ADR rəhbəri: "ADR Hərəkatının partiyaya çevrilməsi ilə bağlı qərarı üzvlər verəcək"

"ABŞ-a səfər proqramım 5 ay olsa da, bu müddət ərzində Bakıya qısamüddətli səfərlərim də gözlənilir". Bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.
Hazırda Vaşinqtonda olan hərəkat sədri ABŞ-a Dövlət Departamenti tərəfindən dəstəklənən və Demokratiya Naminə Fond tərəfindən himayə olunan proqram çərçivəsində getdiyini bildirib: "Proqram Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafına, insan haqlarının və azadlıqlarının qorunmasına təşviq məqsədi güdür. Onun müddəti bitdikdən sonra mən yenidən vətənə dönüb fəaliyyətimi davam etdirəcəyəm".
Hərəkatın partiyaya çevrilib-çevrilməyəcəyi barədə sualı cavablandıran Q. İbadoğlunun sözlərinə görə, belə bir qərarı üzvlər verəcək: "Hərəkat partiyaya çevrilərsə, keçidi tənzimləyən prosedur qaydaları və siyasəti hazırlanaraq üzvlərə açıqlanacaq. Bu il üçün ADR hərəkatının fəaliyyət planında təşkilatlanma, şəbəkələşmə və portfelləşmə hədəfləri qoyulub. Bu hədəflərə çatdıqdan sonra yenidən konfransımızı keçirəcəyik və qərarı da üzvlər verəcək. Ötən 21 fevral tarixli təsis konfransında qəbul edilən 2015-cü il üçün fəaliyyət planında qarşımıza belə bir məqsəd qoyulmayıb".