Biz millətikmi?
Biz millətikmi?

Qarabağ müharibəsinin nəticələrinə görə konkret şəxsiyyətlər deyil, bir millət kimi biz günahkarıq

Bəşər tarixində aydın və dərin iz qoyan millətlər ona görə böyük hesab olunurlar ki, böhranlı anlarda onların milli mövcudluqları təhlükə qarşısında qalanda Vətənin maraqları naminə birlik və həmrəylik nümayiş etdirməyə qadir olublar.

Dünya tarixində öz ölümləri ilə bütün Yunanıstanı fars təhlükəsi əleyhinə birləşdirən 300 spartalıdan tutmuş, demək olar ki, çıxılmaz vəziyyətdə türkləri birləşmiş Avropa ilə mübarizəyə ruhlandıran və bununla da, Türkiyənin dünyanın siyasi xəritəsindən silinmək labüdlüyündən xilas edən əzəmətli Atatürkədək yetərincə belə nümunə var.
Amma bugünkü Azərbaycan reallıqlarını nəzərə alsaq, bizim üçün 1974-cü il Kipr böhranı günlərində türk millətinin və siyasi isteblişmentin davranış nümunəsi daha səciyyəvidir. Xatırladaq ki, 1974-cü ilin iyulunda EOKA-B sağ ekstremist təşkilatı Yunanıstanda hakimiyyətdə olan "qara polkovnik" xuntasının dəstəyilə Kiprdə dövlət çevrilişi edərək, adaya nəzarəti ələ keçirdi. Özünün antitürk istiqaməti ilə məşhur olan bu qurum Kiprin Yunanıstana birləşdirilməsi (enozis) üçün mübarizə aparırdı.
Elə görünürdü ki, enozis tərəfdarları öz məqsədlərinə çatırlar və Kiprin Yunanıstana birləşdirilməsinə heç kəs əngəl ola bilməz. Amma başda Bülent Ecevit olmaqla o zamankı türk hökumətinin qətiyyətli addımları - bu addımlar cəmiyyət tərəfindən də yekdilliklə dəstəklənirdi - yunan ekstremistlərinin çoxdankı arzusunun həyata keçməsinə imkan vermədi. Məhz Ecevitin əmri ilə türk qoşunları 1974-cü il iyulun 20-də adaya daxil oldular və nəzarəti ələ keçirməklə, kiprli türklərin təhlükəsizliyini təmin etdilər. Yunan tərəfinə isə, öz boş pəncələrini yalamaq qaldı.
Türkiyə Böyük Millətiinin Kiprdəki vəziyyətə həsr olunmuş fövqəladə toplantısı tarixə Vətən üçün ağır günlərdə qürurla "millət" adlandırılan icma nümayəndələrinin özlərini necə aparmalı olduqlarının klassik nümunəsi kimi daxil olub. Həmin tarixi toplantıda istisnasız olaraq bütün türk millət vəkilləri, partiya mənsubiyyətindən asılı olmayaraq, Eceviti Kiprdəki qətiyyətli addımlarına görə ayaqüstə alqışladılar. Onlar - onun dünənki və sabahkı siyasi rəqibləri həmin anda yekdilliklə Ecevitin istədiyi bütün səlahiyyətlərin ona təqdim olunmasına səs verdilər.
Ecevitin ən əsas və daha barışmaz siyasi rəqiblərindən biri olan Fərrux Bozbəylinin çıxışı xüsusilə yadda qaldı. F.Bozbəylinin çıxışının mahiyyəti bundan ibarət idi: "Bəli, mən bügünədək Eceviti sərt tənqid etmişəm, bir sözümdən belə, imtina etmirəm, bundan başqa sabah da eyni barışmazlıqla onu tənqid edəcəyəm, amma bu gün siyasi mübahisə vaxtı deyil, çünki Vətən təhlükədədir". Öz emosional çıxışının sonunda F.Bozbəyli baş nazirə müraciətlə bəyan edirdi: "Apar bizi, Qaraoğlan!".
Məhz türk cəmiyyətinin və siyasi isteblişmentinin nümayiş etdirdiyi bu cür birlik və həmrəylik ölkənin Kiprdəki ağır böhrandan şərəflə çıxmasına imkan verdi. Halbuki təkcə Qərbin ictimai rəyinin rəğbəti deyil, həm də Qərb ölkələrinin hərbi-diplomatik dəstəyi Yunanıstanın və Kipr yunanlarının tərəfində idi. Şübhə doğurmur ki, Vətən anlayışını müqəddəs hesab edən türklərin qələbəsində həlledici amil onlara məxsus milli ruh idi. Bu səbəbdən də, "Vətən təhlükədədir" çağırışı siyasi baxışlarından asılı olmayaraq bütün Türkiyə vətəndaşları üçün müqəddəs idi.
Gəlin, türk millətinin Kipr böhranının gedişindəki bu davranışını bizim Qarabağ müharibəsi dövründəki davranışımızla müqayisə edək. Xatırlayaq ki, Azərbaycandakı mövcud hakimiyyətin siyasi rəqibləri Qarabağ cəbhəsindəki hər uğursuzluğu, həqiqətən də, necə şövq və ehtirasla qəbul edirdilər. Axı Qarabağ cəbhəsindəki hər məğlubiyyət - Xocalı faciəsi, Şuşanın təhvil verilməsi, Kəlbəcərin işğalı və s. müxalifət tərəfindən mövcud hakimiyyətin nüfuzdan düşməsi və sonradan onun devrilməsi üçün istifadə olunurdu.
Ən dəhşətli o idi ki, bu mübahisələr günümüzdə də davam edir. O zamandan biz yalnız siyasi rəğbətimizi və ya nifrətimizi rəhbər tutaraq, Qarabağ məğlubiyyətinə görə günahı bu və ya digər şəxslərin üzərinı atmaq istəyirik, halbuki bu inadkarlığı başqa istiqamətdə tətbiq etməyimiz daha yaxşı olardı. Və siyasi rəğbətimizdən asılı olaraq Qarabağ müharibəsində məğlubiyyətimizin günahını gah Ə.Vəzirovun, gah A.Mütəllibovun, gah R.Qazıyevin, gah Elçibəyin, gah da H.Əliyevin ayağına yazmağa cəhd edirik. Halbuki, özümüzdə güc tapıb, etiraf etməyin zamanıdır ki, bu rüsvayçılığın günahı hər bir azərbaycanlıdadır və böyük hesabla, Qarabağ müharibəsinin nəticələrinə görə, yuxarıda adı çəkilən konkret şəxsiyyətlər deyil (baxmayaraq ki, onların da məsuliyyət payı var), bir millət kimi biz günahkarıq.
Özü də bizi böyük çətinliklə bu sözün müasir mənasında millət adlandırmaq olar. Millət barədə müasir nəzəriyyənin banilərindən biri olan E.Gellnerin özünün "Millət və millətçilik" adlı əsərində qeyd etdiyi kimi, müasir dünyada zahirən millətin bütün atributlarına - ayrıca dövlətçiliyi, vahid dili və mədəniyyəti, ümumi iqtisadiyyatı və s. olan xalqlara rast gəlinir. Amma mahiyyətcə, öz daxili məzmununa bu xalqlar müxtəlif tayfaların mexaniki konqlomeratıdırlar, çünki onların ümumi milli ruh və ideya qismində vahid onurğa sütunu yoxdur. Belə onurğa sütunun varlığı isə, əsl milləti psevdomillətdən fərqləndirir.
Bu cür icmaları E.Gellner "tayfa xalqları" adlandırır. Düşünmək olar ki, azərbaycanlılar da bu kateqoriyaya daxildirlər. Axı bu gün Azərbaycan milləti adlandırılan icma faktiki olaraq, regional mənsubiyyət əsasında qurulmuş ayrı-ayrı "tayfa"lardan ibarətdir. Burada müxtəlif tərkibli elementləri bir yerə toplayan milli ideya praktik olaraq iştirak etmir. Özü də hətta bu regional "tayfalar" belə, xüsusi yekscinsliyi ilə seçilmir, çünki onların hər birinin daxilində ciddi ziddiyyətlər və problemlər var. Ona görə də, təəccüblü deyil ki, azərbaycanlıların özünüdərk şüurunda yerli və regional ünsürlər, əvvəlki kimi, ümummilli ünsürlər üzərində dominantlıq təşkil edir. Əgər bura son zamanlar milli başlanğıcı cilalayan dini identikliyin fəal yayılmasını da əlavə etsək, Azərbaycan millətinin perspektivləri, yumşaq desək, dumanlı görünür.
Aydın Balayev,
tarix elmləri doktoru