İnsan hüuquqları uğrunda Azərbaycanın savaşı
İnsan hüuquqları uğrunda Azərbaycanın savaşı

Bu gün Azərbaycanı ən çox narahat edən məsələ sözsüz ki, Dağlıq Qarabağdan zorən qovulan yüz minlərlə vətəndaşının pozulan hüquq və azadlıqlarıdır. Həmçinin Ermənistanın işğalı zamanı qətlə yetirilən qocaların, uşaqların qatilləri hələ də azadlıqdadırlar və bununla bağlı dünya ictimaiyəti susur. Amma bu məsələdə Heydər Əliyev Fondunun gördüyü işlərin artıq real nəticələri ortaya çıxmaqdadır.
Hələ bir neçə il öncə Heydər Əliyev Fondu maraqlı təşəbbüslə çıxış etdi və "Xocalıya ədalət" kampaniyasına start verdi. Bu kampaniyanın əsas məqsədi Dağlıq Qarabağdan qovulmuş yüz minlərlə insanımızın hüquqlarının qorunması , Xocalıda törədilən soyqırımın dünyaya çatdırılması idi. İlk anlarda dünyada erməni lobbisi bütün imkanlarını səfərbər edərək buna qarşı çıxdılar və süni əngəllər yaratdılar . Fondun prezidenti Mehriban xanım Əliyeva isə sona qədər kampaniyanı aparmaqda israrlı oldu və bu gün sevindirici haldır ki, dünya dövlətləri artıq "Xocalıya ədalət" kampaniyasına dəstək verməkdə, bir sıra dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırım kimi qəbul etməkdədir. Bu isə əslində Dağlıq Qarabağ müharibəsindən zərər çəkmiş yüz minlərlə insanın, həmçinin bütövlükdə Azərbaycan xalqının tapdalanmış hüquqlarının bərpası deməkdir. Bunu da qeyd edək ki, artıq 20-dən çox ölkədə Xocalı qətliamı ilə bağlı aksiyalar həyata keçirilir və son tədbirlər daha maraqlıdır. Belə ki, Azərbaycanın Litvadakı səfirliyindən bildiriblər ki, Litva seymində Xocalı soyqırımı ilə bağlı dünya birliklərinə müraciət edilib. Müraciətdə Azərbaycan dövlətinə və millətinə dərin başsağlığı bildirərək, deputatlar bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınadıqlarını qeyd ediblər.
Litva tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıldığı vurğulanıb.
Məlumat üçün bildiririk ki, müraciətə imza atmış deputatlardan iyirmi altısı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərdən əksəriyyəti müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir.
Müraciətdə qeyd olunub ki, Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğal olunmuş ərazilərdən ordu çıxarılmalıdır: "Xocalıda yüzlərlə insan qətlə yetirilib, insanlığa qarşı cinayət törədilib.Humanitar dəhliz vasitəsilə döyüş yerindən getmək istəyən mülki şəxslər güllələnib, onların böyük hissəsi qadınlar, qocalar və uşaqlar olub. Xocalı hadisəsi XX əsrin ən dəhşətli faciələrindən biridir. Təəssüf ki, Xocalı faciəsi ədalətli qiymətini almayıb". Həmçinin ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna məktub göndərib.Qubernator Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara başsağlığı verdiyini bildirib.
Məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanıb.Qeyd edək ki, bu, Nyu Meksiko qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.Bundan başqa "Xocalıya ədalət" kampaniyası çərçivəsində Avropa Azərbaycanlılar Cəmiyyətinin (AAC) Türkiyə nümayəndəliyi tərəfindən tədbir təşkil edilib. Təşkil edilmiş tədbirdə çıxış edən Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov ermənilərin 26 fevral 1992-ci ildə Qarabağın Xocalı qəsəbəsində Azərbaycan mənşəli əhaliyə qarşı törətdikləri soyqırımı meydana gətirən şərait barədə danışaraq, soyqırımın statistik nəticələri barədə məlumat verib.
Ermənilərin 100 il əvvəl Osmanlı torpaqlarında Türklərə qarşı soyqırımlar törətdiyini xatırladan baş konsul Zeynalov,Xocalı soyqırımının da mahiyyət etibarilə ermənilərin Türklərə qarşı törətdikləri digər soyqırımların davamı olduğunu vurğulayıb. "Faciə baş verəndə Azərbaycanın öz səsini dünyaya çatdırması üçün lazımi təbliğat vasitələri və imkanları yox idi. Bu gün isə Azərbaycan inkişaf etmiş bir dövlətə çevrilib, dünya dövlətləri arasında yerini alaraq öz haqlarını əsaslı şəkildə müdafiə edir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında bundan sonra daha güclü fəaliyyət göstərəcəyik. Ermənistan həm Xocalı faciəmizi soyqırım kimi qəbul edəcək, həm də işğal etdiyi torpaqlarımızdan çıxmaq məcburiyyətində qalacaq"-Həsən Zeynalov deyib.Bunu da qeyd edək ki, artıq ABŞ-ın Texas ştatında da Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul olunub və Avropanın ən aparıcı dövlətlərində Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilib. Maraqlıdır,bəs bundan sonra hansı addımlar atılmalıdır ki, beynəlxalq birliklərdə Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilsin?. Politoloq Əli Orucov "Unikal"a açıqlamasında maraqlı məqamlara toxundu:" Xocalı faciəsi ötən əsrin ən dəhşətli faciəsidir. Bu təkcə Azərbaycan türkünə deyil, bütünlükdə bəşəriyyətə, insanlığa yönəlmiş cinayət və qanlı aksiyadır. Nə yazıqlar ki, bu cinayəti törədənlər hələ də cəzasız qalıblar. Son üç-dörd ildə bu soyqırımın dünyada tanıdılması istiqamətində xeyli işlər görülüb. Xüsusən də Heydər Əliyev Fondunun Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında məhsuldar xidmətləri danılmazdır. Hökümətin də müəyyən addımlar atdığının fərqindəyik. Bu işləri hamı görməlidir. Hamı Xocalı olmalıdır. Lakin yaxşı olardı ki, bu soyqırımın tanıdılması ilə yanaşı, onu törədənlərin cinayət məsuliyyətinə, Beynəlxalq Tribunala çəkilməsi istiqamətində də paralel iş aparılsın. Bu həm gələcəkdə dinamik və dəyişən dünyamızda, separatizmin və terrorçuluğun artığı indiki dönəmdə başqalarına da görk olardı. Həm də ermənilər və onların havadarları tərəfindən faciələrə, deportasiyalara, soyqırıma məruz qalan Azərbaycan türkünün sızlayan yarasına su səpmiş olardı". Bu arada qeyd edək ki, hazırda girovluqda olan iki həmyerlimizin hüquq və azadlıqlarının qorunması, erməni girovluğundan azad edilməsi istiqamətində də işlər görülür. Çünki bu gün iki azərbaycanlının heç bir əsas olmadan girovluqda saxlanılması, elə Xocalı faciəsinin məntiqi davamı kimi qəbul olunmalıdır. Buna görə Azərbaycan hakimiyyəti son bir neçə ay ərzində intensiv diplomatik addımlar atdı və nəhayət ki, beynəlxalq təşkilatlar buna ciddi yanaşmağa başladılar. Belə ki, Avropa İttifaqı (Aİ) gərginliyin yaranmasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş səyləri korlayan fəaliyyətləri pisləyir. Bunu Avropa komissarının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə rəsmi nümayəndəsi Mayya Kosyançiç işğal edilmiş Dağlıq Qarabağın separatçı rejiminin iki azərbaycanlı girovu qanunsuz mühakimə etməsi ilə bağlı Aİ-nin mövqeyini şərh edərkən deyib.
Onun sözlərinə əsasən, Aİ münaqişələr zamanı həbsxanalarda saxlanılan və girov götürülmüş vətəndaşlara münasibətdə beynəlxalq hüquq üzrə öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini qeyd edir: "ATƏT-in Minsk qrupunun həmsədrləri Bazeldə nazirlərin görüşündən sonra ötən il dekabrın 4-də verilmiş bəyanatda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il oktyabr tarixli Həştərxan bəyanatına müvafiq olaraq humanitar problemləri nizamlamağa çağırıblar".M.Kosyançiç qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ Aİ nümayəndələrinin Azərbaycan və Ermənistan hakimiyyətləri ilə görüşlərində qaldırılıb, həmçinin bir neçə dəfə girovlara baş çəkmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə müzakirə olunub. Bununla yanaşı ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışıb. Departament sözçüsü gündəlik mətbuat brifinqində girovların qaytarılmasını dəstəklədiklərini bildirib."Biz bundan öncə də həmsədr Ceyms Uorlik vasitəsilə hər 2 şəxsin azad edilməsini və Azərbaycan hökumətinə qaytarılmasını dəstəkləmişik. Biz həmçinin müvafiq hakimiyyətə bu 2 şəxsi Azərbaycan hökumətinə qaytarmağa dair çağırış etmişik. Tərəflər keçmişdə humanitar jest olaraq girovların qaytarılmasına dair ümumi yol tapıblar. Bu kimi humanitar jestlər tərəflər arasında gərginliyin azalmasının göstəricisidir və eyni zamanda da tərəflər arasında inam mühitini qurar".Xatırladaq ki, Psaki daha əvvəl girovlarla bağlı suala cavab verməkdən boyun qaçırmışdı.Beləliklə mövcud olanları təhlil edərək deyə bilərik ki, bu gün Azərbaycanın insan hüquq və azadlıqları istiqamətində tutduğu mövqe doğru mövqedir və bu mövqenin qayəsində Azərbaycanın bütövlüyü və Azərbaycan vətəndaşının sivil yaşam haqqı əsas götürülür.