İsa Qəmbərin mərkəzinin fatihəsi verildi
İsa Qəmbərin mərkəzinin fatihəsi verildi

Müsavatın təşəbbüsü ilə yaradılan Demokratiya və İnsan Haqları Mərkəzinin fəaliyyətinə xitam verildi

Son illər radikal müxalifət düşərgəsində yaranan birliklərin ömrünün qısa olması bir növ aksiomaya çevrilib. Radikalların min-bir söz-söhbətdən, müzakirədən sonra yaradıqları birlik isə qısa müddətdə dağılır.
"Unikal" olaraq, bu günə kimi müxalifət düşərgəsində yaranan və parçalanan birliklərlə bağlı dəfələrlə məlumat vermişik. Perspektivi olmayan bu qüvvələrin hansı zərurətdən bir araya gəldiklərini və qısa müddətdə də ayrılmalarının müxtəlif səbəbləri olub. Amma ən ali səbəb o olub ki, onlar öz maraqlarına görə 20 illik çiyindaşlarını belə satırlar.
İndi isə növbəti bir ittifaqın həyatına son qoyuldu. Belə ki, Demokratiya və İnsan Haqları Mərkəzi artıq mövcud deyil. Bununla balğı Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, Müsavatın təşəbbüsü ilə yaradılan bu qurum artıq yoxdur. Onun sözlərinə görə, Müsavat Partiyasının da təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi öz funksiyasını itirib: "Mərkəz ilk növbədə siyasi məhbusların hüquqlarını müdafiə məqsədi ilə yaradılmışdı və burada həm də müəyyən demokratik islahatlar mövzusunda məsələlər müzakirə olunurdu. Ancaq son vaxtlar Mərkəzdə daha çox hakimiyyətlə əlaqələr, hakimiyyət nümayəndələri ilə siyasi partiyaların müzakirələri mövzusu ön plana keçdi. Ona görə də faktiki olaraq ilk dövrdə yaranmış insan haqları və demokratik islahatlarla bağlı əməkdaşlıq Mərkəzi öz funksiyasını itirdi. Son zamanlar Mərkəzin toplantıları keçirilmir. Eyni zamanda mən Mərkəzin toplantısında Müsavat Partiyası adından bəyan etdim ki, yalnız insan haqları və demokratik islahatlar mövzusu müzakirə olunacaqsa, məni də həmin müzakirələrə dəvət edə bilərlər, bura toplaşan siyasi partiyalar arasında gedən digər müzakirələrin Müsavat Partiyasına aidiyyatı yoxdur. Mənə elə gəlir ki, Demokratiya və İnsan Haqları Mərkəzi artıq mövcud deyil".
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu iaçıqlamasında A. Hacılının fikirləri ilə razılaşmayıb: "Kiminsə Mərkəzdə olmaması o demək deyil ki, Mərkəz öz funksiyasını itirib. Mərkəz öz funksiyasını və fəaliyyətini davam etdirir. Ordan ayrılmaq da hər kəsin hüququdur".
Xatırladaq ki, Mərkəz Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb. "Unikal"ın məlumatına görə, əslində, bu birliyi İsa Qəmbər 2015-ci il seçkilərində yeni komanda yaratmaq məqsədi ilə formalaşdırmışdı. Amma mərkəzdəki digər qüvvələr İsa Qəmbərin bu niyyətini başa düşdükləri üçün onu yarı yolda qoydular. Bu mərkəzin fonunda yaradılan "Azadlıq-2015" bloku isə İsa Qəmbəri öz çətiri altına almaq, yaxud onu lider kimi görmək istəmədi.
Qərib Gərayzadə