Moskvada Azərbaycan parlamentinin sədri ilə  Rusiya Federasiya Şurasının sədrinin görüşü olub
Moskvada Azərbaycan parlamentinin sədri ilə
Rusiya Federasiya Şurasının sədrinin görüşü olub

Valentina Matviyenko: "Rusiya üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır".
Oqtay Əsədov: "Biz Rusiya-Azərbaycan münasibətlərini qoruyuruq"

Moskvada Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiya Şurasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Ülvi Quliyev, Mixail Zabelin, Muxtar Babayev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və rusiyalı senatorlar iştirak ediblər.
Görüş zamanı parlamentlər səviyyəsində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko görməkdən Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətini Moskvada görməkdən məmnun olduğunu söyləyib: "Təbii ki, belə görüşlər zamanı həm ikitərəfli münasibətləri, həm də gündəmdə olan beynəlxalq vəziyyəti müzakirə etmək mümkündür. Rusiya üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır. İki ölkə arasında siyasi, iqtisadi və hümanitar əlaqələr yüksək sürətlə inkişaf edir. Mən, Rusiya prezidenti Vladimir Putinin keçən il Azərbaycana etdiyi səfəri xatırlatmaq istərdim. Bu səfər Rusiya-Azərbaycan münasibətlərinə yeni impuls verdi. İki ölkə arasında müxtəlif sahələrə dair anlaşmalar əldə olundu. Daha sonra Azərbaycan prezidenti cənab İlham Əliyevin Soçi Olimpiyadasının açılış mərasimində iştirakı iki ölkə arsında münasibətlərin inkişafının göstəricisidir. Rusiya Azərbaycanla siyasi dialoqu yüksək səviyyədə davam etdirir. Bizim ölkələrin parlamentləri də dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz Azərbaycan parlamenti ilə münasibətlərimizi yüksək qiymətləndiririk. İki ölkənin parlamentlərarası komissiyası fəaliyyət göstərir. Rusiya federasiya Şurasından İlyas Umaxanovun rəhbərlik etdiyi komissiya ən aktiv komissiyadır. Hesab edirəm ki, bu komissiyanın potensialı tükənməzdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də parlamentlərarası əlaqələrimizin dərinləşməsində maraqlayıb. AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentariləri əməkdaşlıq edirlər",-deyə Rusiya parlamentinin yuxarı platasının sədri bildirib.
V. Matviyenko Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Rusiyaya qarşı qətnamənin qəbulunun əleyhinə səs verdiyinə görə təşəkkürünü də bildirib: "Öz növbəsində Rusiya nümayəndə heyəti də AŞPA-da siyasi məhbuslar haqqında anti-Azərbycan qətnaməsinin qəbulunu dəstəkləməyib. Bu gün Azərbaycanla Rusiyanın regionları arasında iqtisadi əlaqələr inkişaf edir. Rusiyada və Azərbaycanda keçirilən regional forumlar bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Keçən il Volqaqradda keçirilən regionlararası forum uğurlu oldu. Ümid edirik ki, bu il Qəbələdə keçiriləcək regionlararası forum da iki ölkə üçün uğurlu olacaq. Hər il Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar forumu iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına müsbət təkan verib. Biz Azərbaycan prezidentinə hər il bu forumun təşkilinə görə təşəkkürmüzü bildiririk".
Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov da çıxışında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib: " Keçən il Rusiya prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə yeni təkan verdi. İqtisad-ticarət əlaqələri, iki ölkə arasındakı ticarət dövriyyəsi ilbəil artır. Bu gün Azərbaycan-Rusiya arasında humanitar əlaqələr də yüksək sürətlə inkişaf edir. Baxmayaraq ki, Azərbaycan slavyan ölkəsi deyil, ölkədə 300 rus-dilli məktəb fəaliyyət göstərir. Bütün ali təhsil olcaqlarında rus bölməsi mövcuddur. Biz Rusiya-Azərbaycan münasibətlərini qoruyuruq".