KIVDF və Binəqədi RİH-in birgə elan etdikləri müsabiqənin nəticələri açıqlandı
KIVDF və Binəqədi RİH-in birgə elan etdikləri müsabiqənin nəticələri açıqlandı

Fevralın 12-də Binəqədi rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib. Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmış, qaliblər mükafatlandırılıb.
Hesabat iclasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Madər Musayev, Rafael Cəbrayılov, rayonun müxtəlif təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdiblər.
Hesabat iclasında əvvəlcə Binəqədi rayonunun 2014-cü ildə sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən film nümayiş olunub.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov toplantı iştirakçılarını salamlayaraq 2014-cü ildə rayonda həyata keçirilən layihələr, abadlıq-quruculuq işləri və əldə olunan nəticələr barədə məlumat verib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. O, həmçinin jurnalistləri rayonla bağlı yazılar hazırlayarkən obyektivlik prinsipini qorumağa, mövcud problemləri göstərməyə çağırmışdır. Keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edən Xaləddin Isgəndərov müsabiqənin yekun nəticələri barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli bildirmişdir ki, hesabat iclasında nümayiş olunan filmdə və məruzədə yer alan makroiqtisadi göstəricilər Binəqədi rayonun ötən il uğurlu inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. Vüqar Səfərli ölkə başçısının 2014-cü ildə rayona 7 dəfə səfər etməsi faktını xüsusi vurğulayaraq, bu yüksək diqqətin nəticəsi kimi Binəqədi rayonunun hesabat ilində mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırıb.
Vüqar Səfərli daha sonra Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi, jurnalistlərin maarifləndirilməsi və yaradıcı fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirdiyi birgə konfrans və müsabiqələr barədə ətraflı məlumat verib.
İcraçı direktor Fondun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 3-dən dekabrın 19-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 41 yazının daxil olduğunu diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 19 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.
Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Binəqədi rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək yaxın perspektivdə "Təmiz Binəqədi" layihəsinə həsr olunmuş növbəti birgə müsabiqənin təşkil olunacağını diqqətə çatdırıb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.