Deputatın zavodunda pozuntular aşkarlandı

"Azərikimya"nın Etilen-polietilen zavodunda həyata keçirilən təmir zamanı nələr yaşanıb?

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda texnoloji qurğu və avadanlıqların ahəngdar işini, yüksək məhsuldarlığını, təhlükəsiz istismarını, əməyin mühafizəsi, yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bir müddət öncə başlanan təmir işləri başa çatdırılıb.

ARDNŞ-dən verilən məlumata görə, təmirdən öncə müəssisələrdə texniki-təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə İB rəhbərliyinin sərəncamı ilə hər bir istehsalata cavabdeh olan mühəndis və texniki işçi ayrılıb, təmirə cəlb olunmuş briqada üzvləri təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb, hər bir sex və istehsalatda ciddi araşdırmalar aparılıb, mümkün ola biləcək təhlükə risklərinin dərəcəsi müəyyənləşdirilib, fəaliyyət sahələri təmirə tam hazır olduqdan və bütün təhlükəsizlik tədbirləri yerinə yetirildikdən sonra işə başlamalarına icazə verilib. Həmçinin hər bir təmirçi ilə texniki-təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində fərdi, həmçinin ümumi söhbətlər aparılıb, yüksəklikdə işləyəcək fəhlələr qoruyucu kəmər və digər mühafizə vasitələri ilə təmin olunub, onların hər biri tibbi və psixoloji müayinədən keçirilmiş, qəza-xilasetmə dəstələrinin və sənaye-sanitar laboratoriyasının işi yüksək səviyyədə qurulub.
Bir ay davam edən əsaslı təmir zamanı bir sıra qayda pozuntuları qeydə alınıb ki, bu məsələ də "Azərikimya"da idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislərin və təmirə cavabdehlik daşıyan işçilərin iştirakı ilə keçirilən müşavirədə müzakirə edilib. Müşavirəni giriş sözü ilə açan "Azərikimya"nın icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov əsaslı təmir zamanı qeydə alınmış qayda pozuntularının ötən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə slaydlar vasitəsilə hesabatını təqdim edib. Qeyd olunub ki, bu ilin aprel-may aylarında həyata keçirilən əsaslı təmir zamanı ümumilikdə 153 qayda pozuntusu qeydə alınıb, yüksəklikdə iş qaydaları və qoruyucu kəmərdən düzgün istifadə etmədiklərinə görə 11, ayaqaltıdan istifadə etmədiyinə görə 1, sənədləşmə tərtib olunmadığına görə 5, siqaret çəkdiyinə görə 2, iş yerini qaydalara uyğun hazırlamadıqlarına görə 4, ətraf mühitə neqativ təsirlərə görə 3, qeyri-standart qaynaq aparatından istifadə etdiyinə görə 1, fərdi mühafizə vasitələrindən istifadə etmədiklərinə görə 3 nəfərə, ümumilikdə qayda pozuntusuna yol verən 30 işçiyə "Xəbərdarlıq talonu" təqdim edilib. Nəticədə 11 nəfərə töhmət verilib, 4 nəfərə xəbərdarlıq olunub, 7 nəfərə son xəbərdarlıq olunmaqla şiddətli töhmət verilib, 8 nəfərin isə haqqında tədbir görülməsi üçün rəhbərliyə məktub göndərilib.
Müşavirədə nöqsana yol vermiş işçilərin istehsalatdan ayrılmamaqla ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində təkrar kurslara cəlb olunması və biliklərinin yoxlanmasının həyata keçirilməsi məsələsi müzakirə edilib.
Xatırladaq ki, "Azərikimya" İstehsalat Birliyinə həm də millət vəkili olan Muxtar Babayev rəhbərlik edir. O, 2010-cu ildə bu vəzifəyə ARDNŞ-in ekoloji məsələlər üzrə vitse-prezidenti postundan gətirilib.
Günel Əkbər