Mehriban Əliyeva nümunəsi
Mehriban Əliyeva nümunəsi

Azərbaycanda millətlərarası münasibətlərin inkişafı ən yüksək səviyyədədir

Bu gün millətlərarası münasibətlərin inkişafı ilə yanaşı, bu proseslərə əngəl törədən, süni gərginliklər yaradan məqamlarında olması sirr deyil. Adicə yaşadığımız regionda bir-birinə qonşu olan xalqların arasında belə yaşanan bəzi neqativ hallar bunun bariz nümunəsidir. Məsələn, Azərbaycan bütün gücü ilə dünyaya milli-dini tolerantlığın Azərbaycan nümunəsini təqdim etməyə çalışdığı bir məqamda Ermənistanda bunun tam əksini görür, hətta dövlət səviyyəsində erməni toplumunun ətraf xalqlara nifrətlə yanaşması təbliğ edilir.
Elə bunu erməni hüquq müdafiəçilərinin dilindən də eşitmək olar. Belə ki, Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Ermənistanda azərbaycanlılara qarşı aparılan nifrət təbliğatı barədə açıqlama verib:- "Azadlıq uğrunda mübarizə aparanların çoxu heç Serj Sərkisyandan fərqlənmir. Onlar Avropa paytaxtlarında beşulduz otellərdə treninqlər keçirirlər, sərhəddə isə insanlar müdafiəsizdir. Mən hesab edirəm ki, bədbəxt insanların sayəsində yüksək qonorarlar alıb bahalı otelləri dolaşanlar ölənlərin ruhunu təhqir edir. Bunu dinc şəraitdə müharibənin davamı kimi görürəm.Deyirlər ki, sülhyaratma təhlükə altındadır. Onu nə təhdid edir? Bəyəm İrəvan küçələrində Azərbaycan dilində kitabları satanı həbs edəndə o, təhdid altında deyildi? Axı o neyləmişdi? Çörək pulu qazanırdı, təbliğ etmirdi ki... Satırdı. Bəyəm bu, dialoqa mane olmur?". Georgi Vanyan daha sonra Ermənistan televiziyalarında aparılan nifrət təbliğatı haqda danışıb. Deyib ki, 4 yaşlı erməni uşağını televiziyalara çıxarıb ondan böyüyəndə neçə türk öldürəcəyini soruşurlar: "Budur, reportaja baxıram. Uşaqdan soruşurlar ki, neçə yaşın var, cavab verir 4. Soruşurlar ki, böyüyəndə nə olacaqsan. Deyir sərhədçi. Nəyə görə? Uşaq çaşıb deyir ki, türkləri qorumaq üçün. Aparıcı dərhal müdaxilə edir: "Kimi, kimi? Yox, yox, erməniləri qorumaq, türkləri öldürmək üçün". Ardınca soruşur: "Balaca, böyüyəndə neçə türk öldürəcəksən?" Uşaq deyir 6. "Yox, sən daha çox türk öldürməlisən, 6 azdır". Uşaq da deyir hə, öldürəcəm...
Bəs bu, dialoqa mane olmur? Siz bu 4 yaşlı uşağın gələcəyini düşünün. Dəyərlər sistemi olmayacaq. Onun dəyərlər sistemi türkləri öldürməklə məhdudlaşır, onun üçün dəyər ancaq öldürməkdir. Əgər biz hüquqi dövlətdə yaşasaydıq, o jurnalisti çoxdan həbs etmişdilər. Çünki açıq-aşkar terrorçuluqla məşğul olur, o, uşağın qəlbini terror edir, efir vasitəsilə terror yayır". Çox qəribədir ki, hətta Ermənistanda dövlət səviyyəsində belə dərslik kitablarında başqa xalqlara qarşı kin-küdrət açıqlanır, amma erməni lobbisinin təsirində olan bəzi beynəlxalq qurumlar yenədə hədəf olaraq Azərbaycanı seçirlər. Amma bu dəfə belə təşkilatlara etiraz daha maraqlı oldu. "Mən Azərbaycanda nəinki 37 faiz, heç 10 faiz də antisemitizm görməmişəm. Bu təşkilatlar necə istəyir yazır. Biz bunların necə işlədiklərini, kimlər üçün işlədiklərini xaricdə də görmüşük. Azərbaycanda təkcə müstəqillik əldə etdikdən sonra yox, sovetlər dönəmində antisemitimz hərəkətləri olmayıb. Bunlar istədikləri rəqəmləri yazırlar. Bu ölkələrə təsir etmək siyasətidir".
Bunu Milli Məclisin deputatı Yevda Avramov Anti-Defamasiya Liqasının (Anti-Defamation League - ADL) dünyada antisemitizm və ya yəhudilərə qarşı yönəlmiş münasibəti araşdıran rəy sorğusuna münasibət bildirərkən deyib.
Həmin sorğuda göstərilir ki, Azərbaycan üçün antisemitizmin faizi 37 olub. Bu, Gürcüstanda olduğundan (32%) çox, Ermənistanda olduğundan (58%) azdır.Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxilov da Azərbaycanda antisemitizmlə qarşılaşmadıqlarını bildirir:-
"Düzdür o, Allahsız Sovet İttifaqında belə şeylər olub. Ancaq Azərbaycanda heç vaxt belə şey olmayıb. Biz belə şeyləri araşdırırıq, heç vaxt görməmişik də, eşitməmişik də. Azərbaycanda yüksək tolerantlıq var, antisemitizm yoxdur. Burda heç vaxt antisemitizm olmayıb. Azərbaycan xalqının xarakteri belədir, tolerant xalqdır. Qonşuya dost, yaxın adam kimi yanaşırlar. 37 faiz, bilmirəm nə qədər deyənlər bunu necə müəyyənləşdirib? Bu, doğru deyil. Mənim iki qohumumun həyat yoldaşı azərbaycanlıdır. Burda antisemitizm ola bilərmi? Allah eləsin ki, belə də davam eləsin".
Rəsmi statistikaya görə, Azərbaycanda 20 mindən çox yəhudi yaşayır. Ölkə üzrə 5 sinaqoq fəaliyyət göstərir. Yəhudilərin sıx yaşadığı Qubada iudaizmi öyrədən məktəb, Bakıda yəhudi məktəbi, uşaq bağçası, Bakı Dövlət Universitetində ivrit dili fakültəsi fəaliyyət göstərir.Amma Azərbaycana qarşı yönəli belə informasiya savaşları öncələr hansısa formada mənfi təsirini göstərirdisə,indi bu günü-gündən çətinləşir. Ən azından ona görə ki, bu gün tək dövlət səviyyəsində yox, həmçinin vətəndaş cəmiyyətləri səviyyəsində də Azərbaycandakı tolerantlıq, millətlərarası münasibətlərin inkişafına müsbət təsir edən faktorlar təbliğ edilir. Bu sahədə daha effektli fəaliyyət isə sözsüz ki, Heydər Əliyev Fonduna məxsusdur. Elə buna görə də Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan olunub.Bununla bağlı açıqlama verən PA-in şöbə müdiri Əli Həsənov bildirib ki, son 10 ildə Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilərək bütün dünyaya öz tolerantlıq, humanizm nümunəsini təqdim edir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhəri bu gün Avrasiya məkanında beynəlxalq humanitar mərkəz statusu qazanmışdır. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi ən nadir tolerantlıq məkanı kimi bütün dünyada tanınır və qəbul edilir. Təbii ki, Azərbaycanın bu identikliyini şərtləndirən ən başlıca amil ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının bütün Azərbaycan vətəndaşlarının düşüncəsinə hakim kəsilməsi və milli vətəndaş birliyini möhkəmləndirməsidir. Bu sahədə Heydər Əliyev Fondunun və onun rəhbəri, Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub-saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə, həm Azərbaycan cəmiyyətində, həm də dünyada böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondu öz humanitar missiyası ilə milli və qlobal müstəvidə olduqca vacib məsələlərin həllinə özünəməxsus yenilik gətirdi ki, bu da əlbəttə növbəti Azərbaycan nümunəsi kimi səciyyələndirilməlidir. Buna görə də "The Buisness Year" şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüb". Bununla bağlı Mehriban xanış Əliyeva açıqlama verərək bunları bildirib:-"Müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasında yaxından iştirak edir. Fondun
müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olmuşdur. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulmuşdur". Beləliklə 10 illik bir fəaliyyətə uyğun olaraq Azərbaycandakı tolerantlığa, Heydər Əliyev Fonduna və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya layiq olduğu qiyməti elə dünyanın özü verdi.