İnsan hüquqlarının qorunmasında dövlət qayğısı
İnsan hüquqlarının qorunmasında dövlət qayğısı
Prezidentin sərəncamları insan faktoruna hesablanmış tədbirlərdən ibarətdir

Artıq sirr deyil ki, bir ölkədə insan hüquqlarının qorunması dövlətin mövcudluğu qədər vacibdir və analitiklər bunun üçün müxtəlif yollar təklif edirlər. Amma ümumi fikir bundan ibarətdir ki, bir ölkədə insan hüquqlarının qorunması üçün başlıca səbəb hökumətin bu sahəyə xüsusi diqqət ayırmasıdır. Yəni hakimiyyətin bu istiqamətdə xüsusi siyasəti olarsa, o ölkədə insan faktoru əsas faktor kimi qəbul olunar və nəticədə insan hüquq və azadlıqları lazımi şəkildə qorunar.
Görünür bu səbəbdən Azərbaycan hakimiyyəti bir sıra vacib addımları atıb. Bunlar nədir? İlk növbədə qeyd etmək lazımdır ki, hakimiyyət bir sıra beynəlxalq sənədlərə imza atmaqla bu sahədə mühüm öhdəlikləri üzərinə götürüb, ölkə daxilində insan hüquqlarının qorunması üçün qanuni baza formalaşdırıb. Ən sonda isə prezidentin bu sahədə mühüm sərəncamı oldu və bu sərancamda aşağıdakı məsələlər gündəmə gətirildi. Belə ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında aşağıdakı şərtlər irəli sürülür.
1. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin.
2. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın, Azərbaycan Respublikasının məhkəmələrinə və Baş Prokurorluğuna isə tövsiyə edilsin ki, normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti gücləndirsinlər.
3. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin ki, qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutsun və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunu təmin etsin.
4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə tövsiyə edilsin ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər.
5. Milli Fəaliyyət Planında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
7. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. Maraqlıdır, bəs bu sərəncam insan hüquqlarının qorunması istiqamətində hansı irəliləyişlərin əldə olunmasına kömək edə bilər?. Ekspertlər hesab edir ki, bunun üçün bir az keçmişə qayıtmaq vacibdir. Belə ki, XX əsrin ortalarından insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı və təşviqi mərhələsi başlamışdır. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, habelə sonrakı dövrlərdə "Mülki və Siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" 1966-cı il tarixli Beynəlxalq Paktları qəbul etmişdir. Bundan əlavə 1976-cı ildə "Mülki və siyasi hüquqlar haqqında" Pakta dair Birinci Fakültativ Protokol, 1989-cu ildə isə Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolu qəbul olunmuşdur. Həmin fundamental sənədlər İnsan hüquqları haqqında Beynəlxalq Bill adlanaraq bu sahədə beynəlxalq standartların əsasını təşkil etmişdir.
Qeyd olunmalıdır ki, Ümumdünya Bəyannaməsinin məqsəd və məramları, həmçinin Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (1950-ci il), Avropa Mədəniyyət Konvensiyasında (1954-cü il), Terrorizmin qarşısının alınması haqqında Konvensiyada (1977-ci il), Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasında (1995-ci il), Avropa Sosial Xartiyasında (1996-cı il) və ATƏT səviyyəsində imzalanmış 1975-ci il Helsinki yekun Aktında, 1990-cı il Yeni Avropa üçün Paris Xartiyasında, digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapmışdır.
Azərbaycanda 1995-ci ildə Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratmışdır. 2002-ci və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.
Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" bu sahədə ilk fundamental sənəd olmaqla:
- qanunvericilik və institusional islahatların aparılmasına;
- demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin, konstitusiya nəzarətinin, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatın yaradılmasına;
- hüquq mühafizə fəaliyyətinin təkmilləşdirilməsinə;
- qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsinə və digər istiqamətlər üzrə inkişafa təkan vermişdir.Sonrakı mərhələdə İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olmuşdur.
Respublikamızda gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir.
Bu baxımdan dövlət başçısının 27.12.2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlmişdir.
Çoxşaxəliliyi və mütəmadiliyi ilə fərqlənən, mühüm və konseptual sənəd olan bu Proqramın hazırlanması prosesində müsbət beynəlxalq təcrübədən istifadə olunmuşdur. Bu sənəd həqiqi işlək xarakterə malik olmaqla, hər bir dövlət orqanı qarşısında konkret mühüm vəzifələr qoyur. Mahiyyət etibarilə 2006-cı ildə qəbul olunmuş Milli Fəaliyyət Planı və hazırkı Proqram bir-biri ilə bağlıdır və eyni zamanda yeni Proqram bir sıra yeniliklərlə zənginləşdirilmişdir. Belə ki, 6 fəsil və 75 bənddən ibarət olan Proqramda aşağıdakı istiqamətlər üzrə konkret qanunverici və praktiki tədbirlər müəyyən olunmuş, onların izahı verilmişdir:
- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi;
- dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;
- insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri;
- insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;
- proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi.
Sənəddə qadınların, uşaqların, həbs yerlərində saxlanılan şəxslərin (müvafiq qanun layihəsi Milli Məclisin yaz sessiyasında ikinci oxunuşdan keçmişdir), miqrantların, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının daha etibarlı təmin olunması, habelə hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə və digər sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi planlaşdırılır. Və bu zaman hüquqi aktların layihələri hazırlanarkən ölkəmizin Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.