Mehriban Əliyevanın Vatikan zəfəri
Mehriban Əliyevanın Vatikan zəfəri

Dini tolerantlığa yeni töhfə

Bu gün dünyanı düşündürən ən mühüm məsələlərdən biri dinlərin dialoqunun təşkili və dinlərarası tolerantlığın bərpasıdır. Çünki hazırda dinlərarası münasibətlər süni şəkildə gərginləşdirilir, bəzi hallarda bu ifrat münaqişələr və terror aksiyaları ilə sona çatır. Ekspertlər hesab edir ki, dinlərarası münasibətlərin gərginləşməsinin başlıca səbəblərindən biri də budur ki, dinlərin özlərində müxtəlif təriqətlər yaranıb və buda istər-istəməz aqressiyanı artırır.
Məsələn İslam dinində vəhhabi, sünnü, şiə kimi təriqətlər var ki, hətta onlar üçün əsas düşmən elə özləridir. Çünki təriqətlər yarananda mütləq qarşılarına hədəf seçir və bu hədəf elə həmin dinin daşıycılarından olur. Bu gün Azərbaycanda bu müstəvidə baş verən toqquşmalar, qarşılıqlı ittihamlar da buna sübutdur. Eyni proses demək olar ki, xristian dünyasında da baş verir. Məsələn, protestantlar heç bir halda nə katolikləri, nə də provoslavları qəbul etmirlər və onların məntiqi ilə bu cərəyanlar əslində xristianlığa zərbə vurub. Və yaxud provoslavlar katolikləri ən qatı düşmən hesab edir, hətta uzun illər dialoqlardan belə imtina ediblər. Bunu da qeyd edək ki, bu ənənəvi təriqətlərlə yanaşı xristianlıq aləmində missionerlik kifayət qədər inkişaf edib və nəticədə yüzlərlə, bəlkədə minlərlə qeyri-ənənəvi təriqətlərdə yaranıb ki, bunlardan da bir qismi Azərbaycanda müəyyən dövrlərdə fəaliyyət göstəriblər. Ümumilikdə Azərbaycanı götürəndə bizdə xristianlığın əsasən provoslav qanadı inkiaşf edib və bu da rusların Azərbaycanda yaşaması ilə bağlı olub. Buna baxmayaraq barmaqla sayılacaq qədər katoliklərdə olub ki, onlarda diqqəti o qədər cəlb etməyiblər və bu şəxslərin böyük əksəriyyəti 2-ci dünya müharibəsindən sonra əsir kimi Azərbaycana gətirilən almanlar olub. Amma Azərbaycan müstəqilliyini elan edəndən sonra katoliklik də Azərbaycanda inkişaf etməyə başladı və ölkəmizdə kilsə də inşa edildi. Bunu da qeyd edək ki, dünya katoliklərinə liderlik edən Roma Papası Azərbaycana maraq göstərirdi və bundan öncə ki, baş katolik Azərbaycana səfərdə etmişdi. Bunu da xüsusi olaraq vurğulayaq ki, Roma Papasının rəhbərlik etdiyi Vatikan ölkəsi dünya siyasi düzənini tənzimləyən mərkəzlərdən biridir və hər zaman nüfuzunu qoruyub saxlaya bilib. Hətta müəyyən zamanlarda Vatikanın çıxartdığı hər hansı qərar şərtsiz olaraq Avropa ölkələri tərəfindən qəbul olunub. Bu baxımdan zaman-zaman tolerantlığın qorunması üçün Vatikanla müsəlman və yəhüdi ölkələrinin əməkdaşlığı vacib sayılıb və reallaşdırılıbə. Bu baxımdan son illər bu əməkdaşlıqda mühüm rol oynayan simalardan biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Dünyaya Azərbaycanın tolerantlıq modelini nümayiş etdirən, adət-ənənələrimizi təbliğ edən Mehriban Əliyeva, həm də bu əməkdaşlıq vasitəsi ilə Dağlıq Qarabağ həqiqətlərini dünyaya tanıtdıra bilir. Elə Mehriban Əliyevanın son görüşü də bu məqsədli idi. İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb. Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrində həyata keçirilən mühüm layihələr barədə Roma Papasına məlumat verən Azərbaycanın birinci xanımı qurumun bir çox istiqamətlərdə, o cümlədən sosial və humanitar sahələrdə mühüm işlər gördüyünü diqqətə çatdırıb.Azərbaycanın birinci xanımı Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb.
2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfərini xatırladan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirib və Roma Papası Fransiskini də Azərbaycana səfərə dəvət edib.Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəvətini məmnunluqla qəbul edən Roma Papası Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd edib. O, Fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayaraq, bu münasibətlə Azərbaycanın birinci xanımını təbrik edib.
Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Fransisk bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulayıb. Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası yüksək qiymətləndirilib.Azərbaycanın birinci xanımı bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin digər sahələrə də şamil edilməsinə çalışacağını vurğulayıb.Bunu da qeyd edək ki, Azərbaycanla Vatikanın münasibətlərinin qaydaya salınması, birgə layihələrin həyata keçirilməsi həm də Dağlıq Qarabağ problemi ilə bir başa bağlıdır. Belə ki, bu gün Dağlıq Qarabağı işğal edən Ermənistan dünyada az qala belə rəy yaradıb ki, Ermənistan Qafqazda xristianlığın tək qalasıdır və Azərbaycan hər zaman xristian olduqları üçün onları sıradan çıxardır. Hətta bununla bağlı müxtəlif filmlər çəkilib, konfranslar keçirilib. Hətta bir neçə ilə qədər Avropada ümumilikdə belə bir fikir formalaşmışdı ki, azərbaycanlılar ermənilərlə ona görə düşməndirlər ki, onlar xristiandırlar və Azərbaycan regionda dini təmizləmə siyasəti aparır. Amma Azərbaycan son illər başladığı lobbiçilik işlərindən sonra bu mifi dağıda bildi. Heydər Əliyev Fondu isə tolerantlıq sahəsində fəaliyyətini daha da genişləndirərək dünyaya göstərdi ki, nəinki Azərbaycanda milli və dini zəmində qarşıdurmalar mövcuddur, hətta milli və dini tolerantlıq sahəsində Azərbaycanın əvəzolunmaz yanaşma tərzi var. Müşahidəçilər Mehriban Əliyevanın Roma Papası ilə görüşünü həm də bir siyasi görüş kimi xarakterizə edirlər. Belə ki, son bir neçə il ərzində Dağlıq Qarabağ gerçəklikləri açıq şəkildə gündəmə gəlir və buna uyğun olaraq nədənsə bir sıra beyin mərkəzləri ikili mövqe sərgiləməkdən əl çəkmirlər. Amma bu gün Mehriban Əliyevanın atdığı addımlar Azərbaycan həqiqətlərini həm də dünya mətbuatına çıxardır. Elə Mehriban Əliyevanın son səfəri də dünya mətbuatında, o cümlədən "Radio Vatikan" qəzetində geniş işıqlandırılıb. Məqalənin əvvəlində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iyunun 2-də Vatikanda Roma papası Frensislə görüşdüyü diqqətə çatdırılmışdır.Heydər Əliyev Fondunun dəstəyi sayəsində Vatikanda Müqəddəs Pietro və aprel ayında ictimaiyyətin üzünə açılan qədim xrtistian abidələri arasında taixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellino katakombalarının təmir edildiyi vurğulanan məqalədə hər iki müqəddəs tarixi abidənin bərpası ilə əlaqədar 2012-ci ildə Heydər Əliyev Fondu ilə Müqəddəs Arxelogiya üzrə Roma Komissiyası arasında razılıq sənədinin imzalandığı bildirilmişdir.
Fondun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıdığı qeyd olunan məqalədə fond tərəfindən Azərbaycan mədəniyyətini və qiymətli mədəni dəyərlərini bütün dünyada tanıtmaq isitqamətində həyata keçirdiyi tədbirlərdən , o cümlədən təhsil və səhiyyə sahələrindəki layihələrdən, yeni məktəblərin, uşaq bağçalarının, sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsindən ətraflı bəhs olunmuşdur.
2003-cü ildə Prezident seçilən İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, zəngin yeraltı sərvətləri neft və qaz sahələrinin istismarı sayəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi vurğulanan məqalədə əhalisi əsasən müsəlmanlardan ibarət olan Cənubi Qafqaz bölgəsinin bu ölkəsinin SSRİ-nin süqutundan sonra 1991-ci ildə müstəqillik əldə etdiyi barədə oxuculara məlumat verilmiş, Roma Papası II İohan Pavelin 2002-ci ildə Azərbaycana səfər etdiyi xatırlanmışdır.
Məqalədə Roma papasının səfəri zamanı əldə edilən razılığa əsasən yeni kilsənin tikintisinin 2008-ci ildə başa çatdırıldığı qeyd olunmuş, müxtəlif azsayılı xalqların yaşadığı Azərbaycanda iqtisadiyyatın dünyanı bürüyən maliyyə böhranına baxmayaraq ağlasığmaz templə inkişaf etdiyi bildirilmişdir.
1991-ci ildə müstəqillik əldə edən Azərbaycanın elə həmin dövrdən ərazisini digər ölkələrin hesabına genişləndirməyə çalışan Ermənistanla elan olunmamış müharibəyə başladığı, Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, eyni vaxtda ölkəmizin müxtəlif qurluşlu İran, İsrail, Rusiya və Amerika Birləşmiş Ştatları kimi dövlətlərlə sağlam əlaqələr qurduğu məqalədə yer almışdır.
Azərbaycanın Şərqlə Qərb, Asiya ilə Avropa, müsəlman və xristina dünyaları arasında körpü rolu oynadığı diqqətə çatdırılan məqalədə Vatikan kitabxanasında Qafqaza dair əlyazmaların, habelə Müqəddəs Pietro və Müqəddəs Marçellino tarixi abidələrinin bərpası ilə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlğın başlandığı bildirilmişdir.