"Ukrayna hadisələrini heç vaxt Azərbaycanda təkrarlamaq olmaz"
"Ukrayna hadisələrini heç vaxt Azərbaycanda təkrarlamaq olmaz"

Elxan Şahinoğlu: "Vaşinqton ölkəmizin öz enerji resurslarını Avropaya çatdırmasını yüksək qiymətləndirir"

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycanda səfərdə olub. ABŞ xarici siyasətinin "ağır artilleriyası" adlandırılan xanım diplomatı Bakıda ölkəsinin Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri də müşayiət ediblər. Səfər çərçivəsində V.Nuland ölkə prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi ilə də görüşüb.

Amerikalı diplomatın Qafqaz səfəri, burada keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və mətbuata verdiyi bəyanatla bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu fikirlərini bölüşüb. O deyib ki, bu səfərdən öncə ABŞ-Azərbaycan münasibətlərində bir gərginlik ab-havası var idi. Çünki rəsmi Vaşinqton keçmiş sovetlər məkanında "rəngli inqilablar" həyata keçirirdi. Biz bunu Gürcüstanda, Ukraynada, Qırğızıstanda müşahidə etmişdik:" ABŞ tərəfindən belə bir inqilabın Azərbaycanda da keçirilməsi ehtimalı var idi. Bu, 2005-ci ilin parlament seçkilərində daha çox özünü göstərdi. Bununla da ölkələr arasındakı münasibətlərdə soyuqluq yaranmağa başladı. Ötən müddət ərzində ABŞ-la əlaqəli təşkilatlar da Azərbaycanda fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı. Belə vaxtda bir sıra ekspertlər rəy formalaşdırmağa çalışırdılar ki, Kremlin təzyiqləri səbəbindən Azərbaycanla Rusiya arasında münasibətlər istiləşməyə doğru gedir. Təbii ki, Amerika da bu prosesləri izləyirdi. Nəhayət, ABŞ belə qərara gəldi ki, Qafqazın açar dövləti sayılan Azərbaycanla münasibətləri soyutmaq olmaz, əksinə, bu dövlətlə münasibətləri, xüsusən də enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır. Elə Viktoriya Nulandın Bakı səfərinə də bu kontekstdən yanaşmaq lazımdır. Onu da nəzərdən qaçırmaq olmaz ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta əvvəllər Dövlət Departamentində enerji məsələləri ilə məşğul olub. Belə bir adamın təyinatı da sübut edir ki, gələcəkdə hər iki dövlət arasında enerji çərçivəsində əməkdaşlıq prioritet olacaq".O , daha sonra bildirib ki, Nuland Bakıda olarkən 3 önəmli mesaj verdi. Viktoriya Nuland ABŞ-la Azərbaycan arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğunu bəyan etdi. Bu, o deməkdir ki, rəsmi Vaşinqton Azərbaycanın enerji resurslarını Avropaya çatdırmasını yüksək qiymətləndirir. Heç kimə sirr deyil ki, "Nabukko" qaz kəməri layihəsi işləmədi. Bunu dövlət başçısı İlham Əliyev də dəfələrlə qeyd edib. Rusiya-Ukrayna münasibətlərindən irəli gələrək yaranmış ağır vəziyyətdə Azərbaycan Prezidenti təşəbbüsü ələ alaraq, Avropaya yardım əlini uzatdı. O, TAP və TANAP layihələri vasitəsilə Azərbaycanın Avropaya qaz verməyə hazır olduğunu bildirdi. Bu, Avropaya çatdırılması mümkün olan alternativsiz, ən real qaz mənbəyidir. Düzdür, Türkmənistan, İran və İraq qazı barədə də çox danışılır. Lakin bunlar hamısı mülahizələrdir. Reallıqda Avropa üçün Rusiya qazına alternativ olan layihə ortadadır. Bu isə Cənub qaz dəhlizidir. Bunu Avropa İttifaqı rəsmiləri də yüksək qiymətləndirirlər. Bu səbəbdən hesab edirəm ki, yaxın perspektivdə ABŞ-la Azərbaycan arasında münasibətlərin əsasını enerji əməkdaşlığı təşkil edəcək. Nulandın ikinci mesajı Amerikanın Azərbaycanda "rəngli inqilab" həyata keçirmək istəməməsi ilə bağlıdır. Bu da çox ciddi açıqlamadır. Çünki ABŞ-ın belə bir niyyətinin olması barədə ortada müəyyən mülahizələr, ehtimallar, şübhələr var idi. Bu şübhələri artıran başqa bir məqam ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna müsahibəsində "Maydan hadisələri Bakıda təkrarlana bilər" kimi fikirlər səsləndirməsi idi. Amma Nuland vasitəsilə Amerika ilk dəfə rəsmi şəkildə bəyan etdi ki, Vaşinqtonun "rəngli inqilab"la Azərbaycanda hakimiyyəti dəyişmək kimi planı yoxdur. Heç uzağa getmədən, Ukraynadakı hadisələr hər kəsə göstərdi ki, inqilablar vasitəsilə hakimiyyət dəyişikliyi ölkədə vəziyyəti daha da gərginləşdirir. Maydan hadisələri nəticəsində Krım işğal olunub, ölkənin şərqində separatçılıq baş qaldırıb və Ukrayna indiyə kimi özünə gələ bilmir. Bu kimi səbəblərdən Nulandın ikinci mesajını da
mühüm hadisə kimi qəbul edirəm. Ən nəhayət, Nuland mətbuat qarşısında çıxış edərkən deyib ki, İrəvanda səfərdə olarkən əsirlikdə olan iki azərbaycanlı girovun azad olunmasına çalışacaq. Bu da olduqca mühüm mesajdır. Ondan əvvəl isə belə bir açıqlamanı Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik vermişdi. Onlara qədər heç bir dövlət rəsmisi qəti olaraq bu cür mövqe ifadə etməyib. Bu, həm də onun etirafıdır ki, girovluqda saxlanılan, üzərində məhkəmə şousu qurulan iki nəfər günahsızdır. Əgər Nuland ABŞ-ın Ermənistana təzyiq imkanlarından istifadə edərək, iki azərbaycanlı girovun azad edilməsinə nail olsa, bu fakt Amerika-Azərbaycan münasibətlərinə yeni nəfəs verəcək.
Mehdi Əli