Bələdiyyə seçkilərinə aktivliyi necə yaradaq?
Bələdiyyə seçkilərinə aktivliyi necə yaradaq?

Ölkədə bələdiyyə seçkilərinin keçirilməsinə sayılı günlər qalır. Dekabr ayında baş tutacaq bu seçkilər artıq Azərbaycanda keçiriləcək 4-cü bələdiyyə seçkisi olacaq. Gələn ay keçriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesi də davam edir. Artıq bu prosesdə namizəd kimi iştirak edəcək şəxslərin müəyyənləşdirilməsi həyata keçrilir.
Hazırda siyasi partiyalar arasında bu məsələdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəallığı daha çox nəzərə çarpmaqdadır. Artıq YAP-ın bələdiyyə seçkilərinə namizədlərinin 13 min nəfəri namizədlik statusu alıb. Digər namizədlər də işlərini davam etdirir. Onu da bildirək ki, YAP-ın namizədlərinin 37 faizə qədərini yeni namizədlər, o cümlədən gənclər, qadınlar təşkil edir. Digər partiyalardan namizədlərin qeydə alınması prosesi davam edir.
Müşahidələr göstərir ki, digər seçkilərlə müqayisədə bu il bələdiyyə seçkilərinə hazırlıqda ictimai-siyasi sektorda aktivlik müşahidə olunur. Amma əhali arasında bələdiyyə seçkilərinə hazırlıqda elə də canlanma müşahidə olunmur. Məsələn, qardaş Türkiyədə əhali bələdiyyə seçkilərinə prezident seçkiləri qədər ciddi, fəal yanaşdıqları halda, bizdə əhalinin mütləq əksəriyyəti ümumiyyətlə gələn ay bələdiyyə seçkilərinin keçirilməsindən xəbərsizdir. Paytaxt küçələrində, inzibati binaların divarlarında bələdiyyə seçkiləri ilə bağlı əhaliyə çağırış mətnli elanlar vurulsa da, əhali arasında bələdiyyə seçkilərinə aktivliyi arzuolunan hesab etmək olmaz. Əhali bunun səbəbini belə izah edir:
Binəqədi qəsəbə sakini Nəzakət Muradova bələdiyyə seçkilərində aktiv olmamasının səbəbini qəsəbə bələdiyyəsinin passiv olması ilə əlaqələndirir: "Qəsəbə bələdiyyəsinin sədrinin adını da bilmirəm. Ötən seçkidən bu tərəfə bələdiyyə sədri bir fəaliyyəti ilə belə bizim yaddaşımızda iz buraxmadı. Ümumiyyətlə mən bilmirəm bələdiyyənin işi nədən ibarətdir".
Rəsulzadə qəsəbəsinin sakini Namazov Məcid də bələdiyyələrin fəaliyyətsizliyinin əhali arasında bu seçkilərə marağı azaltdığını söyləyir: "Bələdiyyələr gərək əhalinin yadında qalan bir iş görsünlər ki, sakinlər də bələdiyyələrin varlığından xəbər tutsunlar. Axı bələdiyyələr heç bir fəaliyyəti ilə yaddaşlarda qalacaq bir işə imza atmırlar. Bələdiyyələr çox təəssüf ki, sakinlər üçün hələ də torpaq satan qurum kimi tanınırlar. Məsələn bizim bələdiyyənin indiyədək bir layihədə iştirakını görməmişik".
Binəqədi qəsəbə sakini Tamerlan Səmədov isə deyir ki, bələdiyyəyə qəsəbənin hansı problemi ilə bağlı müraciət edibsə, bələdiyyədən "bizim səlahiyyətimizdə deyil" cavabını alıb. İndi mən bilmirəm seçkidə gedib bələdiyyənin hansı səlahiyyətlərinə görə səs verməliyəm. Bircə gəlib zibili aparırlar, ona da aylıq haqq ödəyirik".
Sorğu da bir daha təsdiqləyir ki, bələdiyyələrin hələ də cəmiyyət həyatında geniş rol oynadığından danışmaq tezdir. Ötən dövr ərzində bələdiyyələr özlərini yaxşı mənada göstərə bilməyib. Onların hansısa bir iri layihələr həyata keçirdiyinin şahidi olmamışıq. Belə vəziyyət bələdiyyələrin cəmiyyət həyatında fəal rol oynamaları üçün müəyyən addımların atılmasını vacib edir. Bələdiyyələr üzrə ekspert İlqar Hüseynli düşünür ki, bələdiyyələrin cəmiyyət həyatında fəallığını artırmaq üçün əsasən üç məqamın həllinə diqqət yetirmək lazımdır: "Bələdiyyələrin cəmiyyət həyatında fəallığını artırmaq üçün birinci növbədə real, obyektiv Bələdiyyə Şurası yaradılmalıdır. İkinci bir tərəfdən, bələdiyyələrin maliyyə imkanlarını artırmaq gərəkdir. Hər bir fəaliyyətin əsasında maliyyə dayanır. Maliyyənin lazımi qədər olması bələdiyyələrin sərbəstliyinə və tabeçiliyində olan ərazidə çoxsaylı vacib işlərin reallaşmasına təkan verər. Başqa bir amil isə səlahiyyətlərlə bağlıdır. Bələdiyyələrin səlahiyyət imkanları artırılmalıdır ki, onlar real iş görə bilsinlər. Hazırda bəzi məsələlər üzrə yerli icra strukturu ilə bələdiyyələr arasında paralel strukturlar qalmaqdadır. Həmin səlahiyyətlərin sərhədi dəqiqləşdirilməli və bələdiyyələrin üzərinə düşən vəzifələr də konkretləşməlidir. Eyni zamanda, yerli icra strukturu hakimiyyəti orqanlarına və mənzil istismar idarələrinin səlahiyyətlərinə daxil olan məsələlər bilavasitə bələdiyyələrə verilməlidir. Türkiyədə bələdiyyələr dövlət büdcəsində 6,8 faiz paya malikdir. Buna müvafiq olaraq, həmin prinsip Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrə də tətbiq olunmalıdır. Yəni özünüidarə orqanları dövlət büdcəsində də müəyyən paya sahib olmalıdır ki, əhəmiyyətli məsələlərin həllində maliyyə imkanları yetərincə olsun və belədə əhali qarşısında hesabatlı olduqları problemlərin həllində sözün həqiqi mənasında yardımçı rolunu layiqincə icra edə bilsinlər. Sadaladığım bu önəmli faktorlar öz həllini taparsa, cəmiyyət həyatında bələdiyyələrin də rolu artar. Bunlardan başqa, bələdiyyələrin infrastrukturunun, onun ofis və texniki imkanlarla təminatının yaxşılaşdırılması, bələdiyyə qulluqçularının dövlət qulluğu təminatının yaradılması kimi stimullaşdırıcı faktorlar da gərəkdir ki, daha oturuşmuş, çevik mexanizmlə işləyən bələdiyyələrin şahidi ola bilək. İnsanların bələdiyyəyə olan inamı artmalıdır ki, daha potensiallı şəxslər burada iştirak etməklə prosesin iştirakçısı olsunlar".
Ekspert Vüqar Tofiqli də qeyd etdi ki, bələdiyyələrin fəallığının artırılması üçün çoxsaylı məsələlərin kompleks şəkildə həllinə nail olmaq gərəkdir: "Bələdiyyələrin ictimai həyatda aktiv olmalarına nail olmaq üçün gənclərlə qadınların bu prosesə daha aktiv şəkildə qoşulmasına ehtiyac vardır. İkincisi, bələdiyyə qanunvericiliyində olan müəyyən boşluqların aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Çünki, həmin boşluqlar bir sıra hallarda bələdiyyə büdcəsinin doldurulmasına, yəni maliyyə vəsaitlərinin daxil olmasına birbaşa olaraq maneəçilik yaradır. Digər tərəfdən, bələdiyyənin ehtiyac olduğu kadr potensialının olmaması da onların cəmiyyətdə fəal rol oynamalarına əngəl olan amillərdəndir. Üzvlərin müəyyən mənada səriştəsizliyi, təcrübəsizliyi özünüidarə orqanlarının nüfuzuna xələl gətirir. Maliyyə vəsaitinin zəifliyi nəticəsində hazırda bələdiyyədən kadr axını baş verir. Halbuki, bunun əksinin olması vacibdir ki, bələdiyyələrin iş əmsalı və belədə əhəmiyyəti də yüksəlsin. Bunlar hələlik baş vermədiyindəndir ki, hazırda bələdiyyələrin fəaliyyəti ümumən iflic durumdadır. Bələdiyyələrə yerli icra hakimiyyəti orqanları tərəfindən olan yersiz müdaxilələr də bu qurumun aktiv olmasına maneə olur. Bələdiyyələrin cəmiyyətdə fəallığını artırmaq üçün prosesdə seçicilərin də aktiv olması vacibdir. Seçicilərin passivliyi öz təsirini istər-istəməz bələdiyyələrə də göstərir. Seçici bələdiyyələrə daha peşəkar və aktiv üzvləri seçsə, vaxtlı-vaxtında onlardan hesabat tələb etsə, bələdiyyələr də öz növbəsində fəaliyyətlərində məsuliyyətli olarlar. Bunu deməklə onu bildirmək istəyirəm ki, bələdiyyələrin hazırki durumunda seçici olaraq bizlərin də günahı vardır. Bu kimi məsələlər düşünürəm ki, kompleks şəklində həllini tapmalıdır. Yaranmış durumu təkcə bələdiyyələrin öz səyləri, qanunvericilikdəki boşluqları aradan qaldırmaqla deyil, həm də cəmiyyətin bir üzvü olaraq özümüz də prosesdə fəal iştirak etməklə həll etməliyik. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, büdcədən onlara əlavə vəsaitlərin verilməsi bu qurumun cəmiyyətdəki çəkisini müəyyən mənada artırmış olacaq. Bu yaxınlarda Prezident tərəfindən əmlak vergisinin yığılması ilə bağlı sərəncamı bu sahədəki problemi aradan qaldırdı. Əmlak vergisinin bələdiyyə büdcəsindən tutduğu həcm cəmi 7 faizdir. Halbuki, bu həcmi minimum 20-25 faizə qaldırmaqla, məsələdə əsaslı irəliləyişə nail olmaq olar. Bütün hallarda bələdiyyələrin qarşılaşdıqları problemlərin həlli kompleks şəkildə olmalıdır. Eyni vaxtda, həm bələdiyyələrin sayının azaldılması nəzərdə tutulmalı, o kadr potensialı ilə təmin edilməli, bələdiyyələrlə icra hakimiyyətinin səlahiyyət bölgüsünü ehtiva edən qanun layihəsi hazırlanıb, qəbul edilməlidir. Bu kimi problemlərin həllinə kompleks şəkildə yanaşılsa, düşünürəm ki, tez bir zamanda bələdiyyələrin nüfuzunu qaldıra bilərik".