Milli Şurada İŞİD-ləşmə həvəsi
Milli Şurada İŞİD-ləşmə həvəsi

AXCP rəhbərliyinin 89 faizi dindardı

Müxalifətin son mitinqində görünən İŞİD bayraqları,əslində çoxdan görünürdü və sadəcə bu bayraq rəngini dəyişmişdi. Hələ "Eurovision" Mahnı Yarışması zamanı terrorçuluğa cəhdlə bağlı həbs olunan vəhhabi təriqətinə məxsus şəxslərin Leyla Yunus tərəfindən müdafiə olunması, daha sonra onların adını siyasi məhbuslar sırasına qatmağa çalışması artıq buna bir işarə idi.

Daha sonra Milli Şura yaradıldı və aydın oldu ki, hər zaman dini qruplaşmalardan uzaqda durmağa çalışan müxalifətin Milli Şura qanadı indi dini qruplaşmaları ətrafına toplamaq üçün əlindən gələni etməyə çalışır. Hətta Milli Şura sıralarına həbsdə olan bir neçə xəvaric də daxil edilmişdi. Maraqlıdır, Milli Şuranın radikal dini qruplaşmalara sevgisi nədən formalaşır? Ekspertlər bunun bir neçə səbəbini izahlayır. İlk növbədə ona görə ki, müxalifət görür ki, radikal dini qruplaşmalar ətraflarına müəyyən sosial baza toplaya bilirlər və çox mobil şəkildə fəaliyyət göstərirlər. Bu isə sözsüz ki, müxalifətin marağını kəsb edir və hesab edirlər ki, düşmənimin düşməni dostumdur, prinsipi ilə hərəkət etməyə dəyər. Çünki bir il öncə gözlənilmədən şəhərin mərkəzində hicab bəhanəsi ilə mindən çox dindar aksiya keçirtdi və aydın oldu ki, onlar bir şəbəkə kimi fəaliyyət göstərə bilirlər. Bu gün isə radikal müxalifətə elə bir şəbəkə lazımdır. Həm də bu şəbəkə vasitəsi ilə cəmiyyətə sübut etmək istəyirlər ki, onların əhatə dairəsi kifayət qədər böyükdür. Bu məsələdə AXCP-in də aktivliyi kifayət qədər güclüdür. Dünənə qədər dindən maksimum dərəcədə uzaqda durmağa çalışan AXCP rəsmilərinin 80 faizi bu gün özünü dindar kimi aparır və düşünürlər ki, bu yolla partiya ilə dindarlar arasında bir əlaqə yarada biləcəklər. İkinci maraqlı məqam budur ki, Milli Şura hazırkı dini qruplaşmalara həm də bir maliyyə qaynağı kimi baxırlar. Sirr deyil ki, hazırda Bakıda və rayonlarda fəaliyyət göstərən dini qruplaşmaların böyük əksəriyyəti kifayət qədər maliyyə qaynaqlarına sabibdirlər və bu maliyyə qanadlarından müxalifət də bəhrələnə biləcəyini düşünür. Aydındır ki, hazırda radikal dini qruplaşmalar təyinatlarına uyğun olaraq Səüdiyyə Ərəbistanındakı və İran İslam Respublikasındakı bəzi qüvvələr tərəfindən maliyyələşirlər. Bu isə o, deməkdir ki, müxalifət bu radikal qruplaşmalara yaxınlaşmaqla, həm də onların arxalarındakı qüvvələrlə əməkdaşlığa cəhd edirlər. Bu isə həqiqətən də kifayət qədər təhlükəli bir yanaşmadır və bu yanaşmanın acılarını Misirdə, Suriyada gördük və hələ də görməkdəyik. Nəhayət başqa ciddi bir nüans budur ki, İŞİD adlanan qüvvələrin arxasında həm də Qərb dairələrində bəzi qüvvələr dayanır. Belə olmasaydı İraqın, Suriyanın az qala əksər hissəsini işğal edən amorf bir quruma qarşı daha radikal addımlar atılardı. Amma ABŞ başda olmaqla Avropa gözləmə mövqeyində , hadisələrin istədikləri kimi inkişaf etməsini gözləməkdədirlər. Ekspertlər hesab edir ki, Milli Şuranın toplantısında İŞİD bayrağının mövcud olması bu baxımdan da diqqəti cəlb edir və bu haqda da düşünməyə dəyər. Çünki radikal müxalifət dəfələrlə sübut edib ki, Azərbaycandan kənarda mövcud olan hansı qüvvələr Azərbaycan hakimiyyətinə qarşı hər hansı addım atırsa onlarla əməkdaşlığa həvəs göstərirlər. Xatırlayırsınızsa prezident seçkiləri öncəsi Rusiyanın Azərbaycana basqıları artdı. Bunu görən müxalifət dərhal Rusiyaya qarmaq atdı və 5-ci kalon demək olar ki, Abbas Abbasovun, Rüstəm İbrahimbəyovun simasında müxalifətin liderlərinə çevrildilər. Bu baxımdan hazırda müxalifətin indi də İŞİD-ə meyillənməsi qaranlıq hal deyil. Sonda bunu da qeyd edək ki, Azərbaycanda zaman-zaman radikal dini qruplaşmalar aktivləşib proseslərə təsir etməyə çalışsalar da, cəmiyyət tərəfindən qəbul olunmayıblar və son zamanlar hakimiyyətin radikal və qeyri-ənənəvi qruplaşmalara qarşı mübarizə aparması müsbət effekt verib. Bununla yanaşı həm də radikal dini qruplaşmalara qarşı qanunlar da sərtləşib. Məsələn, artıq Suriyada, İraqda savaşan azərbaycanlı şəxslər terrorçu kimi qəbul edilir və onlar ölkəyə qayıdan zaman terrorçu kimi mühakimə olunacaqlar. Beləliklə hesab etmək olar ki, hər yerdən əli üzülən Milli Şura indi də İŞİD bayrağının altında kölgələnmək istəyir.
Mehdi Əli