Daha bir TSEK sədri hədəfdə
Daha bir TSEK sədri hədəfdə

Sumqayıt "VTEK"indən də şikayətlər var

Razılaşaq ki, son zamanlar əhalinin kütləvi şikayətlərinin əsas ünvanlarından biri tibbi-sosial ekspert komissiyalarıdır.
Elə həmin şikayətlərin, narazılıqların məntiqi nəticəsidir ki, az qala hər ay hansısa rayonunun bu cür komissiyalarından birində yoxlamalar zamanı ciddi qanunsuzuluqlara yol verildiyi, vətəndaşlardan rüşvət istənildiyi və sonucda da komissiya rəhbərlərindən, üzvlərindən kimlərinsə həbs edildiyi ilə bağlı məlumatlar yayılıb. İndi sizinlə paylaşacağımız məlumatda hansısa həbs, yoxlama, saxlanılma barədə danışılmasa da, orada səslənən şikayətlər belə perspektivin mümkünlüyünü istisna etmir.
Belə ki, Sumqayıt şəhər Tibbi Sosial Ekspert Komissiyasının (TSEK, yaxud el arasında deyildiyi kimi - VTEK) sədri Rasim Zeynalovdan ciddi narazılıq yaranıb. Narazılıq sahibi isə gənclik şəhərinin sakinləridir. Bu barədə redlaksiyamıza da elə Sumqayıt şəhərinin sakinləri bildiriblər.
Onlar bildiriblər ki, sözügedən komissiyada əlillik dərəcəsi almaq istəyən vətəndaşlar incidilir, onlardan bunun müqabilində "haqq" istənilir. "İlk dəfə əlillik dərəcəsi alanlar üçün tələb olunan rüşvətin məbləği 3000-5000 arasında dəyişir. Təkrar komissiyadan keçmək isə ən azı 200 manatla başa çatır" - deyə redaksiyamıza daxil olan şikayətlərdə vurğulanır.
Sakinlər onu da qeyd ediblər ki, Sumqayıt TSEK-in fəaliyyətindən narazılıqları barədə şəhər rəhbərliyi də məlumatlıdır. "Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun komissiya sədri Rasim Zeynalovu yanına çağırtdırdığı və fəaliyyətindən narazılıqları onun diqqətinə çatdırdığı barədə eşitmişik. İcra başçısı TSEK sədrini danlayaraq vətəndaşları incitməmək barədə göstəriş verib. Amma təəssüf ki, bundan sonra da Sumqayıt "VTEK"-inin fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik hiss etməmişik".
Sakinlər şikayətlərində qeyd edirlər ki, hətta ayrı-ayrı rayon TSEK-lərinin rəhbərlərinin mütəmadi olaraq rüşvət üstündə həbs edildiyinə dair yayılan məlumatlar da çox təəssüf ki, Rasim Zeynalovun və onun əməkdaşlarının iş prinsipinə təsirini göstərməyib: "Axı Sumqayıt TSEK-inin rəhbərliyinin əlində hansı təminat var ki, bu gün başqa rayonların tibbi-sosial ekspert komissiyalarında rastlanan yoxlamalar, həbslər şəhərimizdəki "VTEK"-də də təkrarlanmayacaq?!"
Mövzu ilə bağlı qarşı tərəfin münasibəti olarsa, onu da dərc etməyə hazırıq.

Seymur Quliyev