İnsan hüquqları və beynəlxalq normalar
İnsan hüquqları və beynəlxalq normalar

Qanunvericilik bazasında insan haqlarının təmin edilməsi

Beynəlxalq hüquqla milli hüququn qarşılıqlı əlaqəsinə dair iki əsas nəzəriyyə vardır. Monizm nəzəriyyəsi və dualizm nəzəriyyəsi. Monizm nəzəriyyəsinə görə beynəlxalq və milli hüquq oxşar sistemlərdir və hər ikisi tənzimetmə xüsusiyyətinə malikdir.
Dualizm nəzəriyyəsinə görə isə onlar fərqli sistemlərdir və milli hüquq beynəlxalq hüquq normalarının həyata keçirilməsini təmin edir. Məsələn, A.L.Movçan qeyd edir ki, beynəlxalq və milli hüquq normaları obyektiv mövcud olan vahid normalar məcmusu kimi çıxış etmir, çünki özünün sosial və hüquqi təbiətinə görə onlar fərqli və ayrıca hüquq sistemləridir. Müasir dövrdə monizm nəzəriyyəsi daha geniş yayılmışdır. Çünki beynəlxalq hüquq normalarının əhəmiyyəti, tənzimləyici və milli hüquqa münasibətdə təkmilləşdirici rolu artmışdır və onlar standart və ya prinsip xatrakteri kəsb edirlər və hamılıqla qəbul edilirlər (xüsusən də, insan hüquqları sahəsində).
Bununla bağlı ekspert Zamiq Aslanov maraqlı məqamlara aydınlıq gətirib.Onun fikrincə beynəlxalq və dövlətdaxili (milli) hüququn qarşılıqlı təsiri daxili və xarici siyasətin qarşılıqlı əlaqəsi kimi obyektiv faktorla şərtlənir. Belə qarşılıqlı təsirin möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün dövlətin norma yaradıcılığı proseslərində eyni zamanda həm dövlətdaxili normaların, həm də beynəlxalq hüquq normalarının yaradıcısı kimi çıxış etməsi faktoru mühüm əhəmiyyət kəsb edir. Buna müvafiq olaraq dövlətin öz maraqlarını ifadə edən milli qanunlar və dövlətlərin birgə, uzlaşmış və razılaşdırılmış maraqlarını ifadə edən dövlətlərarası müqavilələr yaranır. Dövlətdaxili və beynəlxalq hüquq sistemləri bir-birinə münasibətdə müstəqil hüquq sistemləri olduqlarından, dövlətdaxili münasibətlərdə beynəlxalq hüquq normalarının tətbiqinə qədər fəal qarşılıqlı əlaqədə fəaliyyət göstərdiklərindən bir sistemin normalarının digərinə keçməsi ideyası yaranmışdır. Belə ideyalar isə öz növbəsində beynəlxalq hüquq normalarının dövlətdaxili (milli) hüquq normalarına, beynəlxalq müqavilələrin milli qanunvericiliyə transformasiyası konsepsiyasını formalaşdırmışdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq müqavilə yalnız faktiki olaraq həyata keçirildikdə real əhəmiyyət kəsb edir. Əks halda onun mövcudluğu mənasızdır.Bu baxımdan beynəlxalq müqavilə normalarının həyata keçirilməsi üsulları ilə bağlı məsələnin aktuallığı artır. Belə həyata keçirilmə dövlətdaxili hüquq vasitəsilə mümkün olur.
Müasir hüquq elmində beynəlxalq müqavilələrin həyata keçirilməsi çox zaman "implementasiya" termini ilə əlaqələndirilir. İmplementasiya ingiliscə "implementation" sözündən olub mənası "həyata keçirmə, yerinə yetirmə, reallaşdırma" deməkdir. İmplementasiya konsepsiyası geniş yayılmış hüquqi nəzəriyyələrdən biri olmaqla beynəlxalq hüquq normalarının hüquqi qüvvəsinin tanınmasına və həmin normaların dövlət daxilində həyata keçirilməsinin təşkilati təminatına yönəlmiş kompleks tədbirləri özündə ifadə edir. Beynəlxalq müqavilələrin implementasiyası səlahiyətli orqanlarının şəxsində dövlətin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərindən irəli gələn beynəlxalq hüquqi öhdəliklərinin həyata keçirilməsinə yönələn norma yaradıcılığı və təşkilati-icra fəaliyyətidir.
Beynəlxalq hüquq nəzəriyyəsində beynəlxalq hüquq normalarının dövlət daxilində həyata keçirilməsi və belə həyata keçirilmənin milli-hüquqi mexanizminin inkişaf istiqamətləri ilə bağlı məsələlər ətarflı şəkildə tədqiq edilsə də,hüquq ədəbiyyatında dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması mexanizmi, üsul və ya formaları ilə bağlı vahid fikir formalaşmamışdır.Bəzi müəlliflər göstərirlər ki, beynəlxalq müqavilələr milli hüququn özünəməxsus mənbələri kimi çıxış edir. Həmin müəlliflər beynəlxalq hüquq normalarının milli hüquq normalarına çevrilməsi ideyasına əsaslanan "transformasiya" konsepsiyasını əsas götürürlər.L.X.Minqazov qeyd edir ki, təcrübədə dövlətlər istinad, inkorporasiya və transformasiya formasında implementasiyanın müxtəlif üsul və vasitələrindən istifadə edirlər. Onun fikrincə, transformasiya dedikdə, xüsusi aktın qəbul edilməsi yolu ilə beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq normalarına çevrilməsinin forma və metodlarının məcmusu, beynəlxalq hüquq normalarının milli hüququn ümumi prinsiplərinə uyğun olaraq yenidən işlənməsi başa düşülür. İstinad zamanı beynəlxalq hüquq normalarının məzmunu dəyişmir və o, milli hüquqa inkorporasiya olunmadan beynəlxalq hüquqda olan həcmdə tətbiq edilir. Resepsiya zamanı qanunverici beynəlxalq hüquqdan davranış modelini mənimsəyir və dövlətdaxili hüququn subyektləri üçün ona məcburi hüquqi qüvvə verir . Q.V.İqnatenkoya görə istinad zamanı davranış modeli vahiddir. O, beynəlxalq hüquq sistemində formulə edilir. Milli hüquq sistemində isə yalnız həmin modelin mənbəyi göstərilir .R.A.Müllerson inkorporasiya və istinadı beynəlxalq və dövlətdaxili hüququn uyğunlaşdırılması üsulları kimi xarakterizə edir. O, göstərir ki, istinad zamanı dövlət öz milli hüququna beynəlxalq hüquqa göndəriş edən norma və ya normalar daxil edir ki, onlar ölkə daxilində fəaliyyət göstərsin, milli hüququn subyektləri arasında münasibətləri tənzim etsin. İnkorporasiya zamanı dövlət beynəlxalq hüququn göstərişlərinin icrasına şərait yaradan milli hüquq normaları qəbul edir . F.Ə.Hüseynov qeyd edir ki, beynəlxalq hüquq normalarının milli hüquq sistemində implementasiyasının iki əsas üsulu mövcuddur: I. İnkorparasiya (incorporation – daxil etmə) üsulu. Bu üsula görə beynəlxalq hüquq normaları, dövlət həmin normaların məcburiliyini tanıdıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və beynəlxalq müqavilələr milli hüququn tərkib hissəsi hesab olunur. II. Transformasiya (transformation – çevirmə). Bu üsula görə beynəlxalq hüquq milli hüququn tərkib hissəsi sayılmır. Beynəlxalq müqavilənin milli məhkəmələr tərəfindən tətbiqi üçün qanunverici orqan tərəfindən ayrı bir hüquqi aktın qəbul edilməsi tələb olunur . İ.İ.Lukaşuk qeyd edir ki, beynəlxalq hüquq normalarının milli hüquq sisteminə birbaşa təsiri benəlxalq hüquqdan inkorporasiya olunmuş, mənimsənilmiş normaların xüsusi xarakteri ilə şərtlənir.
Dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması predmeti kimi konstitusiya, qanunlar, inzibati və məhkəmə aktları çıxış edə bilər . Ona görə də həm norma yaradıcılığı, həm də norma tətbiqi fəaliyyəti sahəsində uyğunlaşdırma həyata keçirilə bilər.
S.V.Çerniçenko göstərir ki, dövlət öz daxili hüququnu milli hüquq sistemlərinə şamil olunan beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq vəzifəsi daşıyır . Q.İ.Tunkin isə qeyd edir ki, dövlətdaxili hüquq normaları ilə beynəlxalq hüquq normaları arasında uyğunsuzluq (kolliziya) yarandığı hallarda dövlət öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir, həm də daxili qanunvericiliyə istinad dövləti bu öhdəlikləri yerinə yetirməkdən azad edə bilməz .
Dövlət və onun orqanları tərəfindən yaradılan hüquq normalarının və hüquqi aktların məcmusu mənasında hüquq anlayışı ilə dövlətdaxili münasibətlər sahəsində həyata keçirilməli olan bütün hüquq normalarının və hüquqi aktların məcmusu mənasında hüquq anlayışlarını fərqləndirmək lazımdır. İkinci anlayış birincidən genişdir, çünki milli hüquqla yanaşı həmin dövlət tərəfindən tanınan beynəlxalq hüquq normalarını, habelə milli qanunvericilikdə və ya beynəlxalq müqavilədə nəzərdə tutulduğu halda xarici dövlətlərin ayrı-ayrı hüquq normalarını da özündə əks etdirir. Təbii ki, fərqli hüquq sistemlərinə aid olan normaların belə tətbiqi hüquqi uzlaşma tələb edir. Müasir beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq normalarının da yönəldiyi tənzimləyici funksiyaları yerinə yetirə bilmək xüsusiyyəti bu hüquq sistemlərinin uzlaşmış, birgə tətbiqinə şərait yaradır. Hüquq sistemlərinin qarşılıqlı təsiri birgə tənzimetmə predmetinə aid olan münasibətlərin uzlaşmış tənzimində təzahür edir.Bu baxımdan Q.V.İqnatenko haqlı olaraq göstərir ki, beynəlxalq müqavilələrin milli qanunvericiliyə təsirinin məqsədi onun müqavilə göstərişləri ilə uyğunluğunun təmin olunmasından ibarətdir .
Hüququn həyata keçirilməsi mərhələsində dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması xüsusilə aktuallıq kəsb edir. V.Q.Butkeviç qeyd edir ki, beynəlxalq müqavilənin icra edilməsi milli qanunvericilik normalarının qəbul olunması ilə məhdudlaşmamalı, müqavilədə nəzərdə tutulduğu qədər və ya hüququn həyata keçirilməsi şərtlərinin tələb etdiyi qədər davam etməlidir . İ.P.Blişenko hesab edir ki, beynəlxalq müqavilə ilə milli qanun arasında ziddiyyət yarandıqda onu iki dövlətdaxili normanın kolliziyası kimi həll etmək lazımdır . Lakin beynəlxalq hüquq normalarınının dövlətdaxili hüququn subyektləri tərəfindən həyata keçirilməsi üçün onları milli qanunvericiliyə implementasiya etmək lazımdır. Çünki yalnız dövlətdaxili hüquq normaları həmin subyektlər üçün məcburi xarakter daşıyır.
Milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması beynəlxalq hüququn üstünlüyü prinsipinə əsaslanır. Lakin bu o demək deyildir ki, istənilən dövlətlərarası müqavilənin normaları dövlətdaxili hüququ müəyyən edə bilər. Xüsusən də bu, ikitərəfli müqavilələrə aiddir. Tarix göstərir ki, onlar özləri tez-tez beynəlxalq hüququn prinsiplərini pozurlar .