Doğulmamış yaşamaq hüququndan məhrum edilənlər...
Doğulmamış yaşamaq hüququndan məhrum edilənlər...

Ölkədə dölün cinsinə görə məhvi hər il minlərlə qız uşağının doğulmadan bu dünyaya əbədi göz yumması ilə nəticələnir

Hüquqda belə bir deyim var: "Hər bir insanın hüquqları o ana bətninə düşən gündən yaranır". Bəlkə də bu söz çoxları üçün əhəmiyyət kəsb etməsə də, özündə insan hüquqları ilə bağlı çox şeyi ehtiva edir. Bəli, bir insanın hüququ o ana bətninə düşən, hələ bu dünyaya göz açmamış yaranır.
Amma çox təəssüf ki, elə bəzən dünyaya gəlməmiş də pozulur. Həm də kobudcasına, onun digər hüquqlarının yaranmasına imkan verməyərək! Əgər doğulsaydı onun bir çox hüquqları yaranacaq, o da bizlər kimi, öz hüquqlarının müdafiəsini tələb edəcəkdi. Amma ana bətnində kiçik rüşeym olduğundan pozulmuş hüququnu, yaşamaq hüququnu tələb edə bilmir, bu dünyada yaşamaq hüququndan birdəfəlik məhrum edilir. Söhbət selektiv abort nəticəsində hər il ana bətnindəcə məhv edilən körpələrdən gedir. Qeyd edək ki, Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur. Selektiv abort dedikdə söhbət 12 həftədən 22 həftəyədək sosial göstərişlərə görə abortun edilməsindən gedir. Dölün 12 həftədən sonra məhvi yalnız tibbi göstərişlər olarsa mümkündür. Amma bu gün dölün ana bətnindəki cinsinin müəyyən edilməsi üçün hamiləliyinin pozulmasını 12 həftədən sonraya saxlayaraq hamiləliklərinin 13-14 həftəsində abort qərarı verən qadınların da sayı az deyil. Artıq ana bətnində uşağın əzalarının formalaşdığı bir dövrdə onları heç bir tibbi göstəriş olmadan məhv etmək qanunla qadağan olsa da, bəzən tibb işçiləri qeyri qanuni olaraq hamiləliyin 12 həftəsindən sonra abort edərək əli, ayağı yenicə formalaşmış bir körpəni yaşamaq hüququndan məhrum edirlər. Son demoqrafiya və sağlamlıq sorğusunun (2011-ci il) nəticələrinə görə isə Azərbaycanda hamiləliklərin 52,7%-i diri döllə doğuşla, 40,9%-i süni abortla başa çatır. Məlumatlara görə, dölün 12 həftədən sonra məhvi tibbi göstəriş olmadan qadağan olduğundan, bəzən qadınlar 3 aydan sonra hamiləliklərini öz istəkləri ilə dayandırmaq üçün abortların tibb müəssisələrindən kənarda, xüsusi təhsili olmayan şəxslər tərəfindən belə aparılmasına razılıq verirlər. El arasında "mamaça" adlanan şəxslər tərəfindən abortların aparılması nəinki doğumuna 3-4 ay qalmış olan uşaqların, hətta hamiləliyini pozmaq istəyən qadınların belə həyatları bahasına başa gəlir. Abort zamanı dünyasını dəyişən qadınların statistikası aparılmasa da, ekspertlər bu cür ölümlərin adətən hamiləliyin 12 həftədən sonra, xüsusi təhsili olmayan şəxslər tərəfindən, tibb müəssisələrindən kənar aparılması zamanı qeydə alındığını bildirirlər. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi səlahiyyətlərini icra edən, mama-ginekoloq Leyla Məmmədovanın sözlərinə görə, 2013-cü ildə Azərbaycanda doğuşların sayı 146 600, abortların sayı 27 892 olub. Azərbaycanda hər 1000 nəfər 18-19 yaşlı qadına düşən abortların sayı 6,4, 20-24 yaşlı qadınlara düşən abortların sayı 12,4-dür. Abort göstəricisi 25-34 yaşlı qadınlar arasında digər yaş qrupları ilə müqayisədə nəzərəçarpan dərəcədə yüksəkdir. Bu göstərici 25-29 yaşlı qadınlar arasında 19,4, 30-34 yaşlı qadınlar arasında 20, 35-49 yaşlı qadınlar arasında 4,2-dir. Onun sözlərinə görə, bu rəqəmlər ölkədəki bütün abortların sayını əks etdirmir. Çünki qadınlar reseptsiz satılan bəzi dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar bəzi hallarda problemsiz bitsə də, bir çox hallarda güclü qanaxama ilə nəticələnir. Məhz belə hallarda həmin qadınlar tibb müəssisələrinə müraciət etdikdə həkimlər bu abortlardan xəbər tuturlar. L. Məmmədova əlavə edib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda 2013-cü ildə hər 100 doğuşa 19 abort qeydə alınıb. Göründüyü kimi, ölkəmizdə qanunla 12 həftədən sonra tibbi göstəriş olmadan, üstəlik abortun tibb müəssisəsindən kənar, xüsusi təhsili olmayan şəxslər tərəfindən aparılması qadağan olsa da, bu qadağaya məhəl qoyan yoxdur. Hüquqşunas Zülfiyyə Bayramovanın sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18-ci fəslində "Qanunsuz abort etmə" ilə bağlı müddəa öz əksini tapıb. Belə ki, bu maddənin 141.1 bəndində göstərilib ki, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə- iki yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. 141.2 bəndə görə, xüsusi ali tibbi təsili olmayan şəxs abort edərsə, o, 360 saatdan 400 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunacaq. 141.3 bənddə isə göstərilib ki, bu məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 141.4 bəndə görə, bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qanunda bu qanun pozuntusuna görə qadağalar olsa da, hələ ki, qanunun tələbinə elə də məhəl qoyulmur. Özünə qız, yaxud oğlan övladı arzu edənlər bu arzularına çatanadək ana bətnində müxtəlif hərəkətlər edə biləcək qədər formalaşan uşağı hələ doğulmamış yaşamaq hüququndan məhrum edirlər. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyir ki, selektiv abortlarla bağlı məsələ "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə daxil edilərək parlamentdə müzakirəyə çıxarılacaq. Millət vəkili deyir ki, uşaqların cinsinin müəyyənləşdirilməsi üçün ultrasəs müayinəsinə cəlb olunması və selektiv abortların qarşısının alınması bu gün üçün olduqca vacib məsələdir. Onun sözlərinə görə, qanunvericiliyə dəyişikliyə görə qadağa sanksiyaları tətbiq olunacaq: "Selektiv abortları həyata keçirənlərin cərimələnməsi, həkimlik fəaliyyətinin məhdudlaşdırılması, hətta cinayət məsuliyyətinə cəlb olunmasına qədər sanksiyalar tətbiq olunmalıdır. Çünki bu işdə inzibati və cinayət xarakterli sanksiyalar olmasa, maarifləndirmə tədbirləri ilə selektiv abortların qarşısını almaq çətin olacaq".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. H.Rəcəblinin sözlərinə görə, ultrasəs müayinəsi qadağan olunmaya bilər, ancaq cins məlum olduqdan sonra abortun qarşısının alınması məsələsi daha da sərtləşdirilməlidir. Komitə sədrinin sözlərinə görə, məsuliyyətə cəlb etmək kimi və digər addımlar atılacaq ki, bu cür halların qarşısı alınsın.
Reallıq isə onu göstərir ki, hələ ki, valideynlər dölün cinsi bilinəndən sonra 12 həftədən keçsə belə tibbi göstəriş olmadan, sırf cinsə görə doğulmasına bir neçə ay qalan uşaqlarını belə tələf etməkdən çəkinmirlər. Azərbaycanda ailələrin daha çox oğlan istəyi ölkədə hər il minlərlə qız uşağının doğulmadan məhvi ilə nəticələnir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən 2012-ci ildə keçirilən və 2013-cü ildə nəticələri çap edilən "Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat"da öz əksini tapıb. Tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir.
Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bugöstərici 83%-ə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır.Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir abort əməliyyatı keçirib. Abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır. 40-44 yaşdan başlayaraq qadınların dörddə üçü (73 faiz) həyatlarında ən azı bir abort əməliyyatı etdirib.