Baş nazirin müavini: "Rusiya ilə Azərbaycan "Şimal-Cənub" nəqliyyat və enerji dəhlizinin inkişaf etdirilməsi üçün danışıqlar aparır"
Baş nazirin müavini: "Rusiya ilə Azərbaycan "Şimal-Cənub" nəqliyyat və enerji dəhlizinin inkişaf etdirilməsi üçün danışıqlar aparır"

Rusiya və Azərbaycan 2015-ci ilin birinci yarısında 2020-ci ilədək investisiya sahəsində əməkdaşlıq haqqında Plan imzalayacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Rusiya Federasiyası baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.
"Cari səfər çərçivəsində sənədlərin imzalanması nəzərdə tutulmasa da, Rusiya və Azərbaycan hökumətləri bir sıra sahələrdə bir neçə sənədin imzalanmasını müzakirə edir. Söhbət 2020-ci ilədək İnvestisiya sahəsində əməkdaşlıq haqqında plandan, o cümlədən iki ölkənin energetika sistemlərinin sinxronlaşdırılması haqqında sazişdən, Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə Azərbaycan Dövlət Neft Fondu arasında investisiya platformasının yaradılmasından gedir. Bu cür sənədlərin imzalanması ticarət-investisiya sahəsində yeni layihələrin reallaşdırılmasına gözəl zəmin yaradır. Mən Moskvaya dönən kimi, bu sahədə işlərin sürətləndirilməsi üçün müvafiq göstərişlərimi verəcəm", - deyə baş nazirin müavini bildirib.
A.Dvorkoviç əlavə edib ki, Azərbaycanla Rusiya "Şimal-Cənub" nəqliyyat və enerji dəhlizinin inkişaf etdirilməsi üçün danışıqlar aparır.
"Azərbaycan prezidenti İlham Əliyev ilə baş tutan görüşdə çox maraqlı müzakirələrimiz oldu. Müzakirə mövzusu əsasən iqtisadi əməkdaşlıq idi. Təbii ki, iki ölkə arasında dostluq və strateji əhəmiyyət kəsb edən siyasi münasibətlər var. Bu isə öz növbəsində iqtisadi əməkdaşlığı daha genişləndirməyə imkan verir", - deyə Rusiya hökuməti rəsmisi qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında ticari əlaqələr sürətlə inkişaf edir, "Rusiya Azərbaycandan daha çox istehlak məhsulları almağa başlayıb, çünki bu məhsullara Rusiya bazarında tələbat olduqca böyükdür".
Baş nazirin müavini qeyd edib ki, "Rusiya ABŞ və Qərblə münasibətlərində götürdüyü fasilə fonunda Azərbaycanla əməkdaşlığı daha aktivləşdirə bilər". "Bu tərəfdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda sülhün və mehriban qonşuluğun nümunəsidir", - deyə o bildirib.