Ailə hüququ nədir?
Ailə hüququ nədir?

Uşaq hüququnun xüsusi predmetləri

İnsan hüquq və azadlıqlarının qorunması sözsüz ki, siyasi maarifləndirmədən aslıdır. İlk növbədə uşaq və ailə hüquqlarının nədən ibarət olması, bu hüquqların hansı aktlarla tənzimlənməsini bilmək vacibdir. Bunu nəzərə alaraq ailə və uşaq hüquqları ilə bağlı araşdırmamızı nəzərinizə çatdırırıq. Xüsusi ilə bunu qeyd edək ki, ailə hüququ əslində hüququn bir qoludur.
Belə olan halda ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını tışkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasinbətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsusludur. Dospozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsusludur.
Hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti, birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı və ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Ailə nikahla və qohumluqla bağlı olan, bir-birilə birlikdə yaşayan şəxslər qrupudur.
Azərbaycan Respublikasının Konstitusiyasında ailə və nikah hüququndan bəhs edilmiş maddələrdə (maddə 34) ailə üzvləri kimi ata, ana, ər-arvad, uşaqlar göstərilmişdir. Azərbaycan Respubliaksı Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmişdir və dövlətin xüsusi himayəsində olduğu qeyd edilmişdir (maddə 17). Dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun ictimai özəyi olan təşkilinin və nüfuzunun, xalqın və dövlətin çiçəklənməsinin mənbəyi kimi qorunmasına təminat verir.
Ailə hüququnun predmeti ailənin özü deyil, ailə üzvləri arasında mövcud olan münasibətlərdir (ailə münasibətləri). Ailə münasibətləri çoxsaylı, mürəkkəb oduğundan burada olan əlaqələrin hamısı hüquq normaları ilə əhatə olunmur, hüquq normalarının təsiri altına düşmür.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsində ailədə hüquqla tənzimlənən münasibətlərin dəqiq dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin əhatə etdiyi ailə münasibətlərini şərti olaraq dörd əsas qrupa bölmək olar
Birinci qrup münasibətlərə nikahın bağlanması və nikaha xitam verilməsi, nikahın etibarsız sayılması aiddir. Bu qrup münasibətlərə nikah münasibətləri deyilir.
İkinci qrupa ər-arvadın əmlakının hüquqi rejimi, onların mülkiyyətinin müqavilə rejimi, öhdəlikləri üzrə məsuliyyəti;
Üçüncü qrupa valideynlərini və uşaqların hüquq və vəzifələri və ailə üzvlərinin öhdəliklərini;
Dördüncü qrupa valideyn himayəsindən məhrum olan uşaqları övladlığa götürmə, qəyyumluq və himayə, onların digər tərbiyə formalarını daxil etmək olar.
Ailə hüququnun predmetini ailə üzvlərinin münasibətlərinin tənzim olunan tərəfini təşkil edən və əsas mənasını və məzmununu müəyyən edən amil – ailə üzvlərinin qarşılıqlı məhəbbəti, dostluq və hörmət hissləri təşkil edir.
Yuxarıda qeyd edilən məqamlar ailə hüququnun, başqa hüquq sahələrinin (xüsusən mülki hüququn) predmetindən fərqli özünün müstəqil tənzimetmə predmetinin olduğunu təsdiq edir. Alimlərin araşdırma və tədqiqatları ailə qanunvericiliyində tənzimlənən münasibətlərin aşağıdakı spesifik əlamətlərini aşkar etmişdir:
Ailə hüquq münasibətlərinin subyektləri yalnız vətəndaşlar ola bilər, Mülki Məcəllənin şərəf və ləyaqəti müdafiəsinə yönəldilmiş maddəsindən əmələ gələn hüquq münasibətlərinin subyektləri isə həm vətəndaşlar, həm də təşkilatlar ola bilər;
Ailə münasibətlərini (şəxsi və əmlak) özünəməxsus hüquqi faktlardan: nikah, qohumluq, analıq, atalıq, övladlığa götürmə, uşağı tərbiyə etmək üçün ailəyə qəbuletmə hüquqi faktlardan əmələ gəlir; mülki hüquqa isə müqavilələr və digər sazişlər, deliktlər, məhkəmə qərarları, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının aktları kimi hüquqi faktlar səciyyəvidir.
Uşağın həyata göz açması, uşağın doğulması ona həyat vermiş qadın və kişinin həyatında mühüm hadisədir. Konkret validynlərdən törəmiş uşaqlar valideynlərin nikahda olub-olmamasından asılı olmayaraq onların arasında hüquqi münasibətlərin yaranması üçün əsasdır. Uşaqlarla valideynlərin və ya valideynlərin birgə və ya ayrı yaşamalarından asılı olmayan bu qan qohumluğu "uşaqların mənşəyi" termini ilə əhatə olunur.Lakin valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır (Ailə Məcəlləsinin 43-cü maddəsi).
Azərbaycan Respublikasında ailə qanunvericiliyi beynəlxalq hüquq normalarına və ümumbəşəri prinsiplərə söykənərək ailədə uşaqlara keçmişdən miras qalmış valideyn qayğısının passiv obyekti kimi münasibətdən əl çəkmiş, yetkinlik yaşına çatmayan uşaqların ailədə hüquqi statusunu konkretləşdirən normalar təsbit etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Uşaq hüquqları haqqında Konvensiya uşağı özünün hüquqlarının müəyyən mənada həyata keçirilməsi və müdafiəsinə malik olduğu müstəqil şəxsiyyət gözündə görür. Konvensiyada təsbit olunmuş normalara əsaslanaraq və bu sənədin prinsiplərini rəhbər tutaraq Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailədə uşaqların hüquqlarına həsr edilmiş müddəalarda uşağın hüquqlarının və mənafelərinin hərtərəfli müdafiəsinə təminat vermişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində ölkəmizdə ailənin ümumbəşəri prinsiplər əsasında qurulmasına təminat verilir (Ailə Məcəlləsinin 3.0.1-ci maddəsi). Azərbaycan Respublikasında ailənin dövlət himayəsində olmaqla, analığın, atalığın və uşaqlığın qanunla mühafizə edilməsini təsbit edən norma ailə münasibətlərini məhz uşaqların hüquq və mənafeləri mövqeyindən tənzimlənməsini nəzərdə tutan müddəa kimi başa düşülməlidir. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 1-ci maddəsində uşaq anlayışının tərifi verilmişdir."Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, uşaq barəsində tətbiq edilə bilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun". Buna müvafiq olaraq uşaq anlayışının tərifi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsində də verilmişdir. Bu maddəyə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə qanunvericiliyinin nəzərdə tutduğu hüquq fəaliyyət qabiliyyəti, yəni şəxsin öz hərəkətləri ilə ailə qanunvericiliyi ilə müəyyə edilmiş hüquqlar əldə etmək qabiliyyəti uşağın doğulduğu andan əmələ gəlir. Yetkinlik yaşına çatmayan uşağın nikaha daxil olması (Mülki Məcəllənin 28.6-cı maddəsi) və emansipasiya (Mülki Məcəllənin 28.4-cü maddəsi) nəticəsində tam fəaliyyət qabiliyyətli sayılması onun uşaq hesab edilməsini istisna etmir (əlbətdə qanunun özünün nəzərdə tutulan halları çıxmaq şərti ilə) : məsələn, Ailə Məcəlləsinin 113.2.1-ci maddəsində yetrkinlik yaşına çatmamış uşaq tam fəaliyyət qabiliyyəti əldə etdikdə alimentin ödənilməsinə məhkəmə qaydasında xitam verilir.
On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan vətəndaşın yaşayış yerinin qeydiyyatı onun şəxsiyyət vəsiqəsi əsasında aparılır.
Azərbaycan Respubliaksı vətəndaşının Azərbaycan Respublikası ərazisində şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (və yaxud onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadı etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Ailə qanunvericiliyində uşağın öz fikrini bildirmək hüququ onu göstərir ki, qanunverici uşağı şəxsiyyət kimi qəbul edir, onun maraqlarına , qanuni mənafelərinə toxunan məsələlərə dair fikrini bildirmək hüququna hörmətlə yanaşır. Bu hüquqların yerinə yetrilməsi üçün Qanun uşağa təminat verir.
BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 8-ci maddəsinə uyğun olaraq hər bir uşaq özünün fərdiliyini qoruyub saxlamaq hüququna malikdir.
Azərbaycan Respublikasının konstitusiyasının 17-ci maddəsinin II bəndində göstərilmişdir: "Uşaq qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi prinsipi onların nikahda olub-olmamasından asılı olmayaraq həyata keçməlidir. Ona görə də valideynlər arasında bu və ya digər məsələnin həllində fikir müxtəlifliyi əmələ gələrsə onlar (onlardan biri) mübahisənin həlli üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. (Ailə Məcəlləsinin 60.3-cü maddəsi).
Qeyd etmək lazımdır ki, valideynlər öz hüquqlarını qanunla müəyyən olunmuş qaydada və istənilən şəraitdə uşaqlarının mənafelərinə uyğun şəkildə həyata keçirməlidirlər. Valideynlər özbaşına valideynlik hüquqlarının başqa şəxslərə ötürülməsinə dair qərar qəbul edə bilməzlər. Valideynlik hüququ özgəninkiləşdirilə bilməz. Valideynlərin öz uşaqlarından imtina etməsi, yəni valideynlik hüquqlarından imtina etmələri yalnız müstəsna hallarda və qanunla müəyyən olunmuş qaydada mümkündür. Ailə Məcəlləsinin 122-123-cü maddələri).
Valideyn hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması da yalnız qanunla müəyyən olunmuş əsaslar üzrə mümkündür (Ailə Məcəlləsinin 64, 68-ci maddələri). Qeyd etmək lazımdır ki, valideynlik hüquqları müddətlidir, yəni müvəqqəti xarakter daşıyır. Bu hüquqlar uşaq doğulan andan yaranır, onların xitam edilməsi – Ailə Məcəlləsinin 56.2-ci maddəsində nəzərdə tutulan halların meydana gəlməsilə bağlıdır.