AŞPA-dan girovlarımızın tapdalanan hüquq və azadlıqları ilə bağlı qərar

AŞPA-dan girovlarımızın tapdalanan hüquq və azadlıqları ilə bağlı qərar
Rəfail Becanov :"Nəhayət ki, bəzi qurumlar artıq bu qərəzli yanaşmanın onlara xeyir gətirməyəcəyini anladığından müəyyən addımlar atmağa başlayıblarsa, bundan sevinmək olar".

Bu gün dünyada insan hüquq və azadlıqlarının qorunması ilə bağlı səslənən fikirlər, ortaya qoyulan iddialar deyəsən o qədər də səmimi deyil. Belə ki, nüfuzlu beynəlxalq təşkilatlar yeri gəldi- gəlmədi Azərbaycanı nələrdəsə ittiham edirlər.
Bununlada müəyyən maraqlarına nail olmağa çalışmalarından fərqli olaraq bu günə qədər Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, yüz minlərlə insanın hüquq və azadlıqlarına ağır zərbələr vursalar da nədənsə, Ermənistana qarşı hansısa sanksiyaları tətbiq etməkdən çox uzaqdırlar. Bu azmış kimi artıq bir neçə aydır ki, Ermənistanın girovluğunda olan iki azərbaycanlının yaşam hüququnun qorunması istiqamətində də beynəlxalq təşkilatlar real heç bir addım atmayıblar. Düzdür, müxtəlif səviyyələrdə hansısa bəyanatlar səsləndirilib, Azərbaycan tərəfinin haqlı tələblərindən sonra hansısa açıqlamalar verilib. Amma bunlar yetərli olmayıb. Son olaraq ABŞ bəyanatla çıxış edərək Ermənistandan girovların azadlığa buraxılmasını tələb etmişdi. Amma Ermənistanın xarici işlər naziri bəyan etdi ki, girovların azad edilməsindən söhbət gedə bilməz. Bu isə bir daha təsdiqləyir ki, Ermənistan insan hüquq və azadlıqlarına tam biganədir və beynəlxalq təşkilatların açıqlamaları onlar üçün önəmli deyil. Buna baxmayaraq Azərbaycan tərəfi beynəlxalq güclər vasitəsi ilə iki girovumuzun azad olunmasına cəhdlərini davam etdirir.Nəhayət növbəti sevindirici xəbər AŞPA Sədarət Komitəsindən gəlib. Belə ki, AŞPA Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul edib. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov öz məqaləsində məlumat verib. Elxan Süleymanov yazır: "Mən AŞPA yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim etmişdim və bu barədə ictimaiyyətə məlumat vermişdim.Katibliyə təqdim etdiyim "Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair" adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanmışdır. Qeyd etməliyəm ki, AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Göründüyü kimi, qətnamə layihəsi hazırlanarkən tam olaraq qurumun prosedur qaydalarına əməl edilib və həmin qaydalara uyğun olaraq qətnamə layihəsi AŞPA-nın gündəliyinə daxil edilmişdi.
AŞPA-nın Sədarət Komitəsinin 5 mart tarixli iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb. İclasda həmin sənədin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair" hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Növbəti addım kimi sənəd Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul edilməlidir.
Onu da diqqətə çatdırmaq istərdim ki, son 2 il ərzində mən AŞPA-ya üç qətnamə layihəsi təqdim etmişəm. Bu sənədlərin hər üçü Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və ərazilərimizin işğal edilməsi və işğalın 23 ildən artıq müddət ərzində davam etməsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır.
Birinci sənəd 23 ildən artıq müddət ərzində işğal altında qalmış Sərsəng su anbarının Azərbaycanın 6 cəbhəyanı rayonlarında törədəcəyi humanitar və ekoloji fəlakət vəziyyətinin təhdidləri ilə bağlıdır. Bu təklif üzrə Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan AŞPA üzvü Meliça Markoviç məruzəçi təyin edilib. Məruzəçi artıq bu ilin yanvar ayında ölkəmizə ilkin səfər edib, Azərbaycanın Sərsəng su anbarında yaranmış təhlükəli vəziyyətlə bağlı əziyyət çəkən cəbhəyanı rayonlarında görüşlər keçirib.
AŞPA-ya təqdim etdiyim ikinci sənəd "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair" qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində Böyük Britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Biz bu sənəd vasitəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır və o, 11-15 mart tarixlərdə mandatı çərçivəsində ölkəmizə səfər edəcək.
Vurğulamalıyam ki, hər iki qətnamə layihəsini irəli sürdükdən sonra biz AŞPA-da anti-Azərbaycan qüvvələrin böyük müqaviməti ilə üzləşdik. Bu qətnamə layihələrinin qarşısının alınması və gündəlikdən çıxarılması istiqamətində AŞPA rəhbərliyi və Katibliyinin birbaşa iştirakı ilə bütün anti-Azərbaycan qüvvələr, erməni lobbiləri səfərbər olundular. Biz onların müqavimətini dəf edə bildik və birinci mərhələni uğurla başa vurduq. İnanmaq istərdik ki, məruzəçilər öz məruzələrini hazırlayarkən obyektivlik və prinsipiallıq nümayiş etdirəcəklər.
Nəhayət, 2015-ci il AŞPA-nın yanvar sessiyası zamanı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini təqdim etdim. Bu, son iki il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində yaranmış vəziyyətə dair AŞPA-ya təqdim etdiyim 3-cü qətnamə layihəsidir. Hesab edirəm ki, Sədarət Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞPA-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır".Ermənistanda girov saxlanılan iki azərbaycanlının pozulan hüquq və azadlıqları ilə bağlı "Unikal"a açıqlama verən Jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov maraqlı məqamlara aydınlıq gətirib:"Biz hər zaman ikili standartlardan danışırıq. Bunu təkzib etmək istəyənlər də çoxdur və ikili standartlardan danışanları daim beynəlxalq təşkilatların fəaliyyətinə kölgə salmaqda ittiham edirlər. Eyni zamanda, beynəlxalq təşkilatlar da öz mövqelərinə haqq qazandırmağa çalışırlar. Amma əsl həqiqət biz deyən kimidir. Beynəlxalq təşkilatların Azərbaycana yanaşmasında obyektivlik müşahidə edilmir. Bu təşkilatlar özlərinə sərf edəndə bir, sərf etməyəndə başqa bir yanaşma tətbiq edirlər. Bu da həmin qurumların imicinə zərbədir. Azərbaycan xalqının böyük əksəriyyəti, bəlkə də hamısı onların qərəzli olduqlarını,bizə yanaşmada ikili standartların tətbiqinin fərqindədir və ona görə də bu təşkilatlara inanmır.
Bu yanaşma xüsusən Qarabağ məsələsi ilə bağlı daha çox qabarıq görünür. O cümlədən də ötən ilin iyulunda Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyevə və Dilqəm Əsgərovun indiyə kimi orada saxlanması və qanunsuz məhkəmə prosesi ilə həbs olunmalarındadır. Bütün dünya bilir ki, ötən il iyulun 11-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda girov götürülən üç azərbaycanlıdan biri Ermənistanda qətlə yetirildi və digər 2 nəfər hələ də girov saxlanılır. Mülki vətəndaşların öz tarixi torpaqlarında, suveren Azərbaycan ərazilərində sərbəst hərəkət etmələrinə imkan verməmək Ermənistanın işğalçılığının bariz nümunəsidir. Təəssüf ki, ikili standartlar bu məsələdə özünü göstərir və Ermənistan beynəlxalq təşkilatlar tərəfindən təcavüzkar və işğalçı dövlət kimi tanınmır.
Nəhayət ki, bəzi qurumlar artıq bu qərəzli yanaşmanın onlara xeyir gətirməyəcəyini anladığından müəyyən addımlar atmağa başlayıblarsa, bundan sevinmək olar. AŞPA Sədarət Komitəsinin qəbul etdiyi qərarı da bu qəbildən saymaq olar. İnanmaq istərdik ki, 24 ölkəni təmsil edən 46 parlamentarinin imzaladığı qətnamə Büro tərəfindən qəbul ediləcək və Ermənistandan mülki girovların qeyd-şərtsiz azad edilməsi tələb ediləcək. Təbii ki, Ermənistanın bu qətnaməni yerinə yetirib-yetirməyəcəyi sual altındadır. Çünki Ermənistan tərəfi heç bir halda girovları verməyəcəyini bəyan edir. Belə olacaqsa, Ermənistana qarşı hansı addımlar atılacaq? Əsas məsələ budur. Hesab edirəm ki, AŞPA sərt mövqe sərgiləməlidir və əgər tələb yerinə yetirilməzsə, Ermənistana müəyyən sanksiyalar tətbiq olunmalıdır. AŞPA-da səs hüququnun əlindən alınması, yaxud birbaşa təcavüzkar dövlət elan edilməsi kimi sərt tələblər olarsa, hesab edirəm ki, Ermənistan geri çəkiləcək, girovları azad edəcək. Çünki Ermənistan güc və sərt münasibət qarşısında duruş gətirmək iqtidarında deyil. Sadəcə, ona həmin münasibəti göstərmək lazımdır. Əgər, ikili standartlar yenidən işə düşəcəksə, onda bu AŞPA-nın nüfuzuna daha ciddi zərbə olacaq".