"Bu günə kimi gözlədim, dözdüm, susdum..."

"Bu günə kimi gözlədim, dözdüm, susdum..."

Natavan Həbibi: "Bilsəydim ki, konsertim bəzi insanları bu qədər narahat edəcək, onu çoxdan verərdim"

Müğənni Natavan Həbibi mayın 24-də Heydər Əliyev Sarayında "Dinlə" adlı konsert proqramı ilə tamaşaçılarını sevindirəcək. Uzun müddətdir ki, sənətdə külüng vuran ifaçı cəsarətini toplayıb, ilk dəfə konsert proqramı ilə çıxış etməyi düşünsə də, ancaq ifaçının sənət "dostları" onu tənqid atəşinə tutub, ünvanına xoşagəlməz sözlər söyləyirlər. Ötən həftəsonu konserti ilə bağlı mətbuat konfransı keçirən Natavan Həbibi tədbirdən sonra bu barədə ona ünvanlandığımız sualları da cavablandırdı.
Beləliklə, uzun müddətdir ki, susan ifaçını az da olsa, danışmağa vadar etdik. Onun sözlərinə görə, ünvanına danışanların hamısının cavabını verəcək, ancaq indi yox: "Bütün bu kimi məsələlərə indi sadəcə olaraq əhəmiyyət vermirəm. Konsertimi verim, ondan sonra maraqlı açıqlamalarım olacaq".

Hər şeyi görəcəksiniz
- Natavan xanım, konsert hazırlıqları necə gedir?
- Beynimdə gözəl ssenari var. Prodüserim Roland da böyük işlər görür. Əslində konsert təşkil etmək prodüserlərin işidir, ancaq qalmaqallı, problemli konsert vermək hər insanın işi deyil. Doğurdan da bu qədər söz-söhbət, problem olan yerdə Roland bunların hamısının öhdəsindən məharətlə gəlir. İnşallah, işini axıra kimi çatdırar.
- Natavan Həbibi konsertə tam hazırdırmı?
- Düzünü desəm, mən konsert vermək üçün özümü çoxdan hazır hiss edirdim. Konsertdən 3 gün qabaq məşqlərimiz olacaq. Həmin günləri gözləyirəm ki, görüm nə baş verəcək. Konsertin çəkiliş rejissoru Ceyhundur. İndi mən bilmirəm, o məni başa düşəcək yoxsa yox (gülür). Əslində o məni başa düşməlidir. Ceyhunla əl-ələ verib işləyəcəyik. Mən fikirləşəcəyəm, o çəkəcək. İnşallah, yaxşı olacaq. İstəyirəm ki, beynimdəki ssenarini tamaşaçılara daha düzgün şəkildə çatdıra bilim. Ancaq onu deyə bilərəm ki, konsert barədə planlarım tamamilə fərqlidir. Belə ki, "Dinlə" adlı solo konsertim burada keçirilən bütün konsert proqramları kimi standart olmayacaq. Həmin gün hər zaman gördüyünüz, öyrəşdiyiniz ssenari ilə qarşılaşmayacqsınız. Siz bu konsertdə hər şeyin fərqli olduğunun şahidi olacaqsınız. İnanıram ki, hər şey xoşunuza gələcək. Sizin vasitənizlə onu demək istəyirəm ki, bu söz-söhbət zamanı mənə dəstək olanlara, məni anlayanlara təşəkkürlərimi bildirirəm. Yaxın rəfiqəm olan Oksana orada baş rollardan birini oynayacaq. Oksanasız mənim bir günüm olmasın. Onu da qeyd edim ki, konsertdə də Oksana Natəvan üçün xüsusi bir nömrə hazırlayır. Çox gözəl bir nömrə olacaq. Konsertdə onun təqdimatı da xüsusi olacaq. Tez-tez məndən soruşurlar ki, bu konsertdə kimlər sənin yanında oldu? Mənim də cavabım o olur ki, kimlər olmadı. Yanımda olmayan insanların sayı çox azdır, haradasa 3-5 nəfərdir. Ancaq bütün sənət yoldaşlarım – Xatirə, Oksana, Elnur, Sərxan, Röya və digr dostlarımın hamısı mənimlə bir yerdədirlər, mənə dəstək olurlar.

Hər şey onların
əleyhinə işlədi
- Ötən gün sosial şəbəkələrdə sənət "dostlarınız" haqqınızda xoşagəlməz sözlər işlətdi.
- Ancaq ötən gün?
- Konsert xəbəri çıxandan bəri demək olar ki, hər gün bu kimi xəbərlər eşidirik.
- Bəli. Əslində yayılan söz-söhbətlər bunun üçündür. Haqqımda yayılan iyrənc sözlər konsertimizə qarşı çox gözəl bir aksiya idi. Bilsəydim ki, bizim konsertimiz insanları bu qədər narahat edəcək, bu konserti çoxdan verərdim. Mən də gedib boş yerə mahnılar yazdırıram, yeniliklər edirəm. İşin bu həddə çatacağını bilmirdim. Əslində onlar istədilər ki, konsertimə mane olsunlar, ancaq nə xoş bizə ki, hər şey onların əleyhinə işlədi. Tamaşaçılar tərəfindən gözəl reaksiya gördük. Çox güclü şəkildə reklam olunduq, həmin insanlar çox sağ olsunlar. Həqiqətən səmimi deyirəm, onlara böyük təşəkkür düşür. Çünki onlar istəmədən bizim konserti gözəl şəkildə PR etdilər. Biz isə ondan istifadə etdik.
- Hər halda, Sizin mövqeyinizi öyrənmək istəyirik. Orada Aygün Kazımovanın, Zöhrab Ağayevin adları hallanır.
- Mən onların hamısına cansağlığı arzulayıram. Bununla bərabər, onlara səbr diləyirəm. Onlar bundan sonra hələ çox statuslar yazmalı və mənim barəmdə danışmalı olacaqlar. Bu mövzu əslində konsertdən sonra müzakirə olunacaq. Belə ki, konsertimdən sonra bu işlərlə məşğul olacam. Sizə onu deyə bilərəm ki, həmin gün çox gözəl açıqlamalar verəcəm. Mənim yerimdə kim olsaydı, bu söhbətlərə çoxdan reaksiya verərdi. Əgər indiyə qədər onlara cavab verməmişəmsə, bu o deməkdir ki, səbirli insanam. Çoxları mənə deyir ki, Natavan səbirsizdir. Ancaq gördüyünüz kimi, mən çox səbirli və sakit insanam. Bu günə kimi gözlədim, dözdüm, susdum... Görəndə ki, bu söhbət çox ciddi bir məsələyə çevrilib, özüm əsəbiləşmədən, əhvalımı pozmadan Azərbaycanın qanunlarına uyğun olaraq hərəkət etdim. Bu söhbətdə mən tərəfdən heç bir addım olmayacaq. Qayda var, qanun var. Kimsə ünvanıma söz danışıbsa, əvvəl-axır onun cavabını verəcək. Təbii ki, qanun çərçivəsində. Kimsə mənim haqqımda danışacaq, mən də onların günahından keçəcəm? Elə şey yoxdur. Burada mənim ailəmin söhbəti gedir. Bütün bunlar mənim ünvanına söylənilən iyrənc söz-söhbətlərdir. Ona görə də mən fikirləşmirəm ki, bu söhbət yalnız pulla həll olunacaq. Mənim prinsiplərim tamamilə başqadır. Bir az səbirli olsanız, hər şeyi görəcəksiniz.

65 manat çox bahadır
- Zöhrab Ağayevin hərəkətlərinə münasibətiniz necədir? Axı o, sizin yaxın dostunuz olub və bu gün sizin yanınızda deyil, qarşınızda dayanan insanlar sırasındadır.
- Mən nə üçün onun haqqında düşünməliyəm? Mənim bir neçə gündən sonra ilk konsertim olacaq. Bu sizə adi gələ bilər. Ancaq mənim üçün çox həyəcanlı və məsuliyyətli bir gündür. Mən indi heç kimin haqqında və ya barəsində düşünə, onların ünvanına hansısa sözü deyə bilmərəm. Çünki mənim konsertimdə peşəkar insanlar, tanınmış müğənnilər olacaq. Bu kimi mühüm məsələlər dura-dura, onlar haqqında düşünmək belə istəmirəm. Hazırda səhnə performansım barədə düşünürəm. Mənə lazım olmayan mövzu barədə düşünüb və ya fikir söyləyib yanlış sözlər deyə bilərəm. İndi başım gərgin iş prosesinə qarışıb. Konsertimdə böyük bir heyət çalışır. Mənim çox ciddi və böyük tələblərim var. Gərginlik ancaq iş barəsində ola bilər. Digər səbəblər bura daxil olarsa, artıq bizim işimiz alınmayacaq.
- Yəni düşünürsünüz ki, bu antireklam sizin konsertinizə marağı daha da artırır?
- Əslində bu, mənim xeyrimə oldu. Çünki xəbəri olmayan insanların da bu qalmaqaldan sonra konsertdən xəbəri oldu. Biz də bir çox insanların sosial şəbəkədəki rəylərini görüb, daha da ürəklə çalışırıq. İnsanlar haqqımızda xoş sözlər işlədirlər. İnsanların rəylərinə arxalanıb deyə bilərəm ki, onlar bizim konsertdən çox şey gözləyirlər. Artıq hər kəs başa düşüb ki, söhbət nədən gedir. Hamı bilir ki, bu işin sonu necə olacaq. Məncə, əlavə şərhə ehtiyac yoxdur.
- Bu söz-söhbətlər biletlərin satılmasında rol oynayıbmı? Bizə maraqlıdır, kassada bilet qalıbmı?
- Kassada ucuzlu - 30-32 manatlıq biletlər qalıb. Bahalı biletlərin hamısı satılıb. Biletlərin qiyməti 22 manatdan 65 manata qədərdir. Biletlərin belə ucuz olmasına səbəb isə konsertimizdə hər kəsin iştirak edə bilməsini istəməyimizdir. Sosial şəbəkələrdə insanlarla ünsiyyət qururuq, danışırıq. İnsanlar söyləyirlər ki, 65 manat çox bahadır. 65 manat ayda 150-180 manat maaş alan insan üçün böyük puldur. O, 65 manata Natəvanın konsertinə bilet almayıb, gedib uşaqlarına yemək və ya paltar alar. Reallıq budur. Mən bu reallığı düşünüb qiymətləri belə münasib etdim. İstəmirəm yuxarıdan gedim, deyim ki, mənim konsertimin biletləri 150 manatlıqdır. Xeyr, bunun öz vaxtı, zamanı var. İndi real, insanlığa yaxın olan fikirlər düşünürük. Hərəkət etməmişdən əvvəl bütün vətəndaşlarımızı gözə alırıq. Biz insanları anlayıb hər hansı bir addım atmalıyıq ki, səhv başa düşməsinlər.