ATV-də yarpaq tökümü
ATV-də yarpaq tökümü
Digər telekanallarda da eyni proseslər başlayacaq

Ölkədə fəaliyyət göstərən özəl telekanallarla bağlı artıq ciddi addımlar atılmağa başladı.Hələ bir müddət öncə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev geniş məqalə ilə çıxış edərək telekanalları milli dəyərlərə hörmətsizlikdə günahlandırmışdı. Həmin ərəfədə gözlənilirdi ki, daha çox ittihamlarla üz-üzə qalan ATV və Space telekanalının rəhbərliyində dəyişikliklərin olacağı bildirilirdi.
Amma sonradan məsələ açıq olaraq qaldı. Həmin vaxt aydın oldu ki, ATV rəhbərliyi hakimiyyət daxili qruplaşmalardan biri ilə əlaqə quraraq telekanalı nəzarətlərində saxlaya bilmişdilər. Amma indi ATV rəhbərliyi oyundan çıxarıldı. Belə ki, "Azad Azərbaycan" Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Telekanalın prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib. İlkin məlumatlara görə, Tağı İbrahimovun yerinə Vüqar Qaradağlı təyin olunub.Onu da qeyd edək ki, Tağı İbrahimov Diasporla İş Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır. V.Qaradağlı isə əvvəllər "Lider" telekanalının rəhbəri olub, bir neçə il öncə vəzifəsindən kənarlaşdırılıb.
Televiziya mütəxəssisləri bildirir ki, bu heç də təsadüfü məsələ deyil və seçki öncəsi hakimiyyət televiziya siyasətinə yenidən əlavələr edir. Çünki Tağı İbrahimovun kanaldan kənarlaşdırılması ilə paralel olaraq hakimiyyətə yaxın dairələrdən biri yeni telekanal da təsis etdi. Beləliklə "MuzTV" adlı yeni telekanal fəaliyyətə başlayacaq. Bununla bağlı telekanalın direktoru, "Araz FM" radiosunun sabiq baş redaktoru Vüsalə Kərimova məlumat verib. Onun sözlərinə görə, yerli klublardan birində təşkil edilən açılış mərasimi üç saat ərzində canlı yayımlanıb.
V. Kərimova deyib ki, 24 saat fəaliyyət göstərən yeni telekanal həm internet, həm də peyk vasitəsilə yayımlanır. Kanalın direktoru telekanalda hər gün Azərbaycanın hit kliplərinin, klassik əsərlərin, reportajların, sənətçilərə, müğənnilərə həsr olunan verilişlərin nümayiş olunduğunu deyib. Hazırda "Muz TV"-yə connekt.tv-nin və Ailə.tv-nin imkanlarından yararlanaraq baxmaq mümkündür. Bəs bu nə deməkdir? Ekspertlər hesab edir ki, hazırda ATV reklamdan ən çox pul qazanan kanaldır və buna əyləncəli verlişlər hesabına nail ola bilmişdilər. Ekspertlər qeyd edir ki, hazırda baş verənlərdən aşağıdakı nəticələri çıxartmaq olar. İlk növbə də ATV-də yayımlanan əyləncəli proqramların böyük əksəriyyəti MUZ TV-yə transfer ediləcək və bununla ATV-in reklam bazarındakı hegemonluğuna son veriləcək. Bunun qarşılığında isə ATV daha da siyasiləşdiriləcək və 2013-ü il prezident seçkilərində əsas təbliğat tribunasına çevriləcək. Bu məqamda maraqlı bir nüansa da diqət ayıraq. Söhbət paralel olaraq Diasporla İş Komitəsinin sədri Nazim İbrahimovun da vurulmasından gedir. Son bir neçə il ərzində Nazim İbrahimovun fəaliyyəti yuxarı dairələr tərəfindən xoş qarşılanmadı və onun biznesinə ciddi əngəllərdə törədildi. İndinin özündə diaspora təşkilatları komitədən ciddi narazıdırlar və istənilən an Nazim İbrahimov hazırkı postunu da itirə bilər. Düzdür, hələ ki, İbrahimov qardaşları təsisçi qismində çıxış edirlər. Amma "Avrovizion" yarışmasından sonra bu məsələ həllini tapacaq. Bunu da qeyd edək ki, təsisçilər ATV-də bu günə qədər iki dəfə dəyişdirilib. Daha doğrusu əsas səhm payçısı dəyişdirilib. İndi də həmin proses təkrarlanacaq.
İndi isə gəlin Space telekanalının durumuna baxaq. Mütəxəssislər bildirir ki, hazırda qarşıya qoyulan məqsədləri həyata keçirə bilməyən kanallardan biri də Space TV-dir. Və dəfələrlə kanalın rəhbərinin dəyişdirilməsi müzakirə mövzusu olsa da sonradan gözləmə mövqeyi tutuldu. Amma qarşıdan prezident seçkiləri gəlir və hakimiyyət nəzarətində olan telekanalların daha çox siyasiləşməsinə və tribuna rolunu oynamasına ehtiyac var. Amma hazırda AZTV istisna olmaqla digər kanalların siyasi problemləri var bu texnoloqlar tərəfindən dəyərləndirilir. Bununla yanaşı son bir neçə il ərzində müəyyən telekanalların rəhbərləri daha çox hakimiyyət daxili qruplaşmalar arasında manevr etməyə başladılar və nəticə də ciddi təsir altına düşdülər. Hazırda Prezident Adminstrasiyası bunu fəsadlı bir hal olduğunun fərqindədir və bu səbəbdən yenidən mərkəzləşməni təmin etmək üçün belə bir dəyişikliyə start verildi.
Əldə etdiyimiz məlumata görə yaxın bir neçə ay ərzində daha ciddi dəyişikliklərdə həyata keçiriləcək. Buda vurğulanır ki, telekanallarla məsələ həll olunandan sonra hakimiyyətə yaxın qəzet və saytlarında fəaliyyətinə yenidən baxılacaq.
Fuad Əliyev