Münaqişələrin insan hüquq və azadlıqlarına təsiri
Münaqişələrin insan hüquq və azadlıqlarına təsiri

Bu gün insan hüquq və azadlıqlarının qorunması, bu sahədə səmərəli işlər görmək üçün müxtəlif yollar aranmaqdadır. Amma ortada olan reallıq budur ki, elə ciddi problemlər var ki, bu problemlərə görə insan hüquq və azadlıqlarını təmin etmək müşkülə çvrilir. Söhbət regionda mövcud olan münaqişələrdən gedir. Bu gün Dağlıq Qarabağ işğalı varsa, bir milyondan çox azərbaycanlının hüquq və azadlıqları Ermənistan tərəfindən pozulubsa hansı ideal mühitdən danışmaq olar, Elə buna görə Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi həll olunmadan qalacaqsa bu ümumilikdə regionun inkişafdan geridə qalması olacaq. Elə ATƏT-in Daimi Şurasının iclasında da bu məsələ bir daha gündəmə gətirildi. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama verib. Açıqlamada deyilir: "Azərbaycan münaqişənin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Amma Vyanada ATƏT-in Minsk Qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan bir platforma rolunu oynaya bilər. Ermənistan beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamalıdır. Prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsi təmin edilməlidir. Ermənistan tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad olunmalıdır. Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur. Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üç görüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma "parlament seçkiləri" keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə "fait accompli" yanaşma cəhdinin daha bir bariz nümunəsidir".Ümumiyyətlə münaqişələrin insan hüquq və azadlıqlarına mənfi təsirini "Unikal"a açıqlayan politoloq Elçin Mirzəbəyli maraqlı fikirlər səsləndirdi:"Regionda insan hüquq və azadlıqlarının beynəlxalq konvensiyalara və milli qanunvericilik aktlarına uyğun qorunmasının yolu münaqişələrin həllindən keçir. Çünki ilk növbədə öz vətənində köçkün düşmüş 1 milyon Azərbaycan vətəndaşının hüquq və azadlıqları təmin olunmalıdır. Bunun üçün də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı aradan qaldırılmalı, hərbi cinayətkarlar beynəlxalq tribunal qarşısında cavab verməli, işğal nəticəsində Azərbaycana və azərbaycanlılara dəymiş ziyan kompensassiya edilməlidir. Bu baş verəcəyi təqdirdə erməni xalqı Ermənistanda hakimiyyətdə olan hərbi-cinayətkar xuntadan xilas olacaq, həm öz hüquq və azadlıqlarını təmin edəcək, həm də regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən transmilli layihələrdən faydalanaraq mövcudluğunu qoruyub saxlaya biləcək. Gürcüstana gələndə isə məsələ bir az fərqlidir. Çünki Gürcüstanda mövcud olan bu və digər problemlərin həlli həm Abxaziya və Cənubi Osetiya münaqişələrinin
tənzimlənməsindən, həm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən asılıdır. Azərbaycanın güclənməsi Gürcüstanın güclənməsi və inkişafı deməkdir". "Unikal"a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əliyev Əliyev Zaqafqaziyada mövcud olan münaqişələrin insan hüquq və azadlıqlarına mənfi təsirini belə dəyərləndirdi:"Mənə elə gəlir Gürcüstanı bu triodan ayırmaq lazımdır. Gürcüstan ərazi konfliktlərinə malik olsa da, orada baş tutmuş "Qızılgül" inqlabı ölkənin iç problemlərini fərqli məcraya yönəldib. İnsan hüquq və azadlıqları, demokratiyanın vəziyyəti digər 2 dövlətdən fərqli vəziyyətdədir. Lakin biz və işğalçı dövlət bir neçə istiqamətdə mövcud münaqişədən əziyyət çəkir. İlk növbədə aramızda davam edən "hərəkətsiz" müharibə Rusiyanın nəzarətindən çıxmağa mane olur. Hamıya məlumdur ki, Rusiya separatçı rejimləri stimullaşdırmaqla bu 2 dövlətin mədəni dünyaya inteqrasiyasının qarşısını alır. Nəzərə alın ki, hər 2 dövlətdə siyasi proseslərdə Qarabağ müharibəsi həledici faktora çevrilib. Ermənistan hakimiyyəti bütövlükdə bu müharibədə əli qanımıza bulaşmış quldur bandasıdır. Demokratik açılımın baş tutması üçün hər 2 dövlətin Rusiyanın hegemoniyasından qurtulub, Qərbə doğru dreyfi vacib şərtdir. Əks halda hər 2 dövlətdə mövcud hakimiyyətlər daha komfortlu sayılan qeyri-demokratik idarəçiliyə üstünlük verəcək, demokratiya təbliğatçısı tərəfə- Qərbə müharibəyə eyham vuraraq, demokratik cəmiyyət quruculuğunun mümkünsüzlüyünü bildirəcəklər. Yadınıza salım ki, 2009-cu il referendumunda Konstitusiyaya edilən dəyişikliklər sırasında hərbi əməliyyatların intensivləşməsi zamanı demokratik proseslərin, o cümlədən seçkilərin dayandırılması ilə bağlı müvafiq müddəlar əlavə edilib".Jurnalist Aqil Ələsgər isə hesab edir ki, münaqişələr sadəcə insan hüquq və azadlıqlarına deyil, regionun inkişafına bütün parametrlər üzrə mane olur: "Bu gün regiondakı münaqişələr bölgənin inkişafı yoluna qoyulan minalardır. Hansı dövlət bir qədər işlərini yoluna qoyub, ciddi inkişaf yoluna daxil olarsa, bu problemli yerlər vasitəsilə həmin ölkə cəzalandırılır. Təbii ki, bu gün Abxaziya da, Osetiya da, elə Qarabağ da əslində rusun Azərbaycanla Gürcüstana miras qoyduğu problemlərdir. Eləcə də Ermənistan da Çar Rusiyasının bölgəyə qoyduğu ən iriçaplı minadır. Məhz Ermənistanın bölgədəki varlığı insan hüquq və azadlıqlarının pozulmasının bariz nümunəsidir. Bəzən insan hüquq və azadlıqları dedikdə, sadəcə ölkə daxilindəki insanımızın siyasi fikirlərini müstəqil şəkildə ifadə edib-etməmək nəzərdə tutulur. Bəs Ermənistanın yurdsuz-yuvasız qoyduğu 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqları insan hüququ deyilmi? Onları kim qoruyacaq? Bu səbəbdən hesab edirəm ki, bölgədə insan haqqlarının qorunmasının bir yolu da Ermənistansız Qafqaz modelidir". Jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov isə "Unikal"a bunları bildirdi:Təbii ki, regional münaqişələrdən ən çox əziyyəti insanlar çəkir. Çünki bu münqaişələr hesabına onlar doğal və konstitusion hüquqlarından məcburi şəkildə məhrum olurlar. Yaşamaq hüquqlarının, iqtisadi, sosial, mülkiyyət hüquqlarının pozulması halları ilə rastlaşırlar. Bu da təbii ki, insan hüquq və azadlıqlarının fundamental şəkildə inkişafına mane olur. İstər Gürcütanda başladılan münqaişəlrdə, istərsə də Dağlıq Qarabağ münqaişəsi Cənubi Qafqaz regionunda insan hüquq və azadlıqlarının inkişafına, möhkəmlənməsinə mane olur. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 % ərazisi Ermənistan tərərfindən işğal olunub və 1 milyondan çox soydaşımız məcburi köçkünə çevrilib. Bu artıq 1 milyondan çox insanın
yaşamaq, təhsil, səhiyyə, mülkiyyət hüququnun pozulması deməkdir. Eləcə də, Qərbi Azərbaycandan qovulan soydaşlarımızla bağlı da eyni vəziyyətdir. Qərbi Azərbaycana daxil olan İrəvan, Göyçə və digər mahallardan da 200 mindən çox soydaşımız bu problemlə üzləşib. Faktiki olaraq, Ermənistanın təcavüzkar siyasəti hesabına milyon yarıma qədər azərbaycanlının hüququ pozulub.
Gürcüstanda eyni vəziyyət hökm sürür. Abxaziyadan və Cənubi Osetiyadan didərgin düşən gürcülər də insan hüquqlarının təməl prinsiplərindən zorakılıqla məhrum ediliblər. Daimi yaşayış yerlərini, mülkiyyətlərini ititriblər. Bu heç də o demək deyil ki, ancaq öz yurd-yavalarından didərkin düşən, mülkiyyətlərini itirənlərin hüquqları pozulur. Eyni zamanda münaqişə tərəfi olan təcavüzkarların da digər hüquqları pozulur. Hamıya bəllidir ki, Ermənistan əhalisi bu gün dilənçi vəziyyətində yaşayır. Əhali ölkədən qaçır. Aclıq, səfalət Ermənistanı cənginə alıb. Rəsmi hesablamalara görə, iqtisadi və sosial problemlərdən dolayı miqrasiya templəri artan xətt üzrə davam edir və 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 mln. nəfər azalacaq. Hesab edirəm ki, Qarabağ problemi olmasaydı Ermənistan Azərbaycanın hesabına iqtisadi cəhətdən inkşaf edəcəkdi. Bu inkişaf isə ermənilərin iqtisadi və sosial hüquqlarının inkişafına təsir göstərəck faktora çevriləcəkdi. Eləcə də Abxaziya və ya Cənubi Osetiya da Gürcüstanın hesabına inkişaf edəcəkdi. 1 milyonluq Abxaziyada əhalinin yarısı qalıb ki, onlar da aclıqdan, səfalətdən əziyyət çəkirlər.
Ona görə də münqaişələrin əsas tərəfləri , yəni münaqişələrin davam etməsində və yaranmasında maraqlı olan rejimlər bunun fərqində olmalıdır. Öz əhalisinin hüquqlarını qorumaq üçün iradə göstərməli, işğalçılıq siyasətindən, əraziləri zəbt etməkdən geri durmalıdırlar. Eləcə də beynəlxalq təşkilatlar bu münaqişələrin həllinə daha çox diqqət ayırmalı, təcavüzkarları yerində oturtmalıdır.
İlk növbədə təcavüzkar öz adı ilə çağırılmalıdır, onlara qarşı sanksiyaların tətbiq olunmasına başlanılmalıdır. Belə olarsa, həmin rejimlər geri duracaq və münaqişələr sülh yoluyla həll olunacaq. Nəticədə isə insanların hüquqlarının pozulmasının qarşısı alınacaq və insan hüuqularının qorunması ilə bağlı beynəlxaq hüququn prinsiplərinin qorunması təmin ediləcək. Təəssüf ki, hələ də beynəlxalq təşkilatlar konkret addımlar atmır. Bu isə Cənubi Qafqazda insan hüquq və azdlıqlarını qorunmasında, inkişafında ən ciddi prblemdir".