Qlobal siyasət və insan hüquqları
Qlobal siyasət və insan hüquqları

Bu gün insan hüquqlarının qorunması istiqamətində aparılan işlərə diqqət yetirdikdə maraqlı bir nüans ortaya çıxır. Söhbət insan hüquqlarının qorunması ilə yanaşı, hüquqları pozulan insanlara ətrafın yanaşmasıdır. Belə olan halda aydın olur ki, əslində dünya güclərinin hadisələrə yanaşaması insan hüquqları ilə bağlı bir normanın olmadığını ortaya çıxarır. Gəlin buna elə Azərbaycan timsalında baxaq.
Məsələn, Azərbaycanın 20 faiz torpaqları işğal edilib və deməli bu ərazilərdə yaşayan azərbaycanlıların hüquqları pozulub. Buna görə Azərbaycan hakimiyyəti öz vətəndaşlarının hüquqlarını qorumaq üçün əlindən gələni edir və buna cavab olaraq beynəlxalq güclər ən yaxşı halda sadəcə susmağa üstünlük verirlər. Nədən belə addım atılır?Güman etmək olar ki, yüz minlərlə hüququ pozulmuş azərbaycanlının hüquqlarını qorumaq üçün Azərbaycan hakimiyyətinin atdığı addımlar bu gücləri qane etmir və buna görə onlar hadisələrə başqa konteksdən yanaşır, bəzi hallarda isə elə Azərbaycanın özünü demokratiyanı bəhanə edərək təzyiqlərlə üz-üzə qoyurlar. Amma elementar bir məsələ var ki, tutalım iki jurnalistin pozulan hüququ cəmiyyət üçün daha təhlükəlidir, ya yüz minlərlə insanın hüququnun pozulması? Sözsüz ki, yüzminlərlə insanın hüququnun pozulması. Çox maraqlıdır ki, son zamanlar Azərbaycan hakimiyyətinin Ermənistana qarşı bəyanatlarının sərtləşməsi ilə paralel olaraq bəzi beynəlxalq güclər Azərbaycana təzyiqləri artırmağa çalışırlar. Bakıda keçiriləcək Birinci Avropa Oyunları yaxınlaşdıqca daxili və xarici düşmənlər baş qaldırmağa cəhd edir. Azərbaycana qarşı bu qarayaxma kampaniyasında erməni lobbisinə dəstək verən bəzi xarici dairələr də yaxından iştirak edir. Bunu açıqlamasında millət vəkili Fuad Muradov bildirib.Parlament üzvü qeyd edib ki, əsası olmayan, yersiz ittihamlar bir sıra siyasi dairələrin Azərbaycana qarşı təzyiq vasitəsidir:
"Lakin görünən odur ki, bu cür mənasız ittihamlar yerindəcə iflasa uğrayır. Amma qəribə bir tendensiya yaranıb.İstər daxildən, istərsə də xaricdən Azərbaycanı ləkəmək üçün sanki yarış keçirilir.Hətta bütün dünyada neftin qiymətinin azalması, dolların kursunun qalxması kimi hadisələri də Avropa Oyunları ilə əlaqələndirirlər.Yaxud qəfildən avropalılar üçün həssas olan mövzularla "heyvansevərlərin", "əlillərə qayğı göstərənlərin" ortaya çıxması və qısa zaman kəsiyində bu cür cılız "qara piar"ın əsl mahiyyətinin aydın olması sübut edir ki, bu prosesdə konkret qüvvələrin, o cümlədən erməni lobbisinə dəstək verən müəyyən xarici dairələrin də yaxından iştirakı var".
Azərbaycanın müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran millət vəkili qeyd edib ki, müxtəlif beynəlxalq konvensiyalara qoşulmaq o demək deyil ki, hansısa "təşkilatlar" Azərbaycanın daxili işinə qarışa bilər: "Bir sıra təşkilatlar,hətta illərdir Azərbaycan haqqında bir kəlmə deməyənlər bu gün bizdə nöqsan axtarışına çıxıblar.20 faiz ərazisi işğalda olan və aşkar şəkildə hüquqları Ermənistan tərəfindən pozulan ölkəmizin haqq işinə bir dəfə də olsun dəstək verməyənlər indi Azərbaycanda "hüquq pozuntuları" axtarırlar. Əslində, bunun mahiyyəti göz qabağındadır.Dünyadakı erməni diasporasından aldığı maliyyə müqabilində bu cür absurd fikirlər səsləndirənlər anlamalıdırlar ki, ölkəmizin müstəqil siyasətinə təsir edə bilməyəcəklər. Azərbaycan istənilən təhdidə hüquqi-siyasi yolla cavab verməyə hazırdır.Eyni zamanda, Azərbaycan ictimaiyyəti də bu cür hadisələrə biganə qalmamalı, ölkəmizin milli mənafeyi naminə öz dəstəyini əsirgəməməlidir". Bunu da qeyd edək ki, Azərbaycan vətəndaşlarının hüquqlarının Ermənistan və erməni lobbisi tərəfindən pozulması bir neçə ilin işi deyil.Hələ on illiklər öncə də azərbaycanlılara qarşı belə soyqırımlar törədilmiş,dünya isə buna sadəcə olaraq susqunluq nümayiş etdirib. Elə 31 mart – Azərbaycanlıların Soyqırımı günü də buna misaldır.Amma bu gün Azərbaycan istər keçmiş tarixdə olanları, istərsə də çağdaş tariximizdə törədilən bu vəhşilikləri bağışlamaq niyyətində deyil və əməli fəaliyyətlə lazımi cavabı verməyə hazırdır."Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar yaydığı bəyanat da bunu təsdiqləyir. Birlikdən daxil olan məlumata görə, bəyanatda qeyd olunub ki, son iki əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə,o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olub: "Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib".
Qeyd olunub ki, Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir. Belə ki, həmin günlərdə təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilmişdir.Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürüblər. Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəzasında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir.Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 157 kənd dağıdılmış və yandırılmış, Şuşa şəhərində dəhşətli qırğınlar törədilib:
"Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir.Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiya ilə müəyyən olunub. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 75 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır". Bunu da qeyd edək ki, son iki il ərzində Azərbaycan tərəfinin apardığı sistemli iş nəticəsində artıq bir sıra Avropa ölkələri azərbaycanlıların hüquq və azadlıqlarının qorunmasına həssas yanaşırlar və bununla bağlı Ermənistan tərəfinə sərt bəyanatlar çatdırılıb. Sonuncu dəfə belə bəyanatlar iki azərbaycanlının ermənilər tərəfindən girov götürülməsindən sonra verildi. Hətta ABŞ Dövlət Departamenti də Ermənistan rəhbərliyindən girovların azad edilməsini tələb etdi. Ekspertlər hesab edir ki, yaxın bir neçə aydan sonra Ermənistana qarşı bu təzyiqlər daha da artacaq və Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi nəticələr əldə etmək mümkünləşəcək.Əks təqdirdə artıq Azərbaycan ordusu o həddədir ki, hüquqları pozulmuş yüz minlərlə vətəndaşının hüquqlarını qoruya biləcək.O ki, qaldı bəzi dünya güclərinin ikili standartlarına, analitiklər hesab edir ki, bu güclərin tutduğu mövqenin yanlışlığını artıq bütün dünya görür və bu Ukrayna timsalında özünü bir daha təsdiqlədi. Belə ki, hansısa qüvvələ öz maraqlarını təmin etmək üçün Ukraynanı bir cəngəlliyə saldılar və bu gün yüz minlərlə Ukrayna vətəndaşının hüquqları pozulur və dünya bunun qarşısını almaqda sadəcə acizdir.