David Babayan: "Girovlardan birini Ramil Səfərovla dəyişməyə razıyıq"

"Dağlıq Qarabağ hakimiyyəti kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanın qatili Ramil Səfərovla dəyişməyə razıdır".
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sərsəm tələbi Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin "mətbuat katibi" David Babayan səsləndirib. O əlavə edib ki, kəlbəcərli girovların birtərəfli qaydada qaytarılması mümkün deyil:
"Girovların birtərəfli qaydada qaytarılması istisnadır. Fikirləşirəm ki, bu demokratik prinsiplərin kobud şəkildə pozulması demək olardı".
Bundan öncə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik kəlbəcərli girovların Azərbaycana qaytarılmasının tərəflər arasında gərginliyin azaldılmasına xidmət edə biləcəyini deyib.
Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.
Daha sonra o, Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunub.