Dövlət qurumlarının soyumuş "Qaynar xət"ləri...
"Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" ilə təsdiq olunan "qaynar xətt" nömrələrində problemləri dinləyən belə bəzən tapılmır

Son vaxtlar vətəndaşların dövlət qurumlarına ünvanlanmış müraciətlərinin operativ həlli üçün bir sıra tədbirlər həyata keçirilib. Bəzi qurumların sosial əhəmiyyətli xidmətləri "ASAN" Xidmətə inteqrasiya olunub, dövlət qurumlarının bəziləri vətəndaşla internet üzərindən virtual qəbul yaradaraq müraciətləri cavablandırır, mərkəzi icra orqanları bir sıra xidmətləri öz saytlarından vətəndaşın elektron yolla "qapısı"na daşıyıb və sair.
Hətta ölkədə bütün qurumların xidmətinin vahid məkandan göstərildiyi "Elektron Hökumət" də qurulub. Amma bütün bunlarla belə hələ də vətəndaşların müxtəlif qurumlarda hüquqlarının pozulması, şikayətlərinin dinlənilməməsi, müraciətinə baxılmaması kimi hallara rast gəlinir. Vətəndaş məmnunluğu yaratmaq üçün, dövlət qurumlarına şikayəti olanlar üçün daha bir xidmət isə "Qaynat xətt" xidmətidir. Təcili yardıma ehtiyacı olanlar 103 xidmətini aradığı kimi, müxtəlif nazirliklərə, dövlət qurumlarına şikayəti olanlar üçün də "qaynar xət"lər fəaliyyət göstərir. Xatırladaq ki, "Qaynar xətt" nömrələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" təsdiq olunub. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planına dövlət orqanlarında qaynar xətlərin yaradılması, bu barədə ictimaiyyətin məlumatlandırılması və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi daxildir. Amma adı qaynar olsa da, elə qurumlar var ki, onların məşğul etdiyi nömrələr heç də adından göründüyü kimi vətəndaşın problemini qaynar-qaynar həll etmir. Əsas səbəb isə "Qaynar Xət"lərin anonim şikayət qəbul etməməsidir. Bu problemə keçməzdən öncə qeyd edək ki, ölkədə 17 dövlət qurumunun "Qaynar xət"i fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
Azərbaycan Respublikasının Baş Prokurorluğu - 161
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi - 102
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi - 192
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti - 919
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu- 190
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi - 539 76 75
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi - 193
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi - 112
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi - 195-2
Azərbaycan Respublikasının Mərkəzi Bank - 493 11 22 daxili nömrə 3-87
Azərbaycan Respublikasının Prezdenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 465 34 71
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 1655
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi - 565-1264
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 963
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - 146
Azərbaycan Respublikasının Vergilər Nazirliyi - 195
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 142
Amma bəzən vətəndaşın problemlərinin vaxtında həlli üçün yaradılmış bu qaynar xətlər heç də çevik və operativ işləmir. Digər əsas problem isə "qaynar xətt" xidmətinin vətəndaşlar üçün əlçatmaz edən anonim şikayətlərin qəbul olunmamasıdır. Vətəndaş Esmira Nuriyeva deyir ki, ömründə bircə dəfə Təhsil Nazirliyinin "Qaynar xətt" nömrəsinə zəng edib: "Zəng etdim ki, məktəbdə uşaqdan müəllimlər gününə pul yığılması barədə şikayət edim. Dedilər mütləq uşaqdan pul istəyən müəllimlə yanaşı uşağın da adını soyadını verməlisən. Dedim elə uşağımı məktəbdən çıxardası olsaydım sizə niyə zəng edirdim. "Qaynar xət"lərin məntiqi ilə valideyn şikayət edirsə, uşağını məktəbdən çıxartmalıdır. Çünki, hansı müəllim şikayətdən sonra uşağa normal münasibət göstərər. Ona görə də, camaat "qaynar xətt"lərin nömrəsini əzbərləməmiş unudub. Bu vətəndaşın hüququnun pozulmasıdır. Hansı qurumun "qaynar xət"inə zəng edirsənsə səndən fakt istəyir. Konkret ad tələb edir. Elə hallar olur ki, vətəndaş ad verə bilmir. Bu o demək deyil ki, problem yoxdur. Problem var, sadəcə vətəndaş özünü və uşağını pis vəziyyətə qoymaq istəmir".
E. Nuriyevanın sözlərinə görə, bəzən korrupsiya ilə bağlı yaradılmış "qaynar xət"lər də vətəndaşın pozulmuş hüququnu qoruya bilmir: "Bir də korrupsiya ilə bağlı şikayətlər operativ araşdırılmır. Şəxsən mən öz ev telefonumuzdan Prokurorluğun korrupsiya ilə bağlı qaynar xəttinə zəng edərək ictimai birlik nümayəndlərinin rüşvət aldığı barədə məlumat vermişdim. O zaman dəstəyi götürən şəxs bütün qeydləri aparıb zərərçəkənin dəvət ediləcəyini söyləsə də, bir səs soraq çıxmadı".
Digər münasibətini öyrəndiyimiz vətəndaş Zəminə Məmmədova da "Qaynar xətt" nömrələrinə edilən zənglərin bəzən cavabsız qaldığından şikayətlənir: "Vergi ödəyicisi kimi Vergilər Nazirliyinin qaynar xətindən istifadə etmişəm. Operativ olaraq problemimi dinləyib mənə kömək ediblər. Bir dəfə də bir problemlə bağlı Elektron Hökumət Portalının texniki dəstək üçün xəttinə zəng etmişəm. O zaman da şənbə günü olmasına baxmayaraq problemimə yardım edilib. Amma çox təəssüf ki, şənbə, bazar günləri bəzi qurumlar qaynar xətlərini avtomatik operatora qoşurlar ki, problemi söyləsən də yardım edən olmur. Bax bu vətəndaşa çətinlik yaradır. İstənilən vətəndaşın istirahət günlərində də istənilən məsələ ilə bağlı çətinliyi yarana bilər. Qurumlar ən azı bir nəfəri qaynar xətt üçün istirahət günləri də işləməlidir ki, vətəndaş çətinlik çəkməsin.Bu banklara da aiddir. Digər bir problem kommunal qurumların qaynar xətlərindədir. Kommunal qurumların qaynar xətləri çox vaxt işləmir. Mən bircə "Azərsu" ASC-nin qaynar xəttinin normal işlədiyinin şahidi olmuşam. "Azərişıq"-ın qaynar xəttinə işığımız sönəndə gecə saatlarında saatlarla zəng etsəm də heç kəs dəstəyi qaldırmayıb. Misal üçün gecə qazın kəsilirsə qaynar xəttə 20 dəfə zəng etsən də dəstəyi qaldırıb cavab verən olmur. Belə halda "qaynar xətt" missiyasını itirir. Vətəndaş da bir-iki dəfə zəng etdikdən sonra görür ki, götürən yoxdur, artıq o qaynar xəttin nömrəsini də unudur. Qaynar xətlərlə bağlı digər poroblem ondadır ki, telefonun arxasında əyləşən şəxslər birbaşa problemin həllində vətəndaşa kömək edə bilmir. Onlar vətəndaşın müraciətini qeydə alır, sonra isə vətəndaş təkrar o quruma etdiyi müraciətə görə aramalı olur. Qurumların qaynar xətləri korrupsiay ilə bağlı anonim şikayətləri qeydə almırlar. Uşağı məktəbdə oxuyan valideyndən rüşvətin hansı müəllim tərəfindən alınması barədə bilgidən əlavə valideynin uşağın adının soyadının verilməsini tələb edirlər ki, bu da qurumların qaynar xətlərinə korrupsiya ilə bağlı şikayətlərin edilməsini əngəlləyir. Ombudsman aparatının "Qaynar xətt" xidməti ümumiyyətlə daxil olan zənglərə cavab vermir".
Daha bir müsahibimiz Rəvanə Əliyeva isə deyir ki, Ombudsman Aparatının uşaq hüquq pozuntusu ilə bağlı 916 saylı "qaynar xətt"inə müraciət etməyə dəyməz: "Uşaq hüquqları pozulduğu təqdirdə, bu nömrələri yığmaq sadəcə vaxt itgisidir. Çünki telefonun dəstəyini qaldıran olmayacaq".
Göründüyün kimi, vətəndaşların rahatlığı, hüquqpozma hallarının qarşısını almaq üçün yaradılmış "qaynar xətt" nömrələri heç də həmişə vətəndaşların mənafeyinə xidmət etmir.
Xatırladaq ki, dövlət orqanlarında qaynar xətlərin operativ fəaliyyəti prezidentin sərəncamı ilə təsdiq olunmuş "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" əsasında həyata keçirilir. Bu sərəncam isə artıq 8 ildir ki, qüvvədədir. Hüquqşunas Sahib Məmmədov deyir ki, bəzi qurumların "Qaynar xətt"i öz işini məsuliyyətlə yerinə yetirmədiyini deyir. Onun sözlərinə görə, "Qaynar xətt" xidmətində peşəkar, vətəndaşların problemlərini dinləyib onları yönləndirmək qabiliyyəti olan şəxslər fəaliyyət göstərməlidir: " Məsələn, Təhsil Nazirliyi tələbələri bu işə cəlb edib.Bəzi qurumlar "Qaynar xətt"i oyuncağa çeviriblər".