Bankların kredit müqaviləsi fırıldağı və müştəri hüquqları
Bankların kredit müqaviləsi fırıldağı və müştəri hüquqları

Bankların tərtib etdiyi kredit müqavilələri vətəndaşların pozulmuş hüquqlarını qorumağa imkan yaratmır

Son vaxtlar dolların məzənnəsində olan dəyişiklik banklarla müştərilər arasında bir sıra problemlərin yaranmasına gətirib çıxardıb. Banklardan krediti dollarla götürən müştərilər kreditlərini dolların yeni məzənnəsinə uyğun ödəmək məcburiyyətində qalıblar. Amma bu banklarla müştərilər arasında imzalanmış kredit müqaviləsində yaranan təkcə bu boşluğu üzə çıxartmadı.
Məlum oldu ki, bankdan kredit götürən vətəndaşların imza atdıqları kredit müqavilələri 99 faiz banklara öz xeyrinə qərar çıxardılması üçün lazımdır. Bir sözlə müştərilərlə banklar arasında imzalanmış müqavilələr demək olar ki, müştərinin hüquqlarının qorunması üçün işıq ucu belə qoymur. Bu isə minlərlə insanın banklar tərəfindən hüququnun kobud şəkildə pozulması ilə nəticələnir. Ekspertlərin fikrincə, bu gün ölkədə fəaliyyət göstərən kommersiya banklarının tərtib etdiyi müqavilələrdə vətəndaşın deyil, bankın öz mənafeyi nəzərə alınır. Hansı ki, müqavilə əslində həm kredit verənin, həm də kredit götürənin hüquqlarını bərabər şəkildə qorumağa xidmət etməlidir.
İqtisadçı ekspert Samir Əliyev deyir ki, bu gün bankdan kredit götürən vətəndaş bankın tərtib etdiyi müqaviləni əksər hallarda oxumadan imzalayır. Bunun səbəbi müştərinin pula ehtiyacı olması, bankın istənilən tələbi ilə razılaşmaq məcburiyyətində qalmasından irəli gəlir. Banklar isə mövcud vəziyyətdən istifadə edərək öz şərtlərini diktə edir, müqaviləyə əsasən öz risklərini sığortalamaq üçün bəndlər əlavə edirlər: "Müştəri hüquqlarının pozulması 3 mərhələdə baş verir. 1-ci vətəndaş heç bir halda müqavilə ilə tanış olmur. Bütün sənədləşdirmə aparılır, sonra müştəriyə müqavilə verilir ki, tanış olmamış imzalasın. Müqavilənin şərtləri təbii ki, bankların mənafeyinə uyğun olur. Demək olar ki, vətəndaşın hüquqları nəzərə alınmır. Bu mərhələdə hüquqlar pozulur. 2 -cisi isə, heç bir məlumat olumadığı halda yüksək komisyon haqları tutulur. 3 -cü mərhələdə, kreditlərin ödənilməsi prosesində qanunsuzluq baş verir".
İqtisadçı deyir ki, banklar əksər hallarda gecikdirilmiş kreditlərə də yüksək faiz hesablayırlar: "Qanunvericiliyə görə, 90 gün kreditə faiz əlavə oluna bilər. 90 gündən sonra isə, faizin əlavə olunması dayandırılır. Bu zaman banklar deyir ki, 1ildir siz bizə kredit ödəmirsiniz və faizlər yığılaraq müəyyən məbləğə çatıb. Göründüyü kimi, 90 gündən uzun müddətə faizlər hesablanır. Yəni, bütün mərhələlərdə müştərilərin hüquqları pozulur".
S. Əliyevin sözlərinə görə, bankla müştəri arasında bağlanan müqavilənin birtərəfli qaydada dəyişdirilməsi məhkəmə predmeti olur: "Bu daha çox əmanətlərin qoyuluşu zamanı özünü göstərir. Tutaq ki, müştəri banka əmanət yerləşdirmək üçün müraciət edir və tərəflər arasında bununla bağlı müqavilə bağlanır. Müqavilədə bank əmanətin 12 faizlə yerləşdiriləcəyinə dair öhdəlik götürür. Ancaq 1 il sonra müştərinin iştirakı olmadan müqavilə şərtlərini təzələyərək faizi 10-a endirir. Bunu da ya bankın imkanlarının zəif olması, ya da digər bəhanələrlə əlaqələndirməyə çalışır. Nəticədə müştəri öz hüququnu məhkəmədə aramalı olur. Əksər hallarda banklar qeyri-dəqiq reklam çarxları yayımlamaqla müştəri cəlb edir ki, bu da son nəticədə istehlakçı hüquqlarının pozulması ilə nəticələnir.Düzdür, bununla bağlı məhkəməyə edilən müraciətlərin sayı çox deyil. Çünki banklar müştəriləri elə ustalıqla aldadır ki, müştərilər aldandığını hiss etmir. Məsələn, banklar müştərilərə faizsiz kredit təklif edir. Ancaq kredit müqaviləsinin imzalanması zamanı elə bir komissyon haqqı tutulur ki, bu anlaşmada müştəri deyil, bank udur".
Elə hüquqşunaslar da, müştərilərin əksər hallarda bankın tərtib etdiyi birtərəfli müqavilələrin qurbanı olduğunu söyləyirlər. Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, banklarla müştərilər arasında müqavilə bağlanarkən vətəndaşın hüquqları çox vaxt pozulur: "Müqavilənin şərtləri həddən-ziyadə ya uzun, ya da mürəkkəb sözlərdən ibarət olur. Ən başlıca problem ondan ibarətdir ki, bəzi banklar sözügedən müqavilələri çox kiçik hərflərlə yazır. Nəticədə vətəndaş müqavilənin şərtlərini sona qədər oxumayaraq ona imza atır. Bu da, öz növbəsində, sonrakı dövrlərdə xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Yəni vətəndaş kredit borcunu ödəyərkən daha çox faiz, komissyon haqq ödəyir və s. Nəticədə elə müştərilər var ki, bunun öhdəsindən gələ bilmədiyi üçün müflis olur. Bir sözlə, müqavilələr birtərəfli qaydada banklar tərəfindən tərtib edilir və sənəddə müştərilərin hüquqları nəzərə alınmır. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilər çoxlu sayda problemlə üzləşir. Bu hüquqları normal müdafiə edən qanun isə yoxdur. Mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur.Ona görə də, vətəndaşlara daha çox müqavilə mədəniyyətini aşılamaq lazımdır. Müqavilə hazırlanması prosesi əslində bir çox problemlərin əvvəlcədən qarşısını alır və təcrübə göstərir ki, aralarında müqavilə olan vətəndaşlar məhkəməyə müraciət etməkdə o qədər də maraqlı olmurlar, çünki müqaviləni oxuyanda artıq anlayırlar ki, kim haqlıdır kim haqsızdır".
Hüquqşunas deyir ki, Azərbaycanın "Bank fəaliyyəti haqqında" qanununda bankların öhdəlikləri deyil, hüquqları daha çox qabardılıb. Müştərilərə gəldikdə isə, müştərilərin öhdəlikləri qabardılır, hüquqları yox.Vəkil deyir ki,müqavilələrin mücərrəd yazılması da müştərini çox vaxt çaş-baş salır:"Kredit müqaviləsi tərtib olunarkən bank çalışır ki, imkan olduğu qədər krediti müştərinin anlamayacağı şəkildə hazırlasın. Müştəri oxusa belə müqavilənin tam olaraq tələblərini başa düşməsin. Əksər hallarda isə banklar müştəriyə müqavilənin şərtlərini başa salmadan imza atdırırlar. Halbuki müqavilədə qeyd olunub ki, kredit mütəxəssisi müştəriyə müqavilənin şərtlərini izah etmədən imza atdıra bilməz".
Hüquqşunasın sözlərinə görə, bəzi hallarda banklar artıq ödənişləri əsas borcdan sonda çıxaraq müştərini uzun müddət yüksək faizlə kredit ödəməyə məcbur edir: "Bankların reklam şitlərində ancaq güzəşt barədə məlumatlar yer alır. Banka getdikdə müştəriyə izah olunmur ki, o, krediti artıq ödədikdə əsas borca təsiri olmur. Müştəri isə öz aləmində krediti artıq ödəyərək yüksək faizdən qismən də olsa xilas olmağa, əsas borcun azalmasına çalışır. Sonda hesablama zamanı bəlli olur ki, bank müştərinin artıq ödədiyi məbləğlərdə faiz endirimini tətbiq etməyib. Çox bank heç müqavilədə bu barədə bircə kəlmə belə göstərmir. Nəticədə müştəri xeyli ziyana düşür".
Ekspertlər bankların istehlakçıların hüquqlarını pozmağa yönəlmiş, öz risklərini isə sığortalamaq üçün məkrli siyasətinin bitib-tükənmədiyini söyləyirlər. Hüquqşunasın sözlərinə görə, bəzi ölkələrdə istehlak kreditləri haqqında qanunda hətta müqavilənin dizaynı ilə bağlı da müddəalar yer alır: "Yəni şriftlərin necə olması, məlumatların hansı şəkildə yerləşdirilməsi də qanunla müəyyən edilir. Bizdə isə şrifti o qədər kiçik edirlər ki, heç nə görmək olmur, lupasız oxumaq mümkün deyil. Bu qanun bu cür halların qarşısını alır, bank qarşısında öhdəlik qoyur. Bundan əlavə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinə əsasən istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ var. "Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam ödənilməlidir. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir". Bu həmin qanunda bildirilir. Bankların apardıqları reklam kampaniyaları zamanı bəzi vacib məlumatları istehlakçılara çatdırmamaları "Reklam Haqqında Qanun"a da ziddi. Amma "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Banklar istehlakçıların hüquqlarını əsasən vacib məlumatları gizlətmək və ya dolğun olmayan reklam kampaniyaları vasitəsilə pozurlar".
Hüquqşunas deyir ki, bu zaman müştəri onu reklamla aldadaraq kreditə cəlb edən bankla bağladığı müqaviləni poza bilmir. Çünki, bankın müştəri ilə bağladığı kredit müqaviləsində istehlakçının bu hüququ əks olunmur.