İŞİD-in amansızlığına qarşı "amansız tədbir"
Türkman Cəbhəsinin lideri: "Qızlarımızı öz əlimizlə öldürürük..."

"İŞİD hücum etdiyi bəzi bölgələrdə türkman qızlarını aparmaq istəyirdilər. Atalar qızlarını əsir düşməməsi üçün öz əlləri ilə öldürdü. Təsəvvür edin, biz qızlarımızı İŞİD-ə əsir düşməməsi üçün öz əlimizlə öldürürük. Bu böyük faciədir". Bunu publika.az-a açıqlamasında İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşat Salihi türkmanların durumu ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, İŞİD hücumları bu gün də davam edir: "Tələfarda bəzi bölgələri aldılar. Kərkükdə bir kəndi tutdular, Mosulun bəzi yerlərini işğal etdilər. Türkman bölgələri daimi olaraq İŞİD hücumuna məruz qalır. Bizim coğrafiyamız işğala məruz qalır, milli kimliyimiz təhlükə altındadır. Lakin bu gün bizə silah verən yoxdur. İraq hökumətindən müqavimət göstərmək üçün silah istədik, hələ də cavab verilməyib. Hazırda müqavimət göstəririk. Ancaq öz gücümüz çərçivəsində mübarizə aparırıq. Bu isə azdır".
E. Salihi kürd peşmərgələrinə Amerikanın silah verdiyini deyib. "Biz də Amerikadan silah istəmişik. Amerika, yaxud hökumət silah verməsə, məcbur qalıb başqa qapıları döyəcəyik. Bizim istəyimiz sadəcə öz torpağımızı müdafiə etməkdir. Bu gün İraqda hökumət ordusu və peşmərgə yalnız özlərini qoruyur. Yəni hər kəs özü üçün vuruşur. Özümüzü qorumaq üçün bizim silahımız yoxdur. Başqa qapıları - bu Türkiyə də, Azərbaycan da, yaxud digər dövlət də ola bilər - döyəcəyik. Hələlik gözləyirik. Coğrafiyamıza, milli kimliyimizə təhlükə artır və məcburi olaraq hər kəsə müraciət edəcəyik", - deyə İraq Türkman Cəbhəsinin lideri bildirib.
E. Salihi türkman ailələrinin bir-birinə sıx şəkildə birləşdiyini bildirib: "Türkmanların içində təfriqçi yoxdur. Bir türkman coğrafiyamız, bir də milli kimliyimiz var. Bunun üçün sona qədər mübarizə aparacağıq".

İraq DİN-i: "Parisdə
"İŞİD"-in 200 nəfərədək üzvü olan
bölməsi fəaliyyət göstərir"

Suriya və İraqda böyük ərazilər ələ keçirmiş "İŞİD" terror qruplaşmasının 200 nəfərədək üzvü olan bölməsi Fransanın paytaxtı Parisdə fəaliyyət göstərir. Bunu İraqın daxili işlər nazirinin müavini Adnan əl Əsədi bəyan edib.
"İnterpol"un Baş Assambleyasının Monakoda keçirilmiş iclasında çıxış edən nazir müavinin sözlərinə görə, qeyd olunan qruplaşmanı İraq və Fransa kəşfiyyatı aşkarlayıb. Hazırda onların gizli müşahidəsi aparılır. "Bölmənin üzvlərinin sayı artıq 200-ü keçib", deyə əl Əsədi bildirib.
Onun sözlərinə görə, İraq və Fransa kəşfiyyatı qurumları bir həftə əvvəl məxfi əməliyyat keçirib. Lakin məmur təfərrüatları açıqlamaqdan imtina edib. Aşkarlanmış qrupun üzvlərinin milliyyəti məlum deyil. Həmçinin saxlanılanların olub-olmaması barədə də heç bir məlumat yoxdur.

YPG-yə ağır zərbə:
"İŞİD 250 döyüşçümüzü öldürüb"

Suriyanın Türkiyə ilə həmsərhəd Kobani bölgəsində isə döyüşlər tam şiddəti ilə davam edir. Kobaninin cənubunda güclü, qərb cəbhəsində isə zəif olan İŞİD əsasən kamikadze hücumundan istifadə edir. Daha çox cənubda kamikadzelərdən istifadə edən terror təşkilatı bu istiqamətdə bütün kəndləri ələ keçirib.
Kobanidə təxminən 2000 YPG-çinin (PKK terror təşkilatının Suriya qolu) və 1500 mülki insanın olduğu güman edilir. YPG sözçüsü Polad Can açıqlamasında 53 gündür davam edən döyüşlərdə 250 döyüşçülərinin öldüyünü deyib. İddiaya görə, qarşı tərəf 3 min yaraqlısını itirib.
Kobanini İŞİD-dən təmizləyəcəklərini deyən Can İŞİD-ə qarşı şəhərdə YPG, ASO və peşmərgələrin döyüşdünü qeyd edib.
Murad İbrahimli