Nazirlər və icra başçıları arasında çaxnaşma

Hansı iri vəzifəlilərin kresloları laxlamağa başlayır?

Azərbaycanda yeni və genişmiqyaslı kadr islahatları gözlənilir. Bir müddətdir bu istiqamətdə yayılan xəbərlər isə deyəsən artıq reallaşmaq üzrədir.
Belə ki, srağagün prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonunun icra başçısı Nazim Veys oğlu Veysov tutduğu vəzifədən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə bu posta Alimpaşa Adil oğlu Məmmədov təyin edilib. Yeni icra başçısı bu təyinatadək Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Araşdırmamız zamanı məlum olub ki, Alimpaşa Məmmədov bundan öncə bir sıra vəzifələrdə işləyib.
Belə ki, o, Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmazdən öncə Salyan şəhərinin və hazırda icra başçısı olduğu Şəmkirin Vergilər İdarəsinin rəisi vəzifələrində işləyib.
A.Məmmədov daha sonra Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra o, Səbayel rayon Vergi İdarəsində rəis olub.
Uzun illər vergi sistemində işləyən A.Məmmədov nazirin əmri ilə Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinə rəis təyin edilib. Fəaliyyətində göstərdiyi xidmətlərə görə vergilər naziri Fazil Məmmədovun diqqətini çəkən A.Məmmədovun vəzifəsi bir qədər qaldırılaraq Bakı şəhər Vergilər Departamentinin rəisi postu ona həvalə edilib.
Ən maraqlı məqam isə Şəmkir rayonunun icra başçısı postundakı dəyişikliyin sonuncu olmayacağı, payızın qarşıdakı aylarından başlayaraq bir çox rayon rəhbərlərinin, ən əsası isə nazir və ya komitə sədrlərinini də postunu itirəcəyi deyilir. Artıq bu istiqamətdə hökumətyönümlü politoloq Qabil Hüseynli də ilginc iddialar səsləndirib. "Prezidentin kadr islahatlarını davam etdirəcəyi və qısa zamanda daha bir neçə icra başçısı vəzifəsində yerdəyişmələr edəcəyini proqnozlaşdırırıq" - bunu Hüseynli, Şəmkir rayonunda icra başçısı əvəzlənməsini şərh edərkən bildirib.
Politoloq İlham Əliyevin yaxın müddətdə Nazirlər Kabinetində də müəyyən dəyişikliklər edəcəyini istisna etmədi: "Bir müddət öncə Prezident İlham Əliyevin payızda geniş kadr islahatlarına başlayacağı barədə xəbər yayılmışdı. Xəbərlərdə kadr islahatlarının icraedici hakimiyyətin aşağı hissəsini yox, həm də yuxarı dairələri əhatə edəcəyi qeyd olunurdu. Amma kadr islahatlarının hələlik icra hakimlərini əhatə etdiyini müşahidə edirik. Düşünürəm ki, prezident bu prosesi davam etdirəcək. Çünki müəyyən rayonlarda əhalinin icra başçılarından narazı olduğu barədə sosioloji sorğuların nəticələri var. Hesab edirəm ki, qısa zamanda daha bir neçə icra başçısının dəyişdirildiyini görəcəyik. Amma məncə, bir müddət əvvəl yayılan xəbər də əsassız deyil və prezident Nazirlər Kabinetində də müəyyən dəyişiklik edəcək".
Politoloq vəzifədən gedəcək şəxslər barədə müəyyən rəylərin olduğunu bildirsə də, ad çəkilməsini qeyri-etik saydı: "Bunlar yalnız ehtimallardır və ad açıqlanması qeyri-etik olardı, çünki bu, birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Əsas məsələ fərdlər deyil, prosesin özüdür".
Xatırladaq ki, "Unikal" olaraq biz də ötən saylarımızda gələn il keçiriləcək parlament seçkilərinədək bir çox yüksək çinli məmurların vəzifələri ilə vidalaşacağı barədə yazmışdıq. Bildirmişdik ki, parlament seçkilərinə əlini ictimai rəydə daha da gücləndirmişi şəkildə getmək istəyən hakimiyyət, xüsusilə barələrində çoxsaylı şikayətlər gələn, etirazlar bildirilən icra başçılarını "vurmaq" niyyətindədir.
Eyni zamanda barələrində ciddi korrupsiya ittihamları olan, ictimai rəydə barəsində daha çox mənfi rəy formalaşmış nazirləri, komitə sədrlərini də əvəzləməklə iqtidar seçkilərdə cəmiyyətə xoş bir jest etmək niyyətindədir. Bu jestin qarşısında isə seçkilərdə xalqın daha böyük hissəsinin dəstəyini əldə etmək niyyəti dayanır. Çünki bir çox iri məmurlar öz davranışları ilə vətəndaşları hökumətdən narazı salmaqda, onları protest elektoratına çevirməkdədir.
Hakimiyyət daxilində bunu yaxşı bildiklərindən belə nazir, komitə sədri və icra başçılarının əvəzlənməsi artıq qaçılmaz görünür. Yaranmış vəziyyətin isə həmin iri məmurlarda narahatlığa yol açdığı, onlarda öz vəzifə taleləri ilə bağlı əndişələr yarandığı barədə məlumatlar gəlməkdədir.
Xalid Əliyev