Kütləvi sosial xidmətlərin elektronlaşdırılmaması  vətəndaşların hüquqlarının pozulması hallarını artırır
Kütləvi sosial xidmətlərin elektronlaşdırılmaması
vətəndaşların hüquqlarının pozulması hallarını artırır

Osman Gündüz: "Adi vəziyyətdə vətəndaşın bir müraciəti elektron göndərilsə belə, beş-altı aya cavablandıran qurum, müraciəti elektron-hökumət portalı vasitəsilə göndərilərsə, həmin sorğuya cavab yazmaq məcburiyyətində qalır"

Vətəndaşı qəbul edib dinləmək, onun probleminə səlahiyyəti çərçivəsində kömək etmək məmurların vəzifəsi olsa da, hələ də bəzi qurumlarda vətəndaşlar məmur süründürməçiliyi ilə üzləşirlər. Vətəndaşların hüquqlarının qorunması, onların məmurlarla birbaşa təmasını sıfıra endirmək üçün ölkədə elektron xidmətlərə keçid baş tutsa da, hələ də bəzi qurumlar vətəndaşların suallarına elektron yolla cavab verməkdən, onlara elektron xidmət göstərmək istəmirlər.
Bu işdə mərkəzi icra orqanları nəzərəçarpacaq iş görərək xidmətlərini elektronlaşdırıb vətəndaş məmnunluğu yaratsalar da, yerli icra orqanlarında hələ də vətəndaş hər hansı bir xidmət üçün günlərlə məmur qapısını döymək məcburiyyətində qalır. Bu isə vətəndaşların hüquqlarının müxtəlif sahələrdə pozulması ilə sonuclanır. Azərbaycanın bütün şəhər və rayonlarının rəsmi internet səhifələrində artıq "Elektron xidmətlər" bölməsi yaradılıb. Lakin həmin bölmə heç bir rayonun səhifəsində aktiv deyil. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılov da təsdiqləyir. Onun "Azərbaycan" qəzetində dərc olunan "Ölkə prezidentinin insan amilinə söykənən inkişaf strategiyası və vətəndaşların müraciətinə baxılması" adlı məqaləsində qeyd olunur ki, monitorinqlər saytların əsasən işlək vəziyyətdə olduğunu göstərir. Lakin bir sıra təşkilatlarda vətəndaşlar üçün çox əlverişli olan bu elektron xidmət vasitəsinə lazımi diqqət göstərilmir: "Bəzi təşkilatların saytlarında "Müraciət etmək" xanasının yaradılmasına baxmayaraq, müraciət etmək üçün xüsusi forma hazırlanmayıb və bunun əvəzində ancaq elektron ünvan göstərilib. Elə qurumlar var ki, saytlarında ümumiyyətlə, qəbul cədvəlləri yerləşdirilmir, əvvəlki illərə aid qəbul cədvəlləri qalır".
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də deyir ki,elə saytlar var ki, böyük dövlət vəsaiti xərclənib xidmət yaradılıb, ancaq ondan bir nəfər belə istifadə etməyib: "Dövlət başçısı təsdiq edib ki, 428 xidmət sahəsi elektron xidmətə çevrilməlidir. Onlardan 120 ehtiyac olan xidmətlərdən yalnız 18-i üzrə elektron xidmət təşkil edilib. Hesab edirəm ki, 83 xidmət sahəsinin təşkili icbari olmalıdır".
Ekspertlər eyni zamanda hesab edirlər ki, ictimai-sosial və kütləvi xidmətlər üzrə vətəndaşlara elektron xidmətlərin təşkili prioritet olmalıdır. "Küçədən polis insanların avtomobilini cərimə meydançasına aparır, amma vətəndaş saatlarla avtomobilinin harada olduğunu axtarır. Halbuki 5 dəqiqə ərzində polis avtomobil sahibini xəbərdar edə bilər".
O. Gündüz deyir ki, ölkə başçısının sərəncamı ilə yerli icra hakimiyyəti orqanları vətəndaşlara göstərdikləri xidməti nəinki elektronlaşdırmalı, həmin xidmətləri Elektron hökumət portalına inteqarasiya etməklə vətəndaşların vahid məkandan xidmət almasını təmin etməlidirlər: ", RİH-lərinin xidmətlərinin elektron hökumət portalına inteqrasiyası, əhalinin ən səbirsizliklə gözlədiyi xidmət sahələrindəndir. Rayon İcra Hakimiyyətlərinin xidmətlərinin e-hökumətə inteqrasiyası vacibdir. Amma e-hökumət portalına keçiddə ən çox "axsayan" da elə yerli icra hakimiyyətləri orqanlarıdır. İnandırıcı səslənməsə də, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) indiyədək bir xidmətini belə e-hökumət portalına inteqrasiya etdirə bilməyib. Halbuki, bu gün Bakı Şəhər İcra Hakimiyyətində, onlarla xidmət var ki, əhali həmin xidmətlərdən mütəmadi olaraq yararlanır. BŞİH-nin Uşaq Evləri və Bağçalar İdarəsinin də bütün bağçalarda yerlərin, uşaqların sayı barədə məlumatların elektron bazasını yaradaraq elektron xidmət göstərməsinin də artıq vaxtı çatıb. BŞİH-nin bu yarıtmaz fəaliyyətindən nümunə götürən Bakı Şəhərinin Rayon İcra Hakimiyyətləri də, hələki xidmətlərinin e-hökumət portalına inteqrasiyası barədə düşünmürlər. RİH-lərinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin bütün xidmətlərinin elektronlaşdırılması və e-hökumət portalına inteqrasiyası mütləqdir. Məsələn, RİH-lərin mənzil növbəsinə qeydiyyatı elektronlaşdırılması şəffaflığı təmin edə bilər. Amma bu xidmətləri elektron formada, e-hökumət portalı vasitəsilə ala biləcəyimiz günün yaxında olduğunu söyləmək olmaz. Çünki, icra hakimiyyətlərinin elekton saytında hələ elektron xidmətləri üçün ayrılmış bölmə boşdur. Hələ öz elektron saytlarında elektron xidmətlər təklif etməkdə aciz qalan rayon RİH-lərinin yaxın vaxtlarda e-hökumətin sıralarına qatılacaqlarını gözləmək yersizdir".
O. Gündüz yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlərə keçidinin ləngiməsinin vətəndaşların hüquqlarının pozulması ilə nəticələndiyini söyləyir. Onun sözlərinə görə, nəticədə vətəndaşlar bir arayışı almaq üçün, aylarla qurumun qapısına gedib-gəlməli, vaxt və əsəb itirməli olurlar.
O. Gündüz elektron xidmətlərə keçidin, xidmətlərin elektron hökumət portalına inteqrasiyasının bəzi məmurlara sərf etmədiyini söyləyir. Onun sözlərinə görə, qanunvericilik məmurun qarşısında elektron şəkildə müraciət edən vətəndaşa vaxtında cavab vermək tələbi qoyur: "Elektron xidmətlərin həyata keçirilməsi üçün inzibati reqlamentlərin işlənilməsinin 7.4 bəndində göstərilib ki, istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların keyfiyyəti aşağı, natamam, oxunulmaz olduqda və ya digər çatışmazlığı halında təminatçı bu barədə istifadəçini məlumatlandırmalı və ona elektron xidmətin göstərilməsinin mümkün olması üçün bu halların aradan qaldırılmasını tövsiyə etməlidir. 7.1.3 bənddə isə elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçiyə məlumat almaq imkanının yaradılması və nəticənin ona təqdim edilməsi öz əksini tapıb. 6.3.bənddə qeyd edilib ki, elektron xidmətlərin göstərilməsi dərhal həyata keçirilmədiyi hallarda təminatçı istifadəçinin müraciətinin qəbul edilməsi və sonrakı icrası ilə bağlı ona bildiriş göndərməlidir. Elektron xidmətlərin həyata keçirilməsi üçün inzibati reqlamentlərin işlənilməsinin 9.3.3. bəndində qeyd edilib ki, elektron xidmətin göstərilməsi üçün tələb olunan müddət azaldılmalıdır. Yəni elektron sorğular cavab kağız vasitəsilə edilən müraciətlərdən tez cavablandırılmalıdır. Amma təcrübə göstərir ki, bəzi qurumlar e-hökumət portalına xidmətlərini inteqrasiya etdirsələr də, portal vasitəsilə edilən müraciətləri də masalarının üzərindəki kağız sənədlər kimi ləngidirlər. Hətta çox vaxt vətəndaşların elektron formada portal üzərindən göndərdiyi müraciətlərə qurumlar tərəfindən cavab verilmir. Belə halda isə istifadəçi kimə müraciət edəcəyini bilmir. Çünki qurumların mütləq əksəriyyətində elektron xidmətlər bölməsi formal xarakter daşıyır və elektron müraciətlərə cavabdeh şəxs müəyyənləşməyib. Halbuki Elektron xidmətlərin həyata keçirilməsi üçün inzibati reqlamentlərin işlənilməsinin 9.3.4. bəndi təminatçıların üzərinə elektron xidmətin göstərilməsinə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi barədə öhdəlik qoyur. Hətta təminatçıya və onun istifadəçi ilə münasibətlərinə dair tələblər də mövcuddur. Elektron müraciət e-hökumət portalından istifadə edilməklə göndərilibsə, belə halda dövlət qurumunun məsuliyyəti ikiqat artır. Yəni qurumun e-hökumət portal üzərindən edilmiş müraciəti cavablandırmamağa şansı qalmır ki, bu da vətəndaşın hüquqlarının qorunmasına yönəlik bir addımdır. Bəlkə də bu səbəbdən bəzi qurumlar öz elektron saytlarındakı elektron xidmətlərin vahid məkandan göstərilməsinə ləngiməkdə maraqlıdırlar. Adi vəziyyətdə vətəndaşın bir müraciəti elektron göndərilsə belə, beş-altı aya cavablandıran qurum, müraciət elektron-hökumət portalı vasitəsilə göndərilərsə həmin sorğuya cavab yazmaq məcburiyyətində qalır. Çünki, vətəndaşların e-gov.az portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladıqları elektron müraciətlərə nəzarət mexanizmi var".
O. Gündüz vətəndaşların hüquqlarının müdafiəsi baxımından kütləvi istifadə edilən sosial xidmətlərin elektronlaşdırılması, onların vahid məkana inteqrasiyasının vacib olduğunu söyləyir.