Əcnəbilərə verilən uşaqların taleyi
Əcnəbilərə verilən uşaqların taleyi

Övladlığa götürmənin gizli saxlanması onların taleyini araşdırmağa maneçilik törədir

Başqa bir ailədə doğulsa da, tanımadığı, taleyinə yad bir ailədə böyümək qisməti yazılan yüzlərlə uşaq var. Onların bəziləri ata-anasını itirdiyindən başqa ailələrə övladlığa verilir, bəziləri isə atıldıqları üçün ya internatlarda böyüyür.
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)və alternativ qayğı Dövlət Proqramı" da məhz uşaqların internatlarda deyil, ailələrdə böyüməsini dəstəkləmək məqsədi daşıyır. İlk andan internatda ata-ana nəvazişindən məhrum olan körpənin ailə qayğısı ilə əhatə olunması təqdirəlayiq hal kimi qiymətləndirilsə də, övladlığa verilən uşağın gələcək taleyi həmişə narahatlıq yaradır. Ölkə daxilində övladlığa verilən uşaqların aqibəti ilə maraqlanmaq asan olsa da, xarici ölkələrin vətəndaşlarına, əcnəbilərə verilən uşaqların taleyi həmişə narahatlıq doğurur. Öncə qeyd edək ki, Ailə Məcəlləsinin 19-cu fəsilə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir. Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. 117.7. maddəyə görə, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verilir. Qanunvericilikdən də görünür ki, hüquqi baxımdan xarici ölkə vətəndaşının bizim ölkədən övladlığa uşaq götürməsi mümkündür. Amma xarici vətəndaşa övladlığa verilən uşağın hansı şəraitdə saxlanılmasını izləmək bir qədər çətin prosesdir. Təcrübə də göstərir ki, məsələ həmin uşaqların əcnəbilərə övladlığa verilməsilə bitməməlidir. Belə uşaqların gələcək taleyinin necə olacağını bilmək də vacibdir. Bir sıra hallarda görürsən ki, uşağı övladlığa götürən əcnəbi vətəndaş ona qarşı amansız rəftarı ilə seçilir. Belədə isə həmin uşağı normal yetişdirmək əvəzinə, onun durumunun, səhhətinin, psixoloji vəziyyətinin daha da ağırlaşmasına bais olur. Bu kimi mənfi hallar özünü Rusiyada daha kəskin şəkildə göstərir. Belə ki, burada aparılan araşdırmalar Rusiyadan övladlığa götürülmüş uşaqların bəzilərinin sonrakı taleyinin çox acınacaqlı olduğunu göstərib. Hətta rus telekanalları ABŞ-a övladlığa verilmiş uşağın başına açılmış oyun barəsində bir ara çoxsaylı süjetlər də nümayiş etdirdilər. Ona görə də xaricilərə övladlığa verilən uşaqların sonrakı taleyilə də ciddi şəkildə maraqlanmaq lazımdır.
Xüsusi qeyd etmək lazımdır ki, istər ölkə daxilində, istər də ölkə xaricinə övladlığa verilən uşaqla bağlı jurnalist araşdırmasının aparılması qanunda qoyulan məhdudiyyətlərlə mümkünsüzdür. Ailə Məcəlləsinin 130-cu maddəsində övladlığa götürmənin gizli saxlanması şərt kimi qoyulub. Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyir ki, valideynlərdən başqa heç kəs bu sirri açıqlaya bilməz. Onun sözlərinə görə, övladlığa götürmənin sirri qanunla mühafizə olunur: " Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Və Cinayət Məcəlləsinin 175-ci maddəsində də övladlığa götürmə sirrini yaymağa görə, məsuliyyət nəzərdə tutulur. Orada göstərilir ki, övladlığa götürənin iradəsi ziddinə uyğun olaraq, övladlığa götürmə faktının xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən yaymağa görə həm 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzası, 1 ildən 2 ilədək islah işləri, eyni zamanda müəyyən müddətə ictimai işlər və müyyən müddət ərzində fəaliyyət hüququndan məhrum etmə nəzərdə tutulur".
Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov də deyir ki, istəsələr də, özlərinin sözügedən uşaqların taleyilə maraqlanmaq imkanları yoxdur: "Əslində təşkilatımızın xarici vətəndaşlara övladlığa verilən azərbaycanlı uşaqların sonrakı taleyilə maraqlanması üçün imkan və şəraiti yoxdur. Amma buna baxmayaraq, bir çoxları kimi biz də bu uşaqların taleyindən narahatıq. Məsələ ondadır ki, xarici vətəndaşa övladlığa verilən uşaqlarımızla bağlı problem bir sıra digər ölkələrdə olduğu kimi Azərbaycanda da aktualdır. Uşaqların övladlığa verilməsilə əlaqədar Haaqa Konvensiyası var. Orada qeyd olunur ki, uşağı başqa ölkənin vətəndaşına övladlığa verən dövlətin həmin uşaq üzərində nəzarəti olmalıdır. Yəni dövlət həmin uşağın gələcək taleyi barədə maraqlanmalıdır. Ölkəmizdə bu işlə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi məşğul olur. Həmin uşaqların gələcək taleyinə də məhz sözügedən komitə nəzarət etməlidir. Eyni zamanda komitə xaricə verilən uşaqlara nəzarət prosesini şəffaf şəkildə həyata keçirməli, uşağın vəziyyəti barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalıdır ki, cəmiyyət də bundan xəbərdar olsun. Bu yolla cəmiyyət xaricə övladlığa verilən uşağın hansı vəziyyətdə yaşadığından məlumatlı ola bilər. Amma təəssüf ki, sözügedən komitədə uşaqların sonrakı taleyilə maraqlansalar da, bu barədə ictimaiyyət məlumatlandırılmır. Bu isə onu göstərir ki, həmin uşaqların sonrakı taleyilə bağlı nəzarət prosesi də məxfi saxlanılır. Amma düşünürəm ki, proses şəffaf şəkildə olsaydı, xaricə verilən uşaqların hüquqları daha da yüksək səviyyədə müdafiə olunmuş olardı".
Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev isə əcnəbilərə övladlığa verilən uşaqların taleyilə mümkün olduğu qədər maraqlandıqlarını, hətta bu sahədə araşdırma da apardıqlarını diqqətə çatdırdı: "Ölkəmizdə azərbaycanlı uşaqların əcnəbilərə övladlığa verilməsi mübahisə predmeti olub. Bu sahədə narahatçılıq yaradan məqamlar vardı. Məsələn, 2003-cü ildə azərbaycanlı uşaqların əcnəbilərə satılması məsələsilə əlaqədar olaraq problem yaşanmışdı. 2004-cü ildə Azərbaycanda uşaq hüquqları, insan alverilə bağlı Milli Fəaliyyət Proqramı qəbul edildi, 2005-ci ildə Cinayət Məcəlləsinə bununla əlaqədar dəyişikliklər edildi. Nəhayət Ailə, Qadın və Uşaq Problemləri Komitəsi yaradıldıqdan sonra əcnəbilərin azərbaycanlı uşaqları övladlığa götürməsi məsələsinin çözümü bu quruma həvalə edildi. Əvvəl isə 3 yaşına qədər uşaqların övladlığa götürülməsi Səhiyyə Nazirliyi, 3-18 yaşlı uşaqlar isə Təhsil Nazirliyi vasitəsilə həyata keçirilirdisə, sözügedən komitənin yaradılması ilə məsələ bir təşkilatın öhdəsinə buraxıldı. Apardığımız son müşahidələr onu göstərir ki, əvvəlki illərə nisbətən əcnəbi vətəndaşlara verilən uşaqların sayında kəskin azalmalar baş verib. Bu da Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin işinin nəticəsidir. Yəni proses tənzimləndiyindən bu istiqamətdə işlər normallaşıb. Bir çox ölkələrdə uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsilə bağlı qanunvericilikdə ciddi məqamlar vardır. Bu da ondan ibarətdir ki, övladlığa götürmə prosesi ciddi monitoriq sistemindən keçməlidir. Uşaqlar əcnəbilərə verilibsə, xaricdəki Azərbaycan səfirlikləri, müvafiq dövlət orqanları vasitəsilə onların mütəmadi olaraq monitorinqi aparılmalıdır. Xaricdə başqa ölkəyə verilən övladların taleyi daim diqqətdə saxlanılır. Prosesə nəzarət edən müvafiq qurumlar həmin uşaqlar barədə heç olmasa ildə bir dəfə müvafiq orqanlar vasitəsilə uşaqların sağlamlığı, səhhəti, yaşayışı və təhsililə bağlı məlumat verirlər. Amma hesab edirəm ki, belə uşaqlarla bağlı heç olmasa ictimaiyyətin də geniş məlumatı olmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə, ABŞ və Avropada Vyetnam və Afrika dövlətlərindən uşaqları Amerikanın yerli sakinləri övladlığa götürürlər. Bu zaman onlar çalışır ki, həmin uşaqların taleyi o qədər də gizli qalmasın. Onların yeni valideynləri və prosesə nəzarət edən qurumlar övladlığa götürülən uşaqların mütəmadi olaraq milli bayramlarını təşkil edir, adət-ənənələrini qorumağa çalışırlar ki, onlar öz inanclarından uzaq olmasın. Ona görə də düşünürəm ki, bizdə də belə uşaqların taleyilə bağlı ictimai məlumatlandırma da olmalıdır. Əcnəbiyə övladlığa verilən balaca soydaşımız gələcəkdə həmin ölkənin həyatında mühüm rol oynaya bilər və belədə onlar ölkəmizi də təbliğ edə bilər. Bunun üçünsə əcnəbilərə övladlığa verilən uşaqların taleyilə bütün səviyyələrdə ciddi maraqlanmaq gərəkdir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın sözlərinə görə, övladlığa verilən uşaqların sonrakı taleyi ilə daim maraqlanırlar. Onun sözlərinə görə artıq Azərbaycandan xaricə övladlığa verilən uşaqlara 18 yaşınadək nəzarət ediləcək. V. Mövsümova deyir ki, xarici vətəndaşlara verilən uşaqların Azərbaycan vətəndaşlığı ləğv edilsə də, Azərbaycan tərəfi həmin uşağın üzərində nəzarət hüququnu itirmir: "Övladlığa uşaq götürmə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklə artıq Azərbaycandan xarici vətəndaşlara övladlığa verilən uşaqlara 18 yaşına çatanadək nəzarət olunacaq. Əvvəl bu müddət 6 aydan bir 3 yaşa qədər idisə, qanunvericiliyə edilən son dəyişikliklə ildə 1 dəfə 18 yaşa çatdırıldı".
Vəsilə Möhsümovanın sözlərinə görə, bundan sonra xarici vətəndaşa övladlığa verilmiş uşağın sonrakı həyat şəraitinin, tərbiyəsinin necə aparılmasını yoxlamaq üçün məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra ildə bir dəfə, uşaq 18 yaşına çatanadək nəzarət ediləcək.