İnsan hüquqları müasir anlamda
İnsan hüquqları müasir anlamda

Hikmət Hacıyev: "Ermənistanın insan hüquqlarından danışmağa siyasi, hüquqi və mənəvi əsası yoxdur"

İnsan hüquq və azadlıqlarının qorunması bəşəri bir məsələdir və bu istiqamətdə hansısa addım atılanda mütləq şəkildə müəyyən dəyərlər nəzərə alınmalıdır. Məsələn, dini tolerantlığın olmadığı bir ölkədə ən yüksək səviyyədə insan hüquq və azadlıqlarını qorumağa çalışsan da bu sadəcə olaraq mümkünsüzdür. Və yaxud, bir ölkədə digər millətlərə qıcıq varsa, say etibarı ilə üstünlük təşkil edən topluya digər toplulardan artıq dəyər verilirsə bu artıq insanafobiyanın tərkib hissəsidir və deməli burada insan hüquqlarından danışmaq yersizdir. Bununla bağlı ən gözəl nümunəni elə Azərbaycanla Ermənistan təcrübəsində görmək olar. Öncəliklə gəlin Azərbaycandakı duruma diqqət ayıraq.
Azərbaycanda
- Dini tolerantlıq ən yüksək səviyyədə qorunur və dünya ölkələri Azərbaycan təcrübəsini öyrənməyə başlayıb. Bu baxımdan dünya yəhüdiləri lobbisi bəyanatla çıxış edərək Azərbaycanda dini tolerantlığı dünya üçün nümunə hesab etdilər
- Azərbaycanda yaşayan bütün milli azlıqlara bərabər şərait yaradılıb və dövlət radiosunda müxtəlif dillərdə verlişlər yayımlanır
- Azərbaycanda bir sıra dillərdə orta məktəblər fəaliyyət göstərir və son zamanlar artıq Avropa dillərinə məxsus məktəblər də fəaliyyətə başlayıb
- Dövlət ideologiyası bütün millətlərə bərabər hüquq yaradan azərbaycançılıq ideologiyasıdır və bu ideologiya insanların bərabərliyini təmin edən nümunədir.
Müşahidəçilər də hesab edir ki, məhz bu kriteriyalar olarsa onda həmin ölkədə insan hüquq və azadlıqlarının qorunmasından danışmaq daha doğru olar. Hesab etmək olar ki, Azərbaycanda məhz bu dəyərlər tam təmin edilib və hər gün həyata keçirilən demokratik islahatlar insan hüquq və azadlıqlarının formalaşmasını sürətləndirir. İndi isə Ermənistandakı duruma baxaq
- Bu ölkədə ermənilərdən başqa digər millətlər zor gücünə ölkədən qovulub
- Dini tolerantlıq ən barbar şəkildə pozulub
- Erməni dilindən başqa uzun illər fəaliyyət göstərən rus və azərbaycan dilli məktəblər bağlanılıb
- Digər millətlərə bir fobiya aşılanıb
- Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər.
Deməli belə olan halda hansısa insan hüquq və azadlıqlarından danışmaq sadəcə olaraq yersizdir. Çünki hüquq və azadlıqların formalaşmasını təmin edəcək münbit şərait yoxdur və nəticə göz qabağındadır. Elə buna görə BMT səviyyəsində bəyan edildi ki, Ermənistanda insan hüquq və azadlıqları bərbad durumdadır.Ermənistanda iqtidar-müxalifət münasibətləri də buna misal ola bilər. Ekspertlər hesab edir ki, bütün bunları nəzərə alan Azərbaycan Dağlıq Qarabağ probleminin həllində məhz insan hüquq və azadlıqlarının qorunması faktorundan da yararlanmalıdır. Yəni dünyaya göstərilməlidir ki, Ermənistan tək Dağlıq Qarabağı işğal etməyib, həm də regionda insan hüquq və azadlıqlarına ağır zərbə vurub. Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin atdığı addımlar da deyilənləri təsdiqləyir.
"Münaqişənin həllinə xidmət edən bütün pozitiv məsələlərə münasibətdə Ermənistan rəhbərliyi tərəfindən neqativ cavab verilib".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın XİN rəhbəri E.Nalbandyanın ATƏT-in Daimi Şurasının iclasındakı çıxışını şərh edərkən bildirib.
Hikmət Hacıyev qeyd edib ki, ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edən Ermənistan xarici işlər naziri hələ də dərk edə bilməyib ki, 40 illiyi qeyd olunan Helsinki Yekun Aktının fundamental əsasını məhz dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və zor tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyi təşkil edir: "E.Nalbəndyanın çıxışında əsassız iddialardan kənar münaqişənin həllinə və regionda sülhün və sabitliyin bərqərar olmasına dair heç bir fikir yoxdur.
O, ilk növbədə münaqişənin fundamental əsasını təşkil edən Ermənistanın işğal və təcavüzünü aradan qaldırmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsinə aydınlıq gətirməli idi.
Diplomatik etikadan kənar şəkildə ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanatlarını təhrif edən E.Nalbandyana xatırlatmaq istərdik ki, ATƏT MQ həmsədrlərinin prezidentlər səviyyəsində ən ümdə çağırışı mövcud status kvonun qəbuledilməzliyidir. Mövcud status kvonun əsasını isə Ermənistanın işğal və təcavüzü təşkil edir".
H.Hacıyev qeyd edib ki, prezidentlərin Paris görüşündən sonra Böyük sülh sazişi üzərində işə başlamaq üçün münaqişə tərəfləri olan Ermənistan və Azərbaycana müraciət edilib: "ATƏT-in MQ-nun həmsədrləri E.Nalbandyanla bu ilin fevralında Münxendə keçirilmiş görüşdən sonra yenə də dərhal Böyük sülh sazişi üzərində işə başlamağa çağırış ediblər. ATƏT MQ həmsədrlərinin regiona son səfərindən sonra Azərbaycan bütün səviyyələrdə görüşlərə, strukturlaşdırılmış və işçi qrupları səviyyədə böyük sülh sazişi üzərində vaxt qrafiki üzrə işə başlamağa hazırlığını bir daha ifadə edib. Münaqişənin həllinə xidmət edən bütün bu pozitiv məsələlərə münasibətdə Ermənistan rəhbərliyi tərəfindən neqativ cavab verilib. Bəlkə özündə cəsarət tapıb Ermənistan xarici işlər naziri bu barədə danışardı? Təsadüfi deyil ki, onun çıxışında sülh sazişi barəsində bir kəlmə də ifadə yoxdur.
ATƏT-in MQ-nun həmsədrlərinin bəyanatlarına bu dərəcədə "hörmətlə" yanaşan Nalbəndyan bəs onda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə dair MQ-nun çağırışlarına niyə məhəl qoymur?"
H.Hacıyev qeyd edib ki, insan hüquqlarından danışmağa isə Ermənistanın ümumiyyətlə siyasi, hüquqi və mənəvi əsası yoxdur: "Ermənistan xarici işlər naziri yaxşı olardı ki, iclas zamanı 2008-ci ildə dinc nümayişçilərinin qətlə yetirilməsi barəsində ona ünvanlanan sualı cavablandırardı və ya onun istintaqı ilə bağlı Ermənistan hökumətinin hesabatını təqdim edərdi.
Ermənistanın qeyri-humanizm siyasətinin daha bir göstəricisi itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsindən imtina etməsidir. ATƏT MQ tərəfindən irəli sürülən bu təklif dərhal Azərbaycan tərəfindən dəstəkləndi. Ermənistan xarici işlər naziri iclasda 4000 nəfərdən artıq azərbaycanlının taleyinə, onların konsentrasiya düşərgələrində saxlanmasına və kütləvi şəkildə öldürülərək kütləvi məzarlıqlarda basdırılmasına aydınlıq gətirməli idi".
XİN mətbuat xidmətinin rəhbəri mədəniyyət abidələrindən danışan Nalbandyana Ermənistan ərazisində və Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin statusu barəsində fakt araşdırma missiyasına niyə ölkəsinin icazə vermədiyini xatırlatmaq lazım olduğunu qeyd edib: "Səbəb aydındır. Çünki tarixən bu torpaqlarda yaşayan Azərbaycan xalqına aid maddi-mədəniyyət vəhşicəsinə məhv edilib.
Tarix elminin əsas istiqamətləri olan arxeologiya və etnoqrafiya ermənilərin Cənubi Qafqaz regionuna nə qədər yad olduğunu sübut etdiyi qədər Azərbaycan xalqının da bu regionun köklü sakini olduğunu bir o qədər sübut edir. Arxeologiya və etnoqrafiyadan əli üzülən erməni təbliğat maşını faşistlərə və irqçilərə xas formada DNT analiz metodu ilə özünü sübut etmək yolunu seçib".
H.Hacıyev Ermənistan xarici işlər nazirinin çıxışı zamanı qeyd etdiyi "Naxıjevan"ın erməni siyasi mifologiyasının növbəti məhsulu olduğunu bildirib: "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Vilayəti Azərbaycanın tarixi dilbər guşəsi və bəşər sivilizasiyanın mərkəzlərindən biridir". Beləliklə ortaya çıxan nəticə budur ki, Azərbaycan diplomatiyası bütün potensialını cəlb etməklə dünyanın diqqətini, məsələyə insan haqları kontekstindən yanaşmağa cəlb etməlidir. Bunu da unutmayaq ki, hazırda Rusiya-Ukrayna münaqişəsinə verilən reaksiyalarda da beynəlxalq təşkilatlar məhz insan hüquq və azadlıqları faktorunu daha çox qabartdılar. Bunu Ermənistana şamil edərək dünyaya tək bir sual vermək kifayət edər. Bu gün əhalisi səfalət içində yaşayan, digər dinlərə və millətlərə nifrətlə yanaşan Ermənistanda insan haqlarından danışmağa dəyərmi və bu cür bir ölkənin Dağlıq Qarabağı işğal etməklə yüz minlərlə insanın haqlarının pozulmasına nə ad vermək olar?. Bunu da unutmayaq ki, hazırda qloballaşmanın getdiyi bir zamanda, sərhədlərin açıldığı bir periodda, dünyanın vahid mədəniyyətə sahiblənməyə çalışdığı məqamda qapalı bir dövlətə sahiblənməyə çalışmaq sadəcə olaraq ağılsızlıqdır və hazırda bu ağılsızlığı Ermənistanın simasında görürük.