Qadınların bələdiyyələrdə təmsilçiliyi artırılmalıdır
Qadınların bələdiyyələrdə təmsilçiliyi artırılmalıdır

Məlahət İbrahimqızı hesab edir ki, bələdiyyələrdəki qadınların sayı kifayət qədərdir və bu resursla çox işlər görmək mümkündür

Azərbaycanda qadınların ictimai-siyasi həyatda aktivlik göstəricisi günü-gündən artsa da, hələki qadınların potensialından tam olaraq istifadə edilməsi üçün şəraitin daha da əlverişli olmasına ehtiyac var. Bu gün paytaxtda qadınların dövlət qurumlarında, qərarqəbuledici orqanlarda təmsilçilik göstəricisi yüksək olsa da, regionlar haqda bu fikri söyləmək olmaz.
Cəmiyyətdəki bəzi streotiplər hələ də qadınların önə çıxmasını, liderlik məharətlərini ortaya qoymalarına mane olur. Bu problemin həll olunması üçün keçirilən parlament və bələdiyyə seçkilərində qadınların iştirakı üçün səylər gücləndirilsə də, hələ də regionlarda bələdiyyələrdə qadınların təmsilçiliyi arzuolunan səviyyədə deyil. Bu gün bələdiyyə üzvlərinin 26,5 faizini qadınlar təşkil edir. Bu da kifayət qədər yüksək göstərici sayıla bilər. Yəni, seçkili orqanlarda, idarəetməyə təsir göstərən qurumlarda xanımların sayı çoxdur. Lakin qadının bələdiyyədə olması hələ o demək deyil ki, onlar yerli əhəmiyyətli qərarların qəbul edilməsində real təsir edə bilirlər.
"Bələdiyyələrin inkişafı naminə" QHT Alyansının apardığı araşdırmadan belə qənaət çıxarmaq mümkündür. Tədqiqatda bildirilir ki, bələdiyyədə olan qadınlar yerlərdə, xüsusilə kəndlərdə yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında mühüm rol oynaya bilərlər. Amma bələdiyyələrdəki qadınlar arasında aparılan sorğunun nəticələri göstərib ki, reallıqda onlar situasiyaya o qədər də ciddi təsir göstərə bilmirlər. Məsələn, 25 bələdiyyədə təmsil olunan qadınların 38 faizi deyib ki, onlar yaşadıqları ərazidə qadın və uşaqların problemlərinin həllinə yardım etmək üçün bələdiyyə üzvü olmaq qərarına gəliblər. Yəni, kənd yerlərində çox az sayda qadın öz karyerası haqqında düşünür. Qadınların böyük hissəsi bildirib ki, bələdiyyə iclaslarının işində bilavasitə iştirak etmirlər. Rəyi soruşulanların 33 faizi qeyd edib ki, onlar gündəlikdən elə iclasın özündə xəbər tutur. Nəzərə alsaq ki, sorğuya cəlb olunanların 17%-i bələdiyyə sədri, 14%-i sədrin müavini, 6%-i isə komissiya sədridir, o zaman belə bir nəticəyə gəlmək olar ki, qadın bələdiyyə üzvlərinin əhəmiyyətli hissəsi iclasın gündəliyinə çıxarılan məsələlər haqqında əvvəlcədən agah olmur. Sorğu və müsahibələr zamanı qadın bələdiyyə üzvlərinin verdiyi təkliflərin qəbul edilən qərarlara təsir səviyyəsi də araşdırılıb. Qadın bələdiyyə üzvlərinin 31%-i onların təkliflərinin qəbul edilən qərarlara əhəmiyyətli təsiri olduğunu, 50%-i bəzi hallarda təsirin olduğunu, 19%-i isə formal və ya heç bir təsiri olmadığını bildirib.
"Fəaliyyətinizə mane olan hansı əsas amili qeyd etmək istərdiniz?" sualına cavab verən qadın bələdiyyə üzvlərinin 37%-i deyib ki, buna əsasən icmanın qadınlara münasibəti təsir göstərir. Yəni, belə qəbul edilib ki, qadının əsas işi uşaq dünyaya gətirmək və ev işləri ilə məşğul olmaqdır. Sorğu iştirakçılarının 30%-i bələdiyyə strukturlarında təmsil olunan kişilər tərəfindən diskriminasiyanı, 33%-i qadın həmrəyliyinin olmamasını fəaliyyətə mane olan əsas amil hesab edib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyir ki, qadınların bələdiyyələrin işində aktiv iştirak etməsinin tərəfdarıdır. "Keçən bələdiyyə seçkiləri zamanı biz regionlarda olduq. Bir çox qadınlar, gənclər bələdiyyələrə seçildilər. Lakin bir neçə ay keçdi, hətta mənim yaşadığım rayonda qadın bələdiyyə sədri istefa vermək istədiyini bildirdi. Biz o qadınları istefa verməməyə çağırdıq, kömək etdik, icra qurumları da kömək etdi və qadınlar bələdiyyələrdə fəaliyyətlərini davam etdirdilər. Qadınlar bələdiyyələrə üzv seçilməkdən qorxmamalıdırlar".
Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, bələdiyyədəki qadınların sayı kifayət qədərdir və bu resursla çox işlər görmək mümkündür. Deputat bu strukturdakı qadınların passivliyini bələdiyyələrin özlərinin qəliz durumu ilə əlaqələndirir: "Azərbaycanda ümumilikdə bələdiyyələrin öz fəaliyyəti qənaətbəxş deyil. Bizdə bu institutun dünyadakı mövcud bələdiyyə institutuna çatmasına hələ çox var. Hamı bilir ki, yerlərdə əsas fəaliyyət icra strukturlarındadır. İkincisi, bələdiyyə hələ yeni qurulan təsisatdır. Və o qədər də böyük təcrübəsi yoxdur". Bələdiyyələrin zəif olmasının səbəblərindən biri kimi Məlahət İbrahimqızı peşəkarlığın aşağı olması ilə əlaqələndirir. İdarəetmədə iştiraka gəlincə, millət vəkili bələdiyyədə sədr və müavin səviyyəsində qadınların daha az olması fikri ilə razılaşır: "Deyirik ki, bələdiyyənin 27 faizi qadınlardır. Amma onların sayı yerli özünüidarə sistemində qərar qəbul edəcək səviyyədə deyil, bunun üçün bələdiyyə sədri və ya müavin olmalısan. Ölkəmizdə isə 27 faizə qədər bələdiyyə üzvlərinin isə çox az hissəsi sədrdir. Yəni, sayca çox olsalar da, təmsilçilik statusu və qərar qəbul etmə baxımından azdır". Məlahət İbrahimqızı hesab edir ki, bu məsələlər tədricən həllini tapacaq və növbəti illərdə qadınlar bələdiyyədəki yerlərini daha da möhkəmləndirəcəklər: "Bunun üçün hardasa qadın həmrəyliyi də olmalıdır, onlar özlərinin lobbiçiliyini aparmalıdırlar. Bilirəm ki, bu işlərin öhdəsindən gələ biləcək layiqli qadınlar çoxdur. Məsələn, mən Şəmkirdən parlamentə üzv seçilmişəm. Orada bələdiyyədə çox qabiliyyətli qadınlar var. Amma bu, asan deyil. Çünki cəmiyyətdə "Siyasət qadınlar üçün deyil" stereotipi mövcuddur. Buna mane olan səbəblərdən biri də ana olan qadınların ailə öhdəlikləridir. Əksər hallarda onların ailələri uzunmüddətli iş saatlarını və ezamiyyələri təqdir etmirlər. Ona görə də bir çox qadınlar siyasətdə karyeraya başlamazdan öncə uşaqlarının böyüməsini gözləyirlər. Hətta BMT-nin sənədlərində də göstərilir ki, öz üzərində daim işləyən, irəli getməyi arzulayan, siyasətdə, ictimai həyatda qalxmağı bacaran qadınlar müəyyən səviyyəyə qədər qalxdıqdan sonra başları buz tavana dəyir. Çətini o tavanı sındırana kimidir. Bundan sonra artıq çətinliklər də arxada qalır".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə bələdiyyədə qadınların iştirakını qənaətbəxş sayır. Komitədən qeyd edirlər ki, bələdiyyə seçkilərində uğur qazananların 26 faizdən çoxunun qadınlar olması Azərbaycanda güclü və düzgün qadın siyasətinin həyata keçirilməsinin göstəricisidir. Tədricən, həmin qadınların həm sayı çoxalacaq, həm də aktivliyi artacaq. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyir ki, hakim partiyanın qadın üzvlərinin bələdiyyə seçkilərində təmsilçiliyinə üstünlük veriləcək. "Hazırkı bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardır. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Qadınların fəallığını artırmaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlər keçiriləcək".
Qeyd edək ki, 2003-cü ildə Avropa Şurası Nazirlər Komitəsi "Siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbulunda qadın və kişilərin balanslaşdırılmış iştirakı" adlı tövsiyə qəbul edib. Burada Avropa Şurası üzv ölkələrinə tövsiyə edilir ki, siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul edilmə prosesində qadınlar və kişilərin balanslaşdırılmış iştirakı üçün minimal dəhliz kimi hər cinsdən 40 faizlik təmsil olunma şərtini müəyyənləşdirsinlər. AŞ Nazirlər Komitəsi belə hesab edir ki, bu sahədə bərabərlik - insan hüquqlarının, cəmiyyətin demokratik inkişafının və həyatın keyfiyyətinin yaxşılaşdırılmasının ayrılmaz bir hissəsidir.
"Təmiz Dünya"İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki,qadınların seçkilərdə fəallıq nümayiş etdirməsinə mane olan amillər var: "Bu prosesdə əhalinin fəallığı və seçkinin şəffaflığı demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynayır. Ona görə də ölkənin demokratik inkişaf mərhələləri dərindən təhlil olunmalı, bu müstəvidəki problemlər ciddi şəkildə öyrənilməlidir. Belə problemlər içərisində xüsusi diqqət çəkən məqam qadınların demokratik quruculuq prosesində zəif iştirakıdır. Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur. Artıq Azərbaycan qadını dünya səviyyəsində təmsil oluna biləcək intellekt və savad həddinə yüksəlib. Bununla yanaşı, qadınların cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi kifayət qədər yüksək deyil. Sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna böyük bir fürsət verir. Tədqiqatlardan məlum olur ki, qadınların böyük hissəsinin bələdiyyə seçkisi haqda məlumatları məhduddur. Onlar seçki hüquqları barədə az məlumatlıdırlar. Bələdiyyə seçkisi siyasi təsisatların yarışması olsa belə, digər seçkilərlə müqayisədə daha çox ictimai məsələdir. Bələdiyyələr fəaliyyət genişliyinə görə daha çox insanı əhatə edir. Ölkədə gedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığı mühümdür. Çünki bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu problem cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların üzərindədir. Qadınlar öz problemini daha yaxşı bilir. Məktəbin, xəstəxananın normal fəaliyyəti, yolların və bütövlükdə infrastrukturun qaydasında olması, işıq, qaz, su təminatı daha çox qadının problemləri deyilmi? Deməli, bu problemlərin həll edilməsində daha çox məhz elə qadınlar fəallıq göstərəcəklər. Ona görə də, seçkilərdə qadınların fəallığı artırılmalıdır".