"Ermənistan müxtəlif bəhanələrlə  AŞPA-nın Azərbaycanda keçiriləcək Daimi Komitəsinin iclasına qatılmaq istəmir"
"Ermənistan müxtəlif bəhanələrlə
AŞPA-nın Azərbaycanda keçiriləcək Daimi Komitəsinin iclasına qatılmaq istəmir"

"Ermənistan tərəfinin bəhanələrinin kökündə İrəvanın Avropa təşkilatlarından maksimum şəkildə qaçması dayanır".
"Ermənistan nümayəndə heyəti müxtəlif bəhanələrlə Avropa Şurası Parlament Assambleyasının Bakıda keçiriləcək Daimi Komitəsinin iclasına qatılmaq istəmir".
Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov deyib.
Tədbirin keçirilməsində Azərbaycanın təşkilatçı yox, iclasın keçirildiyi növbəti üzv ölkə olduğunu xatırladan S. Seyidov bildirib ki, AŞPA-nın tədbiri olduğu üçün burada bütün üzv ölkələrin iştirakı şərtdir: "Daimi Komitəyə bütün üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri daxildir. Onlar Daimi Komitənin müxtəlif ölkələrdə keçirilən iclaslarında iştirak edirlər. Kimsə gəlmək istəmirsə, Azərbaycana hansısa irad tuta bilməz. İrad tuturlarsa, deməli hiyləgər, niyyəti düzgün olmayan, reallıqdan uzaq məqsədlər güdürlər. Necə ki, indi bunu Ermənistan edir. Gəlmək, heç bir danışıqda iştirak etmək istəmirlər, konstruktivlikdən uzaqdırlar. Biz ermənilər tərəfdən bu addımı yalnız AŞPA çərçivəsində yox, müxtəlif səviyyələrdə, məsələn elə sonuncu dəfə ATƏT Minsk qrupunun amerikalı həmsədrinin bəyanatlarına münasibətdə də gördük".
S.Seyidov qeyd edib ki, Ermənistan tərəfinin bu bəhanələrinin kökündə İrəvanın Avropa təşkilatlarından maksimum şəkildə qaçması dayanır: "Buna görə də onlar istər AŞPA, istər ATƏT, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə iştirakdan qaçırlar, bizimlə üz-üzə gəlməkdən də çəkinirlər. Çünki onların mövqeyi beynəlxalq qanunlara uyğun gəlməyən, Avropa dəyərlərini inkar edən mövqedir".
S.Seyidov onu da qeyd edib ki, Ermənistan nümayəndə heyətinin Bakıya gəlməməsinin səbəbini təşkilatçı kimi rəsmi olaraq AŞPA açıqlamalıdır.