Polietnik Zaqatala-Baləkən bölgəsinin saxurları
Polietnik Zaqatala-Baləkən bölgəsinin saxurları

Davud Cəlalov: "Biz saxurlar bu ölkədə özümüzə fərqli münasibəti ancaq müsbət mənada hiss edirik"

Zaqatalanın rəngarəng etnik tərkibinin uzun əsrlər boyu baş verən tarixi hadisələrin təsiri ilə formalaşdığı hamıya bəllidir. Hazırda bu bölgədə bir çox millətlər yaşayır. Burada azərilər, əksəriyyət təşkil edirlər. Rayonda avarlar, ləzgilər, saxurlar, ingiloylar və başqa millətlərin nümayəndələri yaşayırlar.
Avarlar əsasən Zaqatalada və Balakən rayonlarında ingiloylar və saxurlar Qax, Zaqatala və qismən də Balakəndə yaşayırlar. Bu dəfəki həmsöhbətimiz elə Zaqatalanın özündə yaşayan etnik xalqın nümayəndəsi, Zaqatala Mərkəzi Kitabxanalar Sisteminin (MKS) 38 sayli filialinin, Mamrux kənd kitabxanasının mudiri Cəlal Davudludur. C. Davudlu saxur xalqının nümayəndəsidir. C. Davudlu "Unikal"ın əməkdaşı ilə söhbətində elə Zaqatala bölgəsində yaşayan saxur xalqı, onlara münasibətdən danışıb.
C. Davudlu deyir ki, tarixən Azərbaycanın əsas gücü və sərvəti müxtəlif etnoslardan ibarət olan əhalisi olub: "Bu torpağın əksəriyyətini təşkil edən Azərbaycan türklərinin tolerantlığı müxtəlif etnosların nümayəndələrini vahid bir xalq kimi yaşamalarına münasib şərait yaradıb. Azərbaycanı özlərinə vətən hesab edən avarlar, saxurlar, ingiloylar, udinlər, talışlar, xınalıqlılar kimi etnik qruplar əsrlər boyu Azərbaycan türkləri ilə bərabər yaşayaraq zaman keçdikcə bir-birilə qaynayıb qarışıblar. Bu etnosların hər biri Azərbaycan türkləri ilə ümumi, vahid mənəvi dəyərlərə sahib olmaqla yanaşi öz etnik spesifikliyini də müəyyən dərəcədə qoruyub saxlayaraq bütövlükdə Azərbaycanın mənəvi mədəniyyətinə özünəməxsus rəng qatıblar. Xüsusilə də, Zaqatala-Balakən bölgəsi polietnikliyi ilə seçilən bölgədir. Mən deyərdim ki, xalq anlayışı millət anlayışına nisbətən daha genişdir. O, özündə bir çox millət və etnik qrupların birliyini əks etdirir. Tarixən Azərbaycanın əsas gücü və sərvəti müxtəlif etnoslardan ibarət olan onun əhalisi olub. Onun əksəriyyətini təşkil edən Azərbaycan türklərinin tolerantlığı müxtəlif etnosların nümayəndələrini vahid bir xalq kimi yaşamalarına münasib şərait yaradıb. Xalqların məişət və mədəniyyətində qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə prosesləri bir sıra amillərdən təbii-coğrafi, etnik, etnokonfessional şərait, habelə etnoslararası əlaqələrin xarakterindən asılıdır. Şimal-Qərb bölgəsinin əvəzsiz füsunkar təbiəti, ən başlıcası isə saf, məğrur insanları bizim milli sərvətimizdir. Əsrlər boyu azərilərlə nəhəng və mehriban bir ailədə avarlar, saxurlar, ingiloylar, udinlər, gürcülər, ruslar və başqa xalqların nümayəndələri bərabər hüquqlu Azərbaycan vətəndaşı kimi qardaşcasına yaşayaraq, eyni taleyi, eyni sevinci və eyni kədəri paylaşıblar . Bölgədə yaşayan xalqların yaradıcılığına diqqət edəndə, görürük ki, onların çoxu həm milli dillərində, həm də Azərbaycan Respublikasının dövlət dilində azərbaycanca yazıb-yaradırlar. Hətta elə xalqların ədəbiyyatı var ki, orada aparıcı ədəbi dil azərbaycancadır. Bu da onu bir daha sübut edir ki, doğrudan da Azərbaycan Respublikası müxtəlif millətlərin, mədəniyyətlərin, hətta dinlərin və dillərin yanaşı mövcüd olduğu sivil ölkədir.. Xalqlarımızın birliyini, dostluğunu təmin edən amillərdən biri də odur ki adət-ənənələrimiz, mənəvi dəyərlərimiz bir-birinə bənzərdir. Biz bir dinə mənsubuq. İslam dininin yaratdığı mənəvi dəyərlər bizim xalqlarımızı əsrlər boyu birləşdiribdir. Bu gün də bu vasitə dostluğumuzun, qardaşlığımızın inkişafına kömək edir və bundan sonra da kömək edəcəkdir".
Həmsöhbətimiz bildirir ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə dil sahəsində əldə olunmuş ən mühüm nailiyyətlərdən biri də azsaylı xalqların dillərinin funksional inkişafının təmin olunması sahəsində atılmış addımlardır: "Onların sovet dövründə ictimai sahələrdə işlədilməsinə qoyulmuş qadağalar aradan qaldırılaraq, bu dillərdə ilk mətbu orqanları işıq üzü görüb, ibtidai məktəblərdə tədrisinin əsası qoyulub".
Təmsil etdiyi xalqdan danışan həmsöhbətimizin sözlərinə görə, saxurları çox vaxt ilkin əzəli torpaqları olan Saxur kəndi ilə də bağlayırlar: " Bu millətin sayı barədə xeyli rəngarənglik mövcuddur. Saxurlar öz aralarında "Yıkbı" adlanırlar. Bir birilərinə "yıkıy" deyirlər. Bəzən onlara ləzgi də deyirlər. Zaqatalada isə zarafatla "deşlər" deyirlər. "Deş" saxur dilindən azərbaycan dilinə tərcümədə yox deməkdir. Tarixi qaynaqlar isə saxurların "Ciqb"lərin xələfləri olduğunu qeyd edir. Saxurlar saxur dilində danışırlar. Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar Azərbaycanın 3 rayonunda Qax, Zaqatala, Balakən rayonlarında yaşayırlar . "Yix"lərin sorağı ilkin orta əsrlərdən gəlir. Qafqaz Albaniyasının 26 tayfasından biri olub. Alban tayfalarının tərkibi barədə ilk məlumat verən Strabondan tutmuş müasir tədqiqatçılara kimi hamı bu fikirdədir. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" kitabının müəllifi, professor Qəmərşah Cavadovun konkret misallar əsasında yazdığı kimi "Saxurların Qafqazın qədim xalqlarından olmasını qədim gürcü və erməni mənbələri də təsdiq edir". Ona görə də ilkin mənbələrə məhz bu cığırlarla enmək, etnosun adını, soy adını bu çıraqla aramaq lazımdır".
C. Davudlunun sözlərinə görə, saxurların baş kəndi Dağıstanda Saxur, Azərbaycanda isə Suvagil kəndi sayılır. Bu qədim etnik qrupun sorağı əsrlərin dərinliklərindən gəlir: "Saxurlar bu gün də Azərbaycanda özlərini yad saymırlar. Deyərdim ki, həyatın hər dönəmində saxurlar Azərbaycan xalqı ilə əlbir, din bir olublar. Bu müdrik azəri xalqının alicənab ruhundan irəli gəlir. Onlar tarixən şimal-qərb bölgəsində Azərbaycanın ulu torpaqlarını gürcü feodallarından və qeyrilərindən mərdliklə mühafizə ediblər. Elə bu rəşadətin simvolu olaraq Səfəvi hakimi Şah Təhmasib 1562 - ci il tarixli fərmanı ilə saxurlu Adı Gürkulu bəyi Saxura hakim təyin edir. Həmin vaxtdan Saxur - İlisu sultanlığının əsası qoyulur. Şah Təhmasibin fərmanında gürcü çarlığının vəzifə sahiblərindən, eləcə də gürcü hökmdarı Ləvənd xandan qətiyyətlə tələb olunurdu ki, saxurların ixtiyarındakı torpaqlara toxunulmasın, həmin mülkün sahibinin şikayətçi olmasından, narazı qalmasından çəkinsinlər. Saxurlar əsasən dağətəyi-düzən qurşaqda, çayların gətirmə konuslarında məskunlaşıb. Bu gün saxur əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Onların Azərbaycanda sayları təxminən 30 min nəfərdir".
C. Davudlunun deməsinə görə, saxurlar digər xalqlarla da çox qaynayıb – qarışıblar: "Saxurların digər millətlərlə bir yerdə yaşadıqları kəndlərə misal olaraq Qaxın Güllük, Zaqatalanın Aşağı-Çardaxlar, avarlarla birgə, Cim-cimax azərilərla birgə Danaçı, Çobankol, Qımır, Bazar kəndlərini göstərmək olar. İllər boyu azərilərla qaynayıb qarışan saxurlar bu dili özlərinə doğma hesab edir, ictimai-siyasi həyatda bu dilə üstünlük verirlər. Saxurlar İslama sadiq və dini dəyərlərə sevgisi olan bir xalqdır. İslam elmləri sahəsində xeyli saxur alimləri yetişib".
Həmsöhbətimiz bölgə xalqlarının özlərinə məxsus adlarının olduğunu da deyir: "Hər bir xalqın ad qoyma zamanı müraciət etdiyi sahələr müxtəlifdir. Saxurlar adları qoyarkən əsasən nəsil şəcərəsinə üstünlük verirlər. Bu da yenə kənddən-kəndə dəyişir. Saxurların yaşadıqları Mamrux, Sabunçu, Ələsgər kəndlərində bu ad qoyma növü olsa da Suvagil və Gözbarax kəndlərində başqa cürdür. Suvagil saxurları daha çox müasir adların qoyulmasına üstünlük verirlər. Suvagil kəndində qızlara Roza, Valentina, Larisa, Emilya, Mariana, Mariya kimi rus adları qoyulur. Oğlanlara isə Andrey, Roman, Mamed kimi əcnəbi adları da qoyulur. Suvagil bölgənin ən müasir kəndlərindən biridir. Bu kənddə din çox zəifdir. Qanuna hörmət edən və düzgünlüyü sevən bir kənd kimi bölgədə ad çıxardıb. Suvagildə qeyri müsəlman adlarından başqa müsəlman adları da qoyulur. İbrahim, Ramazan, Məhəmməd, Dibir, adları da qoyulur. Saxurlarda Dibir adı çox qoyulur. Kənd imamına dibir də deyirlər. Mamrux kəndində insanların hər zaman üz tutduqları bir ziyarət "Dibir Məmməd baba" ziyarətgahı adlanır. Suvagildə Qızxanım, Narxanım, Quleysa, Firana, Filman, Əlvan, Seyran, Balvan kimi adlar da qoyulur. Saxurlar nəsi adlarına çox müraciət edirlər. Suvagildə atasının babasının, dayısının və yaxud digər qohumunun adı qoyulmayıbsa həmin ad qoyulur. Saxur adlarından elələri vardır ki, onların mənaları hələ də açıqlanmır. Məsələn saxurlarda olan Neneç adının heç bir mənası yoxdur. Həm saxurlarda həm də avarlarda rast gəlinən Zetov adı da bu qəbildəndir. Bundan başqa avar və saxur adlarında xüsusən də qız adlarında sonunda "at" və "ət" şəkilçisi əlavə olunan Azərbaycan və ərəb adlarına təsadüf edilir. Məsələn: Carıyat, Cavharat, Şümeysat, Taybat, Xatimat, Huruney, Ayşat, Havvaminə, Patimat, Zahidat , Hamzat, Meysarat, Ruqiyyat kimi adlar. Bəzi kişi adları da vardır ki, onların mənası o qədər anlaşılmır. Məsələn: Tinov, Asvar, Cücüy, Xiniy, Hudul, Mazan, Muhuma və s. Zaqatalanın Muxax kəndində hər 5-6 evdən birində Məhəmməd adı vardır. Bu da camaatın hz. Peyğəmbərə olan sevgisini ifadə edir. Məhəmməd adının bir neçə forması vardır ki, bölgədə eləcə də digər yerlərdə müraciət olunur. Məhəmməd bəzən Mamed, Maqa, Mahan, Muhuma kimi də tələffüz olunur. Əslində Məmməd adının kökü də Məhəmməd sayılır. Məhəmməd adının qabağına və arxasına Nur, Şıx, Qurban, Pir, Gül, Əli, Zakir, Şakir, Əmin kimi sözlər əlavə olunaraq yeni adlar yaradılır. Məhəmməd adına olan hörmətdən dolayı bəzən bu adı daşıyanlara ağır söz demirlər, onun adının qabağına ləqəb qoşmurlar, bu adı daşıyan adamların spirtli içki içməsi yaxşı qarşılanmır. Bölgədəki şeyxlərin, din adamlarının əksəriyyətinin adlarına nəzər saldıqda bir tərəfində Məhəmməd adını görə bilirik. Məsələn Məhəmmədrəsul, Məhəmməd - Zakir, Məhəmməd - Şakir, Hur - Məhəmməd,. Məhəmməd adından başqa Muxaxda daha çox rast gəlinən adlardan misal olaraq Havva, Aşurey, Cuma, Muminat, Xaccey, Eyşey, Fatimə, Sofu, Hacı, İsa, Pirdovus, Məryəm kimi dini adları göstərmək olar".
Həmsöhbətim deyir ki, bu gün digər etnoslara olduğu kimi, saxurlara da Azərbaycanda heç bir təyziq göstərilmir. Onun sözlərinə görə, Azərbaycan tolerantlıq ənənələrinə görə, dünyada məhz azsaylı xallara münasibəti ilə seçilir: "Bir gün yolunuz Zaqataladan düşsə özünüz gəlib saxurlara bu sualı versəniz bu xalqın 30 min nümayəndəsinin hamısı biz Azərbaycanı, azərbaycanlıları sevirik deyəcəklər. Çünki biz saxurlar bu ölkədə özümüzə fərqli münasibəti ancaq müsbət mənada hiss edirik. Diqqət, qayğı, hörmət mənasında"