İnsan haqları BMT-də
İnsan haqları BMT-də

Qanunlar formalaşdıqca effektli nəticələr olur

Birləşmiş Millətlər Təşkilatı özünün ən əsas məqsədlərindən birinin - insan hüquqlarının təşviq edilməsi və qorunmasının həyata keçirilməsinə yönəldilən müxtəlif fəaliyyət növləri ilə məşğuldur. İnsan hüquqları nomralarının müəyyənləşdirilməsi, onların yerinə yetirilməsinə nəzarət edilməsi, onlara riayət olunmasına yardım göstərilməsi və onların pozulması hallarının araşdırılması məsələlərinə dair müxtəlif beynəlxalq pakt və konvensiyalara uyğun olaraq yaradılmış mürəkkəb mexanizmin böyük əhəmiyyəti vardır. Bu fəaliyyətləri ilə yanaşı Birləşmiş Millətlər Təşkilatı, həmçinin insan hüquqlarının təşviq edilməsi və qorunması, malik olduqları hüquqlar haqqında ictimaiyyətə məlumat verilməsi sahəsində səylər göstərməkdə dövlətlərə praktik yardım göstərir.
Bu strukturlar və tədbirlər Birləşmiş Millətlər Təşkilatına insan Hüquqları və əsas azadlıqlar sahəsində aparıcı rol oynamağa imkan verir. Ancaq onu da etiraf etmək vacibdir ki, Birləşmiş Millətlər Təşkilatının ehtiyatları hədsiz-hüdudsuz deyildir və mahiyyət etibarı ilə o, xüsusilə də tək-tək hallar üçün birbaşa tədbirlər qəbul etməkdə məhdud imkanlara malikdir. Praktiki olaraq heç bir təşkilat hər birsituasiyanı öz nəzarəti altında saxlaya biləcəyinə ümid edə bilməz. O, həmçinin insan hüquqlarının pozulduğu güman edilən hər bir halı araşdıra və yaxud onun bütün qurbanlarına kömək edə bilməz.
Bu səbəblərə görə beynəlxalq sistem insan hüquqları sahəsində əhəmiyyətli dərəcədə Avropada, Afrikada və Amerikada fəaliyyət göstərən strukturlara bənzər regional strukturların himayəsinə arxalanır. Hökumətlər və müvafiq beynəlxalq təşkilatlar da əlavə köməklik göstərirlər. Bu strukturların hər biri insan hüquqları üzrə ümumi mədəniyyətin inkişafında öz rolunu oynayır. Məsələn, qeyri-hökumət təşkilatları xarakterlərinin tələbinə uyğun olaraq, artıq öz fikirlərini ifadə etmək sərbəstliyinə, fəaliyyət çevikliyinə və bir yerdən başqa yerə hərəkət etmək sərbəstliyinə malikdirlər; bu da onlara hökumət təşkilatların və beynəlxalq təşkilatların həll edə bilmədikləri, hətta bəlkə də həll etməyə həvəs göstərmədikləri vəzifələri həll etməyə imkan verir. İnsan hüquqları sahəsindəki regional strukturlar beynəlxalq norma və mexanizmləri elə vasitələrlə möhkəmləndirmişlər ki, onların köməyi ilə müvafiq regionun konkret sosial, tarixi və siyasi şəraiti daxilində insan hüquqları problemlərini həll etmək mümkündür.
İnsan hüquqlarının həyata keçirilməsində milli hökumətlər xüsusilə böyük rol oynayırlar. İnsan hüquqları normaları ayrı-ayrı şəxslər arasındakı və ayrı-ayrı şəxslərlə dövlət arasındakı münasibətləri əhatə edir. Deməli, insan hüquqlarının qorunması və təşviqi hər şeydən əvvəl milli vəzifədir və hər bir dövlət onun həlli üçün məsuliyyət daşımalıdır. Hüquqların qorunması milli səviyyədə müvafiq qanunvericiliklərin, müstəqil məhkəmə sisteminin, fərdi təminatların və qorunma vasitələrinin qanunvericiliyə uyğun tərtibi və tətbiqinin köməyi ilə, həmçinin demokratik institutların yaradılması sayəsinə ən yaxşı şəkildə təmin edilə bilər. Bundan əlavə, məhz milli və yerli səviyyədə işlənib hazırlanan və həyata keçirilən, yerli mədəniyyətin və yerli ənənələrin şərtlərini nəzərə alan maarifçilik və informasiya xarakterli kampaniyalar ən səmərəli kampaniyalardır.
İnsan hüquqları sahəsində bu və ya digər müqaviləni təsdiq etdikdən sonra dövlət onun qaydalarını bilavasitə öz daxili qanunvericiliyinə daxil edir və ya o müqavilədə 2
öz üzərinə götürdüyü öhdəlikləri başqa bir yolla yerinə yetirəcəyinə söz verir. Buna görə də insan hüquqları sahəsində hamı tərəfindən qəbul edilmiş standartlar və normalar bu gün əksər ölkələrin daxili qanunvericiliklərində öz əksini tapmışdır. Ancaq əgər konkret hüquqların qorunması ilə bağlı qanunlar, onların səmərəli realizasiyasını təmin etmək üçün zəruri olan bütün hüquqi səlahiyyətlərin və institutların mövcudluğunu təmin etmirsə, onda həmin qanunların mövcudluğu heç də həmişə kifayət etmir.
İnsan hüquqlarının milli səviyyədə səmərəli həyata keçirilməsi ilə bağlı bu problem bütün dünyada, xüsusilə də son vaxtlar, heç də az olmayan marağa və fəaliyyətlərə səbəb olmuşdur. Bir çox ölkələrdə demokratik hakimiyyət formalarının meydana gəlməsi və ya onların yenidən yaranması insan hüquqlarının özülünü təşkil edən hüquqi və siyasi əsasların əhəmiyyətini qeyd edir.
Beləliklə, getdikcə belə bir fakt daha aydın üzə çıxır ki, insan hüquqlarının səmərəli şəkildə həyata keçirilməsi onların qorunması və təşviqi üçün milli infrastrukturların yaradılmasını tələb edir. Son illərdə bir çox ölkələrdə insan hüquqları üzrə rəsmi təsisatlar yaradılmışdır. Belə təsisatların vəzifələri hər bir ölkə üçün son dərəcə müxtəlif olsa da, onların hamısı ümumi məqsədlərə yönəldilmişdir və buna görə də onlar insan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milli təsisatlar adlanır.
Aşağıdakı səhifələr bütün mövcud milli təsisatlar kompleksini müfəssəl təsvir etmir. Hazırda İnsan hüquqları Mərkəzi bu məsələ ilə əlaqədar olaraq belə təşkilatların yaradılmasında və ya onların möhkəmləndirilməsində maraqlı olan hökumətlərə praktik və ətraflı tövsiyyələri əks etdirən ayrıca bir vəsait hazırlayır. "Faktların şərhi"nin bu buraxılışında milli təsisatlara daha ümumi yanaşma üsulu
əsas götürülür: burda onların yaradılış tarixçəsindən söhbət açılır və həm Birləşmiş Millətlər Təşkilatı sistemi çərçivəsində, həm də ondan kənarda insan hüquqlarının qorunması və təşviqi sahəsində göstərilən səylərin ümumi təkamülü şəraitində meydana gəlmələrinin aydınlaşdırılmasına cəhd edilir.
Milli təsisatlara hamılıqla maraq nisbətən yeni hadisə olsada, Birləşmiş Millətlər Təşklatı belə təsisatlara ilk dəfə 1946-cı ildə maraq göstərmişdir; Sosial və İqtisadi Şura o zaman bu məsələyə birinci olaraq müraciət etmişdi. Şura üzv ölkələrə İnsan hüquqları Komissiyasının öz fəaliyyətini inkişaf etdirərkən onlarla əməkdaşlıq edə bilməsi üçün öz ölkələrinin hüdudları daxilində insan hüquqları üzrə informasiya qruplarının və ya yerli komitələrin təsis edilməsinin faydalı ola biləcəyi barədə məsələni nəzərdən keçirməyi təklif etmişdi.
İnsan hüquqlarının qorunması və təşviqində milli təsisatların unikal rol oynaya biləcəyinin etiraf edildiyi 1960-cı il qətnaməsində İqtisadi və Sosial Şura hökumətlərə belə orqanların yaradılmasını və onların gələcək fəaliyyətlərini təşviq etməyi, habelə bu məsələ ilə bağlı öz fikirləri barədə Baş katibə məlumat verməyi və ona informasiyalar göndərməyi təklif etmişdi. Bu proses hal-hazırda da inkişaf etdirilir və alınan informasiyalar barədə məruzələri Baş Katib mütəmadi olaraq İnsan Hüquqları Komissiyasına, Baş Assambleyaya və üzv dövlətlərə təqdim edir.
60-cı və 70-ci illər ərzində İnsan hüquqları sahəsində norma yaradıcılığı ilə bağlı fəaliyyətlər gücləndikcə milli təsisatlara dair məsələlər üzrə diskussiyalar başlıca olaraq elə yolların müəyyənləşdirilməsi üzərində cəmlənmişdi ki, bu orqanlar onların köməyi ilə nəzərdə tutulan beynəlxalq normaları səmərəli şəkildə həyata keçirilməsinə yardım edə bilsinlər. İnsan Hüquqları Komissiyası insan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milli və yerli təsisatların strukturları və fəaliyyətlərinin rəhbər prinsiplərini işləyib hazırlamaq məqsədilə 1978-ci ildə belə təsisatlara həsr olunmuş seminar təşkil etməyi qərara aldı. Bununla əlaqədar olaraq, 1978-ci il sentyabrın 18-dən 29-na kimi Cenevrədə insan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milli və yerli təsisatlara dair seminar keçirildi və həmin seminarda bir sıra rəhbər prinsiplər qəbul olundu. Həmin prinsiplərə əsasən milli təsisatlar aşağıdakı funksiyaları yerinə yetirməlidirlər:
a) öz ölkələrinin hökumətləri və xalqları üçün insan hüquqları barədə informasiya mənbəyi kimi fəaliyyət göstərmək;
b) ictimaiyyətin bu sahədə maariflənməsinə köməklik göstərmək və onun insan hüquqlarını dərk etməsinə və onlara hörmət etməsinə yardım göstərmək;
c) bu və ya digər ölkədə yaranan və həmin ölkə hökumətinin onlara həvalə etmək arzusunda olduğu hər hansı konkret vəziyyəti nəzərdən keçirmək, müzakirə etmək və tövsiyyələr vermək;
d) hökumətlərin insan hüquqları ilə bağlı onlara həvalə etdikləri istənilən məsələ barədə məsləhətlər vermək;
e) insan hüquqlarının təşviqinə yönəldilən qanunvericilikləri, məhkəmə qərarlarını və inzibati sərəncamları öyrənmək və onların durumunu izləmək, həmçinin bu məsələlər barədə müvafiq orqanlara məruzələr hazırlamaq;
f) həmin dövlətin insan hüquqları sahəsində iştirakçısı olduğu beynəlxalq müqavilələr üzrə öz üzərinə götürdüyü təəhhüdlərlə əlaqədar olaraq hökumətin onlara həvalə etmək istədikləri istənilən digər funksiyaları yerinə yetirmək.
Belə təsisatların strukturları ilə bağlı rəhbər prinsiplərin nəzərdə tutduğu tövsiyyələrə görə onlar:
a) elə təşkil olunmalıdırlar ki, tərkibləri cəmiyyətin ən müxtəlif təbəqələrin əks etdirmiş olsun, bununla da əhalinin bütün təbəqələri insan hüquqları sahəsində qərarların qəbul olunması prosesinə cəlb edilsin;
b) cəmiyyətin hər bir üzvünün və hökumətin hər bir nümayəndəsinin onlara maneəsiz yol tapa bilmələrinin təmin edilməsi sahəsində müntəzəm fəaliyyət göstərməlidirlər;
c) müvafiq hallarda, öz funksiyalarını həyata keçirmək üçün onlara kömək edə bilmək məqsədilə yerli və regional məşvərət orqanlarına malik olmalıdırlar.