Qanunlardan imtinamı etməli?
Qanunlardan imtinamı etməli?

Erməni lobbisinin insan haqları oyunu

Son bir neçə il ərzində Azərbaycana qarşı insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən müxtəlif ittihamlar səslənməkdə və beləliklə də qeyri-səmimi mühit formalaşmaqdadır. Bəzən elə hallar olur ki, Azərbaycan qanunları belə bir kənara atılır və beynəlxalq təşkilatlar onların iddialarının təmin edilməsini təmin edirlər.Bundan maksimum dərəcədə istifadə etməyə çalışan güclər sırasında erməni lobbisi də var.
Elə Batumi Forumunda proqramdan kənar olaraq Azərbaycana qarşı aksiyanın təşkili də buna misaldır. Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən forum zamanı Azərbaycana qarşı sərgi təşkil olunmasına, müəyyən bəyanatların qəbul edilməsinə cəhd edilib. Orada iştirak edən Azərbaycan nümayəndə heyəti isə belə məqamların qarşısını almağa müvəffəq olub. Tədbirin gedişatı zamanı People in Need təşkilatının ermənipərəst mövqedən çıxış etdiyi, Azərbaycana qarşı qərəzli davranıldığı haqda qəzetimizə danışan Azərbaycan nümayəndə heyətinin sədri Vüqar Bayramov dedi ki, heyət üzvləri qeydiyyatdan keçdiyi zaman onlara proqram təqdim olunmayıb. Buna görə də sərgi təşkil olunacağından xəbərsiz olublar:"Tədbir başlayan gün bəlli oldu ki, forumdan kənar sərgi təşkil olunub və burada Azərbaycanla bağlı arzuolunmaz stendlər, plakatlar qoyulub. Biz həmin plakatların yığışdırılmasını tələb etdik. Nümayəndə heyətinin rəhbəri kimi forumun digər həmsədri ilə görüşüb danışıqlar apardım. Sərgini təşkil edənlərlə də söhbət etdim. Təəssüf ki, Çexiyadan olan digər həmsədr bildirdi ki, sərgi forumun proqramına daxil olmadığı üçün onun yığışdırmaq səlahiyyəti yoxdur. Təşkilatçılar isə qəti şəkildə bildirdilər ki, heç nəyi yığışdırmayacaqlar. Yalnız bundan sonra məlum insident yaşandı. Plakatların bəzilərini götürüb qaytarmayacağımızı dedik. İdarə Heyətinin üzvləri ilə söhbətimdə də bildirdim ki, özünüzü bizim yerimizə qoyun və ölkənizə qarşı bu cür davranışı təsəvvür edin. Əmin olun ki, sizin reaksiya bizimkindən fərqli olmayacaq. Çünki söhbət ölkənin təqdimatından, imicindən gedir. Təəssüf ki, bu sözləri qulaq ardına vurdular. Şəkilləri qaytarmağımız üçün mühafizə xidmətini belə çağırdılar. Halbuki biz məsələni danışıb anlaşmaqla yoluna qoymaq istəyirdik".
V.Bayramov forumun birinci günü Azərbaycan nümayəndə heyətinin səs hüququnun əlindən alınması ilə bağlı müraciət hazırlandığını, müəyyən danışıqlardan sonra səslərinin bərpa olunduğunu bildirdi: "Bəziləri təşkilatçının ermənipərəst olub-olmadığı haqda fikirlərini bölüşür. İki faktı qeyd etmək istəyirəm. Birincisi, təşkilatın təsisçisi və sədri dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Çexiyadakı səfirliyimizin yaydığı bəyanatda da qeyd olunur ki, həmin şəxs ölkəmizin ərazi bütövlüyünü tanımayıb, icazəsiz işğaldakı ərazilərimizə gedib. Bu səbəbdən adı hökumətimizin qara siyahısına düşüb. İkincisi, bu təşkilat Dağlıq Qarabağ nümayəndə heyətinin foruma müstəqil respublika kimi cəlb edilməsinə çalışırdı. Mən forumun həmsədri kimi bunun qarşısını aldım. Sadalananlar həmin təşkilatın ermənipərəst olması ilə bağlı fikir söyləməyə əsas verir. Amma təəssüf ki, Azərbaycanda bəzi radikal qruplar bu həqiqəti qəbul etmək istəmir".
Nümayəndə heyətinin sədri forum zamanı cəbhə xəttində erməni helikopterinin vurulmasının müzakirə olunmasına imkan vermədiklərini söylədi: "Bu məsələni danışıqlar prosesinə zərbə vuran məqam kimi qiymətləndirmək istəyirdilər. Həmçinin beynəlxalq hüquq normalarının pozulması, sülh prosesinə əngəl yaradılması kimi təqdim etməyə çalışırdılar. Amma biz mövzunun müzakirəsinin qarşısını ala bildik. İkinci bəyanat isə iki müəllif tərəfindən hazırlanmışdı ki, onlardan biri erməni idi. Həmin bəyanatda Azərbaycan qərəzli şəkildə tənqid olunurdu və o gizli səsverməyə çıxarıldı. Səsvermə zamanı bəyanat qəbul edilmədi. Onun keçməməsinə 32 nümayəndə səs verdi. Həmin şəxslərdən 10-u Azərbaycan nümayəndə heyətinin üzvü, 22-si digər ölkələrin - Ukrayna, Gürcüstan, Moldova və Avropa Birliyi təmsilçiləri idi. Yəni, qərəzli bəyanatın keçməməsinə yalnız Azərbaycan tərəfindən deyil, Avropa Birliyi nümayəndələrindən də dəstək gəldi. Onlar da bildirdilər ki, Azərbaycanı tənqid etmək düzgün deyil. Forum zamanı mənfi məqamlar yaşansa da, ümumilikdə onu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, uğur əldə edə bildik. Həm Azərbaycanla bağlı qərəzli bəyanatların qəbul olunmasına imkan vermədik, həm də ölkə həqiqətlərinin çatdırılmasına nail ola bildik".
"Ekolog-2010" ekoloji maarifləndirmə İctimai Birliyinin sədri, Milli Platformanın üzvü Səlim Balayev də forum zamanı ölkəmizə qarşı açıq şəkildə qərəz nümayiş olunduğunu söylədi: "Onlar bizim səsimizin ləğv olunmasını istəyirdilər. İstəyirdilər ki, nümayəndə heyətimizin yeni tərkibi formalaşsın və orada yalnız onlara sərf edən, hər zaman ünsiyyətdə olduqları həmfikirləri və ermənipərəst "azərbaycanlılar" yer alsın. Həmin şəxslər guya Azərbaycanı təmsil edirdilər. Halbuki orada ölkəmizə qara yaxmaqla məşğul idilər. Azərbaycana qarşı hazırladıqları həqiqəti əks etdirməyən plakatları yığışdırmağımıza ağız büzənlər, sən demə, öncədən belə bir sərgi olacağından xəbərdar imişlər. Vətəninə nifrət edənləri azərbaycanlı adlandıra bilmərəm. Biz intriqa ilə üzbəüz qaldığımız vaxtda onlar əks-mövqe tutmuşdular. Forumun ikinci günü Azərbaycanla bağlı qətnamə qəbul olunacağı gözlənilirdi. Bildiyiniz kimi, onu erməni hazırlamışdı. Yaxşı ki, forum iştirakçıları həmin sənədə lazımi dəstəyi vermədilər. 32 əleyhinə, 29 lehinə, 8 bitərəf səslə Azərbaycanla bağlı qətnamə qəbul olunmadı. Bu, Azərbaycanın ermənilər üzərində növbəti möhtəşəm qələbəsi idi".
S.Balayevin fikrincə, sözügedən forum zamanı bir daha məlum olub ki, hər yerdə erməni məkri ilə rastlaşa bilərik. Ona görə də bu cür hallara hazır olmalıyıq: "Orada Azərbaycan həqiqətlərini hər kəsin diqqətinə çatdırdıq. Düşünürəm ki, bu istiqamətdə səylərimizi daha da artırmalıyıq. Ölkəmizə qarşı qərəzli olanlara, hər cür böhtan atanlara qarşı sərt davranmalı, bu kimi halların qarşısını almalıyıq". Ən gülməli məqam isə budur ki, nəinki bu tip siyasi aksiyalarla, həmçinin Azərbaycan qanunvericiliyini, məhkəmə sistemini belə tamamilə inkar etmə xəttidə tutulur. Bununla bağlı yazar Elçin Mehdiyev maraqlı bir yanaşma sərgiləyib:"Azərbaycanın dünya arenasında artan rolu çoxlarına rahatlıq vermir. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks respublikaya səfərinə dair növbəti "əsər"i ilə çıxış edib. Komissar "əsər"ində guya insan haqlarını pozan Azərbaycanı tənqid etməklə çıxış edib.O, sözlərinin təsdiqi kimi respublikada həbs olunmuş insanlarla görüş və istintaqları davam edənlər haqqında danışıb. Lakin cənab N.Muiznieks bu insanların nəyə görə həbs olunması barədə heç bir söz açmayıb. Eybi yox, bunu onun yerinə biz edərik. Avropa komissarının məqaləsində qeyd edilən insanlardan (bir daha qeyd edirik - HEÇ BİRİ) hüquq müdafiəsi fəaliyyətinə görə məhkum olunmayıb. Üstəlik, Yunus cütlüyü dövlətə xəyanətdə ittiham olunurlar ki, bu da istənilən dövlətin, o cümlədən Aİ ölkələrinin qanunvericiliyinin ən ağır maddələrindən biridir.
Bununla belə, Qərbin fəaliyyəti qədim Roma atalar sözünə əsaslanır: "Yupiterə icazə verilən şey öküzə icazə verilmir". Bəs o zaman Avropa komissarı qondarma siyasi məhbuslardan danışanda iki ildir Ekvadorun Londondakı səfirliyinin ərazisini tərk etməyən Culian Assanj barədə unudur? Ekvador hökumətinin iki gün əvvəl verdiyi bəyanatdan sitat gətirmək istərdim: "Ekvador insan hüquqlarını, xüsusilə siyasi təqib qurbanlarını qorumağın uzunmüddətli ənənələrinə sadiq qalaraq, vətəndaş Culian Assanjın azadlığını və həyatını qorumaq öhdəliyinin etibarlılıq müddətini ratifikasiya edib".
Bəlkə Azərbaycan insan haqları üzrə komissarını C.Assanjın yanına göndərməli və bu görüşün yekunları üzrə Avropada insan haqlarının pozulması haqqında bəyanatla çıxış etməliydi? Bunu ABŞ xüsusi xidmət orqanlarının ümumi izləməsi haqqında informasiyaya görə siyasi təqib səbəbindən Rusiyada gizlənən Edvard Snoudenə də aid etmək olar.
Cənab N.Muiznieks Avropada Latviyanı təmsil edir. O, yəqin bilir ki, onun ölkəsi müstəqilliyi necə istəyirdi və müstəqilliyi nəyin bahasına əldə edib. Azərbaycan isə müstəqilliyini yüzlərlə insan həyatı bahasına qazanıb. Buna görə də müstəqillik respublika üçün daha dəyərli olub. Buna görə də, cənablar, əsl müstəqil dövlətlərlə tərbiyəçi tonunda danışmaq lazım deyil. Bərabər tərəfdaşlar bərabər şərtlər tələb edirlər və bu qaydaya ikili standartları tətbiq etmədən riayət etmək lazımdır".