiyalar üzrə Almaniyanın "Sewerin", modul tipli sutəmizləyici qurğular üzrə Ukraynanın "Wallace and Tiernam", innovativ titan tərkibli flokulxamların istehsalı üzrə Rusiyanın "Cittek", tullantı suların təmizlənməsi üzrə Qazaxıstanın "Antares", elektromaqnit su sayğacları üzrə Almaniyanın "Schor and Parfenon" şirkətinin nümayəndələri ilə işgüzar görüşlər keçirilib. Görüşlərdə "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilmiş və Azərbaycana səfər etmək və öz proqramlarını təqdim etmək məqsədilə 9 şirkətlə əlaqələr yaradılıb.
4 gün davam etmiş sərgidə dünyanın 26 ölkəsindən su təchizatı və kanalizasiya sistemləri sahəsində peşəkar xidmətlər göstərən və bu sahədə yeni texnologiya və avadanlıq istehsal edən 557 şirkət təmsil olunub, 104 ölkədən 23 minədək peşəkar mütəxəssis ziyarətçi kimi iştirak edib. Əvvəlki sərgi ilə müqayisədə xarici iştirakçıların xüsusi çəkisi artaraq 27%-ə çatıb. Sərgi müddətində iştirakçı şirkətlərin 75%-i yeni əlaqələr qurmağa, 10%-i isə işgüzar müqavilələr bağlamağa müvəffəq olublar.
Növbəti "Wasser Berlin International 2017" sərgisinin 28-31 mart 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.