Azərbaycan girovluqda qalan vətəndaşlarının hüquqlarının müdafiəsini gücləndirir
Azərbaycan girovluqda qalan vətəndaşlarının hüquqlarının müdafiəsini gücləndirir

Prezidentinin köməkçisi Əli Həsənov Ermənistana Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xəbərdarlıq etdi

Məlum olduğu kimi, didərgin düşdüyü ö doğma yurd-yuvasını ziyarət etdiyi zaman ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi qərarı verilib. Prezident İlham Əliyevin özü şəxsən bu məsələni nəzarətə götürüb və onların hüquqlarının qorunması, ölkəyə qaytarılması üçün lazımi olan bütün tədbirlərin həyata keçirilməsini tapşırıb. Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olan insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu yöndə də mütəmadi olaraq, önəmli addımlar atılır.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Ermənistanın girovlarla bağlı tutduğu mövqeyə münasibət bildirərkən sərgilədiyi yanaşma da bunu deməyə əsas verir. Belə ki, Ə.Həsənov dünən mətbuata verdiyi açıqlamada təəssüflə qeyd edib ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir. Onun sözlərinə görə, faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır. Ə.Həsənov onu da nəzərə çatdırıb ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır: "Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun söykəndiyi, arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, siyasi dünyagörüşü ilə dövlət qurmaq, idarə etmək olmaz. Əgər sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırlarsa, heç olmasa öz xalqlarının maraqlarını nəzərə alsınlar. Ermənistan xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur, sual altına alır".
Məsələylə bağlı "Unikal"a açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədr müavini Eldar Orucov Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistanın girovlarla bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib ki, Azərbaycan dövləti hər iki vətəndaşımızın hüquqlarının qorunmasına həssaslıqla yanaşır. Onun sözlərinə görə, Əli Həsənovun məsələyə yanaşması da xüsisi qiymətləndirilməlidir: "Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur. İstər ölkə daxilində, istərsə də, kənarda hər bir vətəndaşın hüquq və azadlığı dövlət üçün əhəmiyyətlidir. Çox müsbət haldır ki, neçə vaxtdır ermənilər tərəfindən girov götürülən iki soydaşımızla bağlı məsələ də dövlətin diqqət mərkəzindədir. Hesab edirəm ki, dövlət onların hüquqlarını lazımi səviyyədə qoruya bilir və azad etməyə də kifayət qədər gücü çatır. Ramil Səfərov da "girovluq"dan azad edilmişdi və ona layiqli qiymət verilmişdi. Bu istiqamətdə işlərdən razıyam. Təqdir olunmalıdır ki, dövlət bu istiqamətdə lazımi işlər görür".
E.Orucov onu da qeyd edib ki, erməni vandalizmi, insan hüquq və azadlıqlarının pozulması istiqamətində atdıqları addımlar hər kəsə bəllidir. Onun sözlərinə görə, özlərini humanist göstərən erməni toplumunun insanların hüquq və azadlıqlarına necə qənim kəsildiyini dünya ictimaiyyətinə çatdırmaq lazımdır: "Hazırda Ermənistanda girovluqda olan vətəndaşlarımızla bağlı problem lazımi səviyyədə dünyaya çatdırılır. Ölkəmiz hər bir girovuna hər zaman sahib olub və olur .Onların azad olunması üçün ciddi tədbirlər görülür və işlər aparılır. Əminəm ki, Dilqəm Əsgərov və Şahbaz quliyev də azad olunacaq. Biz buna inanırıq və dövlətimizə hər zaman güvənirik. QHT-lər də bu sahədə bacardıqları qədər çalışmalıdır və ciddi işləməlidirlər ki, bu problemlə bağlı dünya səviyyəsində təbliğat qurulmalıdır".
Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şura üzvü, politoloq Əli Orcuv fikirlərini "Unikal"la bölüşərkən bu istiqamətdə aparılan işləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, hökumətin girovlarımızın azad olunması üçün göstərdiyi səylər qənaətbxşdir: "Ədalət naminə demək lazımdır ki, Şahbaz Quliyevlə Dilqəm Əsgərovun hüquqlarının qorunması istıqamətində Azərbaycan iqtidarı iş aparır. Diplomatik kanallar vasitəsi ilə onların erməni girovluğundan azad edilməsinə cəhd göstərilir. Burada böyük dövlətlərin ikili yanaşamsı özünü tam aydın şəkildə ortaya qoyur. Bir halda ki, beynəlxalq və regional qurumlar, supergüclər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, suveren hüquqlarına hörmətlə yanaşdıqlarını iddia edirlərsə, onda nədən Azərbaycan vətəndaşlarının öz ərazilərində sərbəst gəzmək kimi doğal haqlarının kobud şəkildə tapdanmasına göz yumulur? Bunun bir adı var insan oğruluğu və terrorizm".
Ə.Orucov deyir ki, ermənilər bu addımları ilə bir daha sübut etdilər ki, insan oğurluğu və terrorizm Ermənistanın dövlət siyasətidir və hər kəs də bu cinayətə biganə yanaşır: "Əvvəla insan taleyi ilə oynamaq olmaz, ikincisi də bu artıq iki insanın taleyindən deyil, beynəlxalq hüquq normalarının və hamılıqla qəbul edilmiş prinsiplərin hörmətdən salınmasına bir işarədir. Kim güclüdürsə, arxasında güc varsa, istədiklərini edəcəksə o zaman dünyanın düzəni pozular. Necə ki, həmin siyasətin nəticəsidir ki, beynəlxlaq terrorizm, separatizm, insan oğurluğu və transmilli cinayətlər getdikcə vüsət alaraq artıq planetimzə ciddi təhlükə yaradıb. Əgər dünya "qaşa -qaş, gözə- göz" prinsipləri ilə, "güclü-gücsüz" yanaşması ilə idarə olunursa o zaman azərbaycan da həmin prinsip və yanaşmalar sərgiləməlidir. Yəni öz gücünü və qüdrətini nümayiş etdirməlidir ki, düşmən tərəf ibrət götürərək, bir daha öz torpağımızda soydaşlarımızı və vətəndaşlarımızı oğurlamaq, qətlə yetirmək cəsarətində buluna bilməsinlər".
Onu da nəzərə çatdıraq ki, Azərbaycan girovluqda olan vətəndaşlarının hüquqlarının qorunması üçün müxtəlif addımlar atıb. Bu istiqamətdə bir sıra müraciətlər, çağırışlar hazırlanıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir. Hal-hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və onlarla qeyri-insani rəftar edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədi ilə Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Baş katibinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasının Vitse-prezidentinə, Avropa Şurasının Baş katibinə və ATƏT Baş katibinə müraciətlər ünvanlayıb. Müraciətdə Ə.Həsənov bildirib ki, erməni tərəfi bu dinc vətəndaşları yalandan və əsassız şəkildə təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində girovdur və orada qeyri-insani rəftara məruz qalırlar: "Ermənistanda saxlanılan şəxslərin məsələsi siyasiləşdirilmədən humanitar prinsiplər əsasında tezliklə öz həllini tapmalıdır. Lakin açıq şəkildə beynəlxalq humanitar hüququn prinsiplərindən irəli gələn öhdəliklərini kobudcasına pozan Ermənistan sözügedən mülki şəxslərin Azərbaycana qaytarılmasından imtina edir. Hesab edirik ki, BMT-nin sözügedən mülki vətəndaşların Azərbaycana qaytarılmasına köməklik göstərməsi üçün mandatına və beynəlxalq humanitar hüququn və insan haqlarının tələblərinə uyğun olaraq geniş imkanları mövcuddur. Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin bu məsələnin həll edilməsi üçün göstərdiyi səylərinə hörmətlə yanaşır və qurumun Azərbaycandakı Nümayəndəliyi ilə problemlə bağlı müntəzəm təmasdadır. Lakin Ermənistan hökumətinin məsələdə tutduğu destruktiv mövqeyi və 1949-cu il Cenevrə Konvensiyaları və BMT-nin insan hüquqları üzrə Konvensiyası ilə üzərinə düşən imperativ xarakterli öhdəliklərin icrasından boyun qaçırması Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə səylərimizin nəticəsiz qalmasına səbəb olur. Yuxarıda qeyd edilənləri və Birləşmiş Millətlər Təşkilatının mandatının əsas məqsədlərindən birinin humanitar hüququn və insan haqlarının təşviq olunması və ona riayətin təmin edilməsi olduğunu nəzərə alaraq, Azərbaycan tərəfi yaranmış problemin həll edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının nüfuzundan istifadə edərək Ermənistan hökumətinə öz öhdəliklərinin yerinə yetirilməsi üçün təsir etməyə çağırır".