"Vətəndaşların müraciəti haqqında" qanun vətəndaşlara hansı imkanlar açacaq?
"Vətəndaşların müraciəti haqqında" qanun vətəndaşlara hansı imkanlar açacaq?

Çingiz Qənizadə: "Yeni qanun layihəsinə görə, hansısa qurumdan şikayət edən vətəndaşın şikayətini araşdırmaq üçün elə həmin quruma göndərmək qadağan edilir"

Hər bir vətəndaş Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən dövlət orqanlarına müraciət edə, həmin qurumdan müraciətinə baxılmasını tələb edə bilər. Bu konstitusiyamızla Azərbaycan vətəndaşına verilən "Müraciət etmək hüququ"dur. Amma indiyədək ölkə vətəndaşlarının "Müraciət etmə hüququ" həm də "Vətəndaşların müraciət qaydaları haqqında" qanunla tənzimlənib. Bu günlərdə isə Milli Məclis "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsini birinci oxunuşda müzakirə etdi.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Bəs görəsən yeni hazırlanan qanun layihəsi vətəndaşlara aidiyyatı orqanlara müraciətlə bağlı hansı yeni imkanlar açacaq?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyir ki, 17 maddədən ibarət "Vətəndaşların müraciəti haqqında" qanun layihəsi 1997-ci ildə qəbul olunmuş "Vətəndaşların müraciət qaydaları haqqında" qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır. Həmin qanuna görə vətəndaşların araşdırılması rəsmi tələb olunan 3 rəsmi müraciət - təklif, ərizə və şikayət forması var idisə, yeni qanun layihəsində bu artırılaraq 10 müraciət formasına çatdırılır. Buraya hazırda qüvvədə olan 3 müraciət formasından başqa elektron, şifahi, telefon, anonim, kollektiv müraciətlərlə yanaşı, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Əlavə olunmuş yeni müddəalar vətəndaşların müxtəlif üsullarla vəzifəli şəxslərə, aidiyyatı qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq".
Deputat Çingiz Qənizadə isə bi fikirdədir ki, müəyyən dövlət qurumundan daxil olan müraciətlər çox zaman araşdırılması üçün elə həmin dövlət qurumuna göndərilirdi. "Əgər həmin dövlət qurumu problemi həll edən olsaydı, daha vətəndaş bizə niyə şikayət edirdi? Qanuna dəyişiklikdə isə şikayəti həmin qurumun özünə göndərmək qadağan edilir. Bu, müsbət haldır. Həmçinin bir çox hallarda vətəndaş şikayət etdikdən sonra müxtəlif yollarla şikayəti geri götüzdürürlər. Yazdırırlar ki, əsəbi olduğuma görə şikayət etmişəm, hazırda şikayətim yoxdur. Ancaq bütün hallarda, hətta şikayətçi öz şikayətini geri götürübsə belə, həmin sənəd mütləq araşdırılmalıdır" .
Beləcə görünür ki, Milli Məclisdə birinci oxunuşdan keçən qanun layihəsi aylarla bir şikayətinin həlli üçün məmur qapısında sürünən vətəndaşlara yeni imkanlar açacaq. Belə ki, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin 4-cü maddəsində "Vətəndaşların müraciətlərinə baxılmanın əsas prinsipləri" öz əksini tapıb. Bu maddəyə görə, vətəndaşların müraciətlərinə baxılmanın əsas prinsipləri aşağıdakılardır:
4.1.1. qanunçuluğa riayət edilməsi;
4.1.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;
4.1.3. müraciətlərə dair tələblərin vahidliyi;
4.1.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;
4.1.5. müraciətlərə baxılmasında süründürməçiliyə və ayrı-seçkiliyə yol verilməməsi;
4.1.6. müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;
4.1.7. vətəndaşların müraciət etmək hüququnun və dövlət maraqlarının uzlaşdırılması.
Qanun layihəsinin 7-ci maddəsində "Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası" öz əksini tapıb. Bu maddəyə görə, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini həmçinin elektron formada həyata keçirmək hüququ vardır. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və yaxud müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə, həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti beş iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə, müraciətin surəti beş iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və yaxud digər müraciətə baxan subyektə göndərdikdə, həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.Vətəndaşın müraciətində göstərilən məsələlər "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda, vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qanun layihəsinin 14-cü maddəsində isə "Müraciətlərə baxılma zamanı vətəndaşların hüquqları" göstərilir. 14.1. bəndə görə, müraciətinə baxılan vətəndaşın hüquqları bunlardır: "Müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;müraciətə baxılmanın dayandırılması barədə ərizə ilə müraciət etmək; təkrar yazılı müraciətə ilkin müraciətə baxılmanın nəticəsi barədə sənədləri əlavə etmək; ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək; müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq; müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə, həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq; müraciətə baxılma barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq; müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək; müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək".
Bu qanun layihəsinin 16-cı maddəsi ilə bu qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.