Mübariz Əhmədoğlu: "Ermənistan və onun ictimai-siyasi mühiti ruhi xəstələrin çoxluğu ilə xarakterizə olunur"

"Ermənistan və Dağlıq Qarabağ arasında gömrük və sərhəd-keçid məntəqəsinin real fəaliyyəti labüddür və rəsmi Yerevandan qətiyyən asılı deyil".

Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Ermənistanda Dağlıq Qarabağ və Ermənistan arasında gömrük məntəqəsinin qurulması qızğın müzakirə olunan məsələlərdən biri olsa da, biz Ermənistan ictimaiyyəti və dünya erməniliyindən daha kəskin müzakirələr, radikal addımlar gözləyirdik:
"Son illərdə Ermənistanda keçirilən rəy sorğuları əhalinin Dağlıq Qarabağ probleminə laqeydliyini göstərir. Əhali üçün bu problem indi yeddi-səkkizinci yerdədir. Ermənistan əhalisi və dünya erməniliyi Dağlıq Qarabağın itirilməsi ilə barışıb. Bu səbəbdən də mövzu ilə bağlı kəskin münasibət müşahidə olunmur. Eləcə də erməni ictimai-siyasi mühitində Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin mövcudluğunun lehinə və əleyhinə səslənən fikirlər hər hansı əsasdan məhrumdur. Ermənistanda Dağlıq Qarabağ və Ermənistan arasında gömrük məntəqəsinin qurulması ilə bağlı səslənmiş mövqeləri aşağıdakı qruplara bölmək olar: ı) Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsi ola bilməz; ıı) Ermənistan və Dağlıq Qarabağ arasındakı gömrük məntəqəsi yalnız formal şəkildə fəaliyyət göstərəcək və indi də var; ııı) Avrasiya İqtisadi Birliyinə dair müqavilədə Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin qurulmasına dair heç bir maddə yoxdur; ıv) gömrük məntəqəsi qurulacaq və bu, Ermənistanın Dağlıq Qarabağı itirməsi deməkdir; v) Dağlıq Qarabağda gömrük məntəqəsi qurulacaqsa, bu həmin qurumun suveren olması deməkdir; vı) Dağlıq Qarabağ Avropa İttifaqına inteqrasiya olunduğu halda Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsi qurula bilər".
O bildirib ki, əksər fikirlər bu və ya digər formada Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin inkarı üzərində qurulub:
"Son iki fikir absurddur. Ermənistan və onun ictimai-siyasi mühiti ruhi xəstələrin çoxluğu ilə xarakterizə olunur. Gömrük məntəqəsinin qurulmasını Ermənistanın özünün tanımadığı Dağlıq Qarabağın "suverenliyi" və Ermənistanın özünün üzv ola bilmədiyi Aİ-yə Dağlıq Qarabağın inteqrasiyası ilə əlaqələndirmək psixiatrlar üçün yeni etalon yaratmaq deməkdir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması müqaviləsində aydın göstərilib ki, Ermənistan bu quruma beynəlxalq aləmdə tanınmış sərhədləri hüdudlarında daxil olur. Ermənistan BMT, ATƏT, AŞ, ÜTT və sair təşkilatların üzvü olarkən də sənədlər Ermənistanın hamı tərəfindən tanınmış sərhədləri daxilində olan ərazilərini - 29 min 700 kvadratkilometrini təsbit edib. "Hamı tərəfindən tanınmış sərhədlər" anlayışı Avrasiya İqtisadi Birliyinə üzv olarkən daşıdığı mahiyyət BMT, ATƏT, AŞ, ÜTT-yə üzv olarkən daşıdığı maliyyətdən kəskin surətdə fərqlənir. AİB daimi fəaliyyətdə olan qurumdur. AİB qanunları digər üzv dövlətlərlə yanaşı, həm də Ermənistan ərazisində mal, xidmət, kapital və işçi qüvvəsinin fəaliyyətini tənzimləyəcək. Ermənistanın xaricə girişi, çıxışı tənzimlənən gömrük məntəqələrinin fəaliyyəti dayananda Ermənistanda AİB-in qanunları "dincələcək". Gömrük məntəqələri fəaliyyətə başlayan kimi Avrasiya İqtisadi Birliyinin qanunları "oyanacaq". Bu qanunlara görə, Ermənistanın 29 min 700 km2 ərazidən kənara çıxardığı istənilən məhsul, xidmət, kapital və işçi qüvvəsi AİB-in digər üzvləri ilə razılaşdırılmalıdır".
M.Əhmədoğlu əlavə edib ki, başqa sözlə, indiki halda belə demək olar ki, Avrasiya İqtisadi Birliyinin üst qurumu olan Avrasiya İqtisadi Komissiyasının (AİK) razılığı olmadan Ermənistan Dağlıq Qarabağa mal və işçi qüvvəsi göndərə, xidmət göstərə, maliyyə dövriyyəsi apara bilməz. O cümlədən, Dağlıq Qarabağdan da gələn məhsul, xidmət, maliyyə və işçi qüvvəsini də müvafiq qaydada sənədləşdirib AİK-ın hesabına pul köçürməlidir.
Onun sözlərinə görə, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin qurulması ilə bağlı bir neçə parametri də nəzərə almaq lazımdır:
"I. Ermənistanın bütün sərhədlərini, o cümlədən Azərbaycanın işğal olunmuş ərazisindən keçən hissəsini də yaxın vaxtlarda Rusiya hərbçiləri qoruyacaq. Həmin ərazilərdə Ermənistanın hərbi iştirakı sıfıra bərabər olacaqdır; II. RF Ermənistanın hərbisini, ordusunu bütövlükdə öz nəzarəti altına götürür. Bu, həm də o deməkdir ki, yaxın illərdə Ermənistanda hərbçilərin çağırışı və mobilizasiyası da RF tərəfindən həyata keçiriləcəkdir; III. Avrasiya İqtisadi Birliyi üst quruma malik strukturdur. Avrasiya İqtisadi Komissiyası 2015-ci il yanvarın 1-dən formal, təxminən bir ildən sonra isə real fəaliyyətə başlayacaq. Keçmiş SSRİ Nazirlər Sovetinin oxşarı olan bu qurumun qərar qəbulu prosedurlarında Ermənistan cüzi təmsil olunacaq. AİK-in tərkibi də vergi əmsalına görə müəyyənləşəcəkdir. Bütün hallarda Ermənistanla əlaqəli qərarlar Ermənistanın iştirakı olmadan qəbul ediləcəkdir. Dünya erməniliyi ümumiyyətlə belə proseslərə müdaxilə edə bilməyəcək; IV. Yaxın Şərqdə, eləcə də Qafqaz regionunda mürəkkəb geosiyasi proseslər fonunda Rusiyanın Azərbaycana soyuq münasibət nümayiş etdirməsi qeyri-mümkündür. Regionda Rusiyanın maraqlarının irəliləməsinin ən aparıcı elementi onun Azərbaycanla bir-birini qarşılıqlı tamamlayan siyasət qurmasındadır".
Politoloq qeyd edib ki, 2015-ci il yanvarın 1-dən etibarən Dağlıq Qarabağ ərazisinə daxil olan mal, xidmət, kapital, işçi qüvvəsinə görə başda Rusiya olmaqla AİB üzvləri məsuliyyət daşıyacaqlar:
"Ermənistanın Qazaxıstanı təzyiq hədəfinə çevirməsi, Qərb vasitəsilə bəzi maneələr yaratması faydasızdır və bu məsələ nəzərimizdədir. Belarus Azərbaycanla münasibətə heç də Qazaxıstandan az dəyər vermir. RF üçün isə Azərbaycanın əhəmiyyəti hədsiz böyükdür. Buna görə də Azərbaycan 2015-ci il yanvarın 1-dən etibarən Ermənistandan Dağlıq Qarabağa gedən məhsulların, xidmətlərin, maliyyənin və hərbçilərin cavabdehliyini AİB üzvlərindən soruşacaqdır. Amma RF-nin atdığı addımlar deməyə əsas verir ki, proses o vaxta qalmayacaq. Rusiya özü AİB rəsmən işə başladığı günədək hər şeyi nizamlayacaq. Ehtimal ki, RF ilk olaraq Ermənistandan Dağlıq Qarabağa gedən qazın nəqlinin davam etdirilməsi üçün hüquqi bazanın yaradılmasından başlayacaq. Dağlıq Qarabağla Ermənistan arasında təkcə gömrük məntəqəsi deyil, sərhəd-keçid məntəqəsi də fəaliyyət göstərəcək. Ermənistan tərəfdən sərhəd-keçid məntəqəsinin fəaliyyətini rus hərbçilər, gömrük məntəqəsinin fəaliyyətini isə Ermənistan gömrükçüləri təmin edəcəklər. Qarşı tərəfdə isə Azərbaycan sərhədçiləri dayanacaq. Bir neçə ayla ölçülən müddətdə bu baş verəcək. Alternativ variant yoxdur. Böyük Sülh Sazişi imzalanmadığı üçün "Laçın dəhlizi" adlanan dəhlizin hüquqi statusu yoxdur; ora da Azərbaycanın işğal altındakı ərazilərinin malik olduğu statusa malikdir. Erməni maksimalizmi erməni beyinlərini savadsız, ağıllarını isə dayaz edib. Onlar belə şeyləri dərk edə bilməzlər".
Fuad