Regionda yaranan Ermənistan problemi
Regionda yaranan Ermənistan problemi

Son zamanlar Ermənistanda insan hüquq və azadlıqlarının pozulması beynəlxalq aləmdə belə ciddi reaksiyalar yaratmaqdadır.Çünki bu tək Ermənistanda ictimai-siyasi duruma mənfi təsir etmir, həm də bütünlüklə region üçün təhlükə yaradır. Elementar bir fakta baxaq. Zaman-zaman Ermənistanda insan haqları pozulduqca müşahidə edirik ki, erməni toplumunda bir tərəfdən aqressiya kifayət qədər artır, digər tərəfdən isə Ermənistan hakimiyyəti bu aqressiyanı Dağlıq Qarabağ münaqişəsinə istiqamətləndirməklə daxili narazılığı ört-basdır etməyə çalışır.
Diqqət yetirsək görərik ki, son bir il ərzində Ermənistanda daxili gərginlik artdıqca, insan hüquq və azadlıqları pozulduqca Dağlıq Qarabağ cəbhəsində sistemli şəkildə atəşkəsi pozur və yeni gərginlik ocaqları yaratmağa çalışırlar. Bu isə artıq beynəlxalq qurumları da narahat edir və bununla bağlı BMT açıqlamalarla çıxış edib. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindən bildirilib ki, Ermənistanda insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyəti üçün şərait yaradılmamışdır. Ermənistan ombudsmanına məhbuslarla görüşmək imkanı verilmir ki, bunun da səbəbi hakimiyyətin məhbusların hüquqlarının pozulması faktlarının aşkarlanmasını istəməməsi ilə bağlıdır.
Ermənistanda yalnız məhbusların deyil, qadın və uşaqların da hüquqlarının tez-tez və kütləvi şəkildə pozulması müşahidə edilmişdir.
Məruzə müəllifləri bildirmişlər ki, Ermənistanda siyasi baxışlarına görə təqib olunanların sayı artmışdır.
BMT-nin İnsan Hüquqları üzrə Komitəsi Ermənistan hakimiyyətindən insan hüquqlarına hörmətlə yanaşmağı və vətəndaş cəmiyyətinin formalaşması üçün şəraitin yaradılmasını tələb etmişdir.
BMT-nin insan hüquqları üzrə baş komissarı Zeyd Raad əl-Hüseyn isə Ermənistanı insan hüquqları üzrə prinsiplərə riayət etməyə çağırıb. Baş komissar bir sıra ölkələrdə, o cümlədən Ermənistanda, Rusiyada və Türkiyədə sərbəst fikir ifadəsinin azadlığına qoyulan məhdudiyyətlərlə əlaqədar narahatlığını bildirib.
O, günahsızları qorxudan hakimiyyətlərə qarşı mübarizə aparılmasının zəruriliyini söyləyib və həmin ölkələrdə iqtidarları israrla insan hüquqları prinsiplərinə riayət etməyə çağırıb: "Bu məsələ bizi dərin şəkildə narahat edir. Çox ölkələrdə fikir ifadəsi azadlığını məhdudlaşdırırlar. Belə ölkələrdə – Ermənistan, Banqladeş, Burundi, Konqonun Demokratik Respublikası, Misir, Macarıstan, Fələstin, Rusiya, Səudiyyə Ərəbistanı, Tanzaniya, Tailand, Türkiyə, Venesuela, Vyetnam və Myanmada islahatlara ehtiyac var." Ermənistanda insan hüquq və azadlıqlarının sistemli şəkildə pozulmasına münasibət bildirən politoloq Əli Orucov "Unikal" qəzetinə maraqlı açıqlama verib:"Ermənistanın işğalçılıq siyasəti təkcə region üçün təhlükə törətmir, eyni zamanda beynəlxalq sülhün qorunmasına cidd maneədir. Çünki bu siyasətə dəstək verən və şirnikləndirən dövlətlər var. Ermənistanda terror və insan oğruluğu, düşmənçilik, başqa millətlərə nifrət hissi o qədər güclüdür ki, bütün bunları heç faşit diktaturasındakı vəziyyətlə də müqayisə etmək doğru olmazdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyondan artıq insanı öz təbii hüquqlarından məhrum edilib. Minlərlə insanın həyatına son qoyulub, yüzlərlə soydaşımız əsirliyin ağırlığını çəkir.Ermənistan hakimiyyəti həm də öz vətəndaşlarına da zülüm edir. Məcbur edir kli, ağır blokada, dünyadan tədric vəziyyətdə səfil-sərgərdan yaşasın. Sanki erməni vətəndaşlar da öz ölkələrində girovluqda yaşayırlar. Günün günorta çağı parlamentə girib millət vəkilləri gülləboran edilirsə, siz burada insan haqlarının pozulmasını aydın təsəvvürünüzə gətirə bilərsiz.Əgər Ermənistanın təhdidləri olmasyadı bu gün region planetimizin ən inkişaf etmiş, ən stabil və demokratik guşələrindən birinə çevrilərdi".Mövzu ilə bağlı "Unikal"a danışan Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin rəhbəri və Siyasi Şurasının üzvü Ülkər Abdullayeva da hesab edir ki, regionda insan hüquq və azadlıqlarının pozulmasında Ermənistanın çox ciddi payı var:" Bir tərəfdən Ermənistan Azərbaycan ərazilərinin 20 %-ni işğal etməklə, faktiki olaraq 1 milyona yaxın insanın öz doğma yurdunda, öz evində yaşamaq hüququnu əlindən alıb. Eyni zamanda yüz minlərlə insanın mülkiyyət hüquqları pozulub. Beynəlxalq hüquqda insanın mülkiyyət hüquqları privat hüquqdur, müqəddəs və toxunulmaz hesab edilir. Ermənilər azərbaycanlıların mülkiyyət hüquqlarına təcavüz etməklə, onların öz evində, öz torpağında yaşamaq azadlıqlarını boğub. Bundan əlavə, Ermənistan öz rəsmi ərazilərində yaşayan azərbaycanlıları tarixi yurd-yuvalarından deportasiya etməklə, onların da "mülkiyyət və yaşama arealını təbii surətdə seçmə" hüquqlarını pozub (bu, coğrafi hüquqdur, beynəlxalq sənədlərdə insanların uzun müddət məskunlaşdığı coğrafi ərazilərdən heç bir təbii şərt olmadan köçürülməsi ciddi hüquq pozuntusu hesab edilir və əgər buna təbii zəmin yaranıbsa, o zaman zərərçəkmişlərə kompensasiya ödənilməsi nəzərdə tutulur ). Üstəlik Ermənistan minlərlə azərbaycanlıya qarşı həyata keçirdiyi deportasiya, genosid siyasətinə görə heç bir təzminat ödəməyib ki, bu da ikinci hüquq pozuntusudur. Çünki dünya təcrübəsinə görə zorla köçürülmüş, didərgin salınmış, öldürülmüş insanlara bu cinayətləri törətmiş şəxs, şəxslər və ya dövlət təzminat ödəməlidir. Təəssüf ki, azərbaycanlılar hələ də Ermənistandan təzminat almaq üçün lazım olan hüquqi prosedurları yerinə yetirməyiblər. Ermənistanın regionda insan hüquq və azadlıqlarını pozmasından danışarkən,məsələnin sadaladığımız aspektlərinin üzərində ciddi surətdə dayanmaq lazımdır. Məhz bu amil tələb edir ki, biz Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasından bəhs edən beynəlxalq qurumlara problemi yaradan təbii və hüquqi amilləri xatırladaq.Ölkədə 100 insanın siyasi hüququ pozulubsa, yüz minlərlə insanın da mülkiyyət və yaşamaq hüququ pozulub. Heç bir siyasi hüquq yaşamaq və mülkiyyət hüququndan üstün deyildir.
Digər tərəfdən Ermənistandakı mövcud siyasi rejim öz vətəndaşlarının da hüquq və azadlıqlarına kobud müdaxilə edir. Siyasi rəqiblərin xüsusilə seçkiqabağı dövrdə gülləbaran edilməsi, öldürülməsi, oğurlanması, həbsə atılması bu ölkədə adi hal alıb. Köçəryan-Sərkisyan cütlüyünün hakimiyyəti illərində parlamentdəki gülləbarandan tutmuş müxalifət namizədlərinə sui-qəsd edilməsinə, dinc mitinqçilərin xüsusi təyinatlılar tərəfindən öldürülməsinə qədər hər cür qeyri-insani davranışların şahidi olmuşuq. Bu sıraya günahsız həbsə atılanları, ölkədən getməyə məhkum edilmiş yüz minlərlə vətəndaşı, bağlanmış KİV-ləri də əlavə edə bilərik. Ermənilər özləri beynəlxalq tədbirlərdə, forumlarda, sosial şəbəkələrdə Ermənistanda "cinayətkar Qarabağ mafiyası"nın hakimiyyətdə olduğunu etiraf edirlər. Bunlar həm də Qarabağda, Xocalıda misli görünməmiş hərbi cinayətləri törədən adamlardır.Təsəvvür edin ki, Ermənistan Türkiyəyə qarşı soyqırım iddiaları ilə çıxış edir, sərhədləri bağlıdır, amma son illərdə 100 minədək erməni qanunsuz miqrant kimi Türkiyəyə köç edib və orada yaşamağa, işləməyə, ailəsinə çörəkpulu yollamağa məcbur olub. 90-cı illərdə Azərbaycanla münaqişəyə başlayanda Ermənistanın 3,5 milyona yaxın əhalisi vardısa, bu gün orada heç 2 milyon da adam qalmayıb. Bu isə sözügedən ölkədə insanların sosial və siyasi vəziyyətinin hansı həddə olduğunun göstəricisidir.Yaşamaq üçün yaxşı şəraiti və şərtləri olan ölkəni heç kəs tərk etmir.
Üçüncüsü, Ermənistan Qarabağı öz siyasi ambisiyalarının girovuna çevirməklə də orada yaşayan insanların hüquqlarını pozur. Məlumatlara görə, hətta Sərkisyan rejimi Ermənistandan zorla erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Eyni zamanda ermənilərə Azərbaycan ərazilərini tərk etməyə imkan vermir. Nəticədə adamlar o ərazilərdə girov kimi və ağır həyat şərtləri altında yaşayırlar.
Ermənistanın təcavüzkar mövqeyi, qonşularla münaqişə vəziyyətində olması, kompromislərə getməməsi, Rusiyanın forpostu rolunu oynaması bütövlükdə region,bu regionda yaşayan insanlar üçün təhdiddir. Rusiyanın qeyd-şərtsiz şilləvuranı rolunda çıxış etməsi Ermənistan əhalisinin daxilində də haqlı narazılığa səbəb olur. Onlar öz vətənlərində özlərini Rusiyanın girovu kimi hiss edirlər. Bir dəfə internet-forumların birində erməni hüquq müdafiəçilərindən biri maraqlı fikir səsləndirdi. Dedi ki, siz azərbaycanlılar təkcə ölkənizdəki hakim rejimə tabesiz, biz isə həm Sərkisyan rejiminə, həm də Putin rejiminə tabe olmaq məcburiyyətindəyik. Bu mənzərənin özü Ermənistanın insan hüquq və azadlıqlarına necə bir təhlükə olduğunun bariz sübutudur".